Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-219/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21 oktyabr 2024-cü il tarixli AZL-4709 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyul 2025-ci il tarixə ödənilməmiş 485.57 manat gecikdirilmiş əsas, 611.68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 399.57 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən1110.80 manat, ümumilikdə 2607.62 manat borc və ödənilmiş 46.08 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə yazaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı MMC kommersiya hüquqi şəxsdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxsdir. Cavabdeh əsas fəaliyyət istiqaməti taksi fəaliyyətidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan həmçinin müəyyən edilir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı digər avtomobillərə dair aralarında bağlanmış lizinq müqavilələri üzrə də analoji iddia tələbləri mövcuddur. Beləliklə, müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında yaxın tarixlərdə bir neçə avtomobilə dair lizinq müqaviləsinin bağlanması əsas fəaliyyət istiqaməti taksi fəaliyyəti olan cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Məhkəmə iş üzrə hər iki tərəfin sahibkarlıq fəaliyəti ilə məşğul olduğunu və lizinq müqaviləsinin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlandığını nəzərə alaraq hesab edir ki, həmin müqavilədən irəli gələn mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(5-94)-219/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-219/2026
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver