Məhkəmə qərarları › İş №e-2(5-93)-442/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-442/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-442/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə alqı satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən paltaryuyan Beko, imei kod **********80189 samsung galaxy s25 ultra almış və nəticədə 3619.35(üç min altı yüz on doqquz,35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 812.04(səkkiz yüz on iki,4 qəpik) manat (12 ay x 67.67 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Beko üçün ümumilikdə, 842.09(səkkiz yüz qırx iki, 9 qəpik) manat olmaqla ondan, 744.08(yeddi yüz qırx dörd,8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 74.41(yetmiş dörd,41 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2967 (iki min doqquz yüz altmış yeddi) manat (12 ay x 247.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80189 samsung galaxy s25 ultraüçün ümumilikdə, 2777.26 (iki min yeddi yüz yetmiş yeddi, 26 qəpik) manat olmaqla ondan, 2524.78 (iki min beş yüz iyirmi dörd,78 qəpik) manat ödənilməmiş hissə, 252.48(iki yüz əlli iki, qırx səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 510.18 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehə məxsus ünvana iddia ərizəsinin surəti və bildiriş göndərilmiş, cavadehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, X3 2967(iki min doqquz yüz altmış yeddi) manat (12 ay x 247.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80189 SAMSUNG GALAXY S25 ULTRA satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ay 247.25 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, X3 812.04(səkkiz yüz on iki,4 qəpik) manat (12 ay x 67.67 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan beko və ariel is whıte rose 450 gr (22) satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ay 67.67 manat ödəməlidir. Eyni tarixli alqı-satqı müqavilələrinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən cavabdeh X3 imei kod **********80189 samsung galaxy s25 ultra, paltaryuyan Beko, ariel is white rose 450 GR (22) qüsursuz halda təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli İnnovativ Layihələr Mərkəzinə telefonun açılıb-bağlanma xidmətinə görə, İmei kod **********80189 Samsung Galaxy S25 Ultra telefon üçün 23.60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. xx.xx.2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, 3268.86 manat ödənilməmiş hissə, 326.89 manat cərimə, ümumilikdə 3619.35 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh X2 mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı əsas borcun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 744.08 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2524.78 manat əsas borc və 23, 6 manat alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə münasibətdə isə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 37 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 126 manat məbləğində, ümumilikdə 163 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 56.2 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissədə cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2025-ci il tarixli müqavilə üzrə 744.08 manat əsas borc, cərimə 37 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2524.78 manat məbləğində əsas borcun, 126 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3431.86 manat borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 54.31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qalan hissədə (cərimə məbləğinə münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar