Məhkəmə qərarları › İş №e-2(5-93)-374/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-374/2026

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-374/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair idda ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı QSC Cavabdeh qarşı kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə BRY000090 saylı xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4200 AZN borcun, 630 AZN cərimə borcunun, 69 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: Maddə 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzlidir; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir.

5. İddia ərizəsindən və ona əlavə edilmiş materiallardan görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi ilə müraciət olunmasına baxmayaraq nisyə alqı-satqı müqaviləsinin tərəfləri başqa şəxslərdir və satıcı tərəfindən tələb hüququnun güzəşt edilməsinə dair müqavilə əlavə edilməmişdir, buna görə də iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə görə mümkün olmamışdır.

6. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması yalnız o halda mümkündür ki, iddia tələbi konkret, müəyyən və mübahisəsiz xarakter daşısın, habelə tələbi təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə edilmiş olsun. Sadələşdirilmiş icraatın məqsədi sübut araşdırılması tələb etməyən, hüquqi və faktiki hallar baxımından aydın olan işlərə daha qısa müddətdə baxılmasını təmin etməkdir. Bu icraat növü tərəflər arasında faktiki münasibətlərin geniş şəkildə araşdırılmasını, şahid ifadələrinin, ekspertiza rəyinin və digər əlavə sübutların toplanmasını nəzərdə tutmur.

7. Hazırkı halda nisyə alqı-satqı müqaviləsinin 2.1.3-cü maddəsinə uyğun olaraq İddiaçı QSC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilməsi qeyd olunsa da bununla bağlı tələbin güzəştinə dair yazılı müqavilə iş materiallarına əlavə edilməmişdir, bu isə mübahisənin sadələşdirilmiş icraat çərçivəsində həllinə imkan vermir.

8. Odur ki, iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün müəyyən edilmiş prosessual şərtlərə cavab vermir və bu səbəbdən iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı QSC-yə izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar