Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-41/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 177 manat borc, 17,55 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, fiziki şəxs X3 ilə Cavabdeh arasında 110 manat ilkin ödəniş etməklə 3 ay müddətinə hər ay 59 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 287 manat təşkil edən velosipedin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı malı təhvil almışdır. Faktorinq müqaviləsindən və həmin müqaviləyə Əlavədən görünür ki, X1 Cavabdeh qarşı 117 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc məbləği 117 manat, cərimə borcu 17,55 manat, cəmi borc məbləği 134,55 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iş materialları ilə alıcının malın dəyərini ödəmək öhdəliyini tam icra etmədiyi və tələb hüququnun faktorinq müqaviləsinə əsasən iddiaçıya keçdiyi təsdiq olunduğundan, iddiaçı maliyyə arayışına əsasən 117 manat əsas borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, 17,55 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh əsas borc 117 manat, cərimə borcu 17,55 manat olmaqla, cəmi 134,55 manat, eləcə də, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli