Məhkəmə qərarları › İş №e-2(5-94)-300/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-300/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-300/2026 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqavilələrinə əsasən 3624 manat əsas borc, 57 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3681 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən borc müqavilələri əsasında ümumi dəyəri 2664 manat və 960 manat olmaqla, cəmi 3624 manat məbləğində məişət avadanlıqları əldə edib. Cavabdeh müqavilə şərtlərinə əsasən ilkin ödəniş etməmiş, bu səbəbdən borc məbləği azalmamış və hazırda iddiaçıya 3624 manat əsas borcu qalmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EHK6292221 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı «Samsung Galaxy A55» markalı mobil telefonu cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə əşyanın dəyəri 960 manat, ödəniş müddəti 12 ay, ilkin ödəniş nəzərdə tutulmamaqla, aylıq ödəniş 80 manat müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EHK6292222 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı «Beko RDNE 700E» markalı soyuducu və «Riffel MD 45W» markalı məişət avadanlığını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə əşyaların dəyəri 2664 manat, ödəniş müddəti 24 ay, ilkin ödəniş nəzərdə tutulmamaqla, aylıq ödəniş 111 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, «Samsung Galaxy A55» markalı mobil telefon, «Beko RDNE 700E» markalı soyuducu və «Riffel MD 45W» markalı məişət avadanlığı cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən 3624 manat məbləğində borcun ödənilməsi cavabdehdən tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqavilələri imzalanmış, müqavilələrə əsasən iddiaçı müqavilələrdə göstərilmiş əşyaları Cavabdeh təhvil verməyi, Cavabdeh isə müqavilələrdə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqavilələrə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Hazırda Cavabdeh qalıq borcu 3624 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələr ilə müəyyən edilərək Cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında Cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, İddiaçı MMC hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EHK6292221 və EHK6292222 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən 3624 manat əsas borc və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3681 (üç min altı yüz səksən bir) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar