Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-161/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 707,86 manat ödənilməmiş hissə, 70,79 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 57,32 manat ödənilməmiş hissə, 5,73 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 127,32 manat ödənilməmiş hissə, 12,73 manat dəbbə pulu, xx.xx.2025-ci tarixli müqaviləyə əsasən 4175,68 manat ödənilməmiş hissə, 417,57 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1758,73 manat ödənilməmiş hissə, 175,87 manat dəbbə pulu, ümumilikdə 7509,60 manat borc və 95,10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X2 arasında ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 141,7 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1700,4 manat təşkil edən “İpad Air 11” markalı planşetin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X2 arasında 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 126,61 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 2279,04 manat təşkil edən “Playstation 5” markalı oyun konsolunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X2 arasında 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 279 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 5022 manat təşkil edən “Playstation 5” markalı oyun konsolu pultunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X2 arasında 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 5,76 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 63,05 manat təşkil edən “Tefal” markalı tərəzinin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X2 arasında 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 12,83 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 153,96 manat təşkil edən “Playstation 5” markalı oyun konsolu pultunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 707,86 manat əsas, 70,79 manat cərimə, cəmi 778,65 manat borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 57,32 manat əsas, 5,73 manat cərimə, cəmi 63,05 manat borcu, xx.xx.2025-ci il tarixli alqı-saqı müqaviləsi üzrə 127,32 manat əsas, 12,73 manat cərimə, cəmi 140,05 manat borcu, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 4175,68 manat ödənilməmiş əsas, 417,57 cərimə, cəmi 4593,25 manat borcu və xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 1758,73 manat ödənilməmiş əsas, 175,87 cərimə, cəmi 1934,60 manat borcu olmaqla, ümumilikdə 5 müqavilə üzrə 6826,91 manat əsas, 682,69 manat cərimə borcu və yekunda 7509,60 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasından yayınmışdır. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqavilələri üzrə 6826,91 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müqavilələr üzrə 57,32 manat əsas borca görə 5,73 manat, 127,32 manat əsas borca görə 12,73 manat dəbbə pulu ağlabatan olsa da, digər müqavilələr üzrə cərimə borcu azaldılmalıdır. Məhkəmə hesab edir ki, 707,86 manat əsas borca görə 30 manat, 1758,73 manat əsas borca görə 60 manat, 4175,68 manat əsas borca görə 120 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə, ümumilikdə 5 müqavilə üzrə 6826,91 manat əsas borc, 228,46 manat dəbbə pulu, cəmi, 7055,37 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 7055,37 manat və 90,55 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli