Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-543/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X3, İddiaçı Cavabdeh Notariat Ofisinə qarşı vərəsə kimi tanınma, miras əmlak üzərində iddiaçının tam hissədə payının müəyyən edilməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Notariat Ofisinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası mərhum X1 vərəsəsi kimi tanınması, İddiaçı anasından miras qalan ünvan 1 ünvanda yerləşən mənzilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilin "xxxx" QSC-də əmanət vəsaitinin üzərində tam hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi öhdəliyinin Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-3560/2024 saylı, xx.xx.2024-cü il tarixli üç ulduzlu Qərarı:
42. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.
43. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yeku hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirası bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqların tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
44. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməs verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvə verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edə məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqand qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir. Məhkəmənin mövqeyi: Hazırki iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı MM-nin 1297 və 1299-cu maddələrinə əsasən miras əmlakda pay bölgüsü ilə bağlı mübahisə edərək, mirasda tam hissədə onun payının müəyyən edilməsini tələb edir və bu tələb cavabdeh kimi Cavabdeh Notariat Ofisinə qarşı qaldırılmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi miras əmlakda pay bölgüsü ilə bağlı mübahisədə tərəflər vərəslərdir və mübahisə məhkəmə tərəfindən həll edildikdə eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmur, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvə verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Yəni, Notariat Ofisi bu mübahisənin tərəfi deyil və cavabdeh kimi Notariat Ofisi deyil, digər vərəsələr qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, miras əmlakda pay bölgüsü ilə bağlı mübahisədə mübahisə tərəfi olmayan Cavabdeh Notariat Ofisinə qarşı zatən vərəsə olan şəxsin vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin qoyulması tələblərinə mahiyyəti üzrə məhkəmədə baxıla bilməz. Mülki işin icraata qəbul edilməsindən sonra əsl cavabdehin işə cəlb edilməsi isə ərazi aidiyyətini süni sürətdə dəyişərək, həm əsl cavabdehin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına, həm də işlərin məhkəmələr arasında ərazi aidiyyəti qaydalarına uyğun olmayaraq bölünməsinə səbəb olar. Məhkəmə həmçinin qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, eyni iddiaçı tərəfindən daha əvvəl cavabdehlər X2 və Cavabdeh Notariat Ofisinə qarşı eyni əsasla (MM-nin 1297 və 1299-cu maddələrinə əsaslanaraq) miras əmlakda tam hissədə payın müəyyən edilməsi tələbinə dair iddia qaldırılmış və mübahisə üzrə Ali Məhkəmənin 2(102)-2917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən hər iki halı nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, iddia ərizəsinə daha əvvəl istifadə edilmiş rüsum qəbzi əlavə edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
İddiaçı Cavabdeh Notariat Ofisinə qarşı iddiaçının vərəsə kimi tanınması, miras əmlak üzərində iddiaçının tam hissədə payının müəyyən edilməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Notariat Ofisinin üzərinə qoyulması tələbinə iddia ərizəsinin icrata qəbulundan imtina edilsin. İddiaçı mirasın bölüşdürülməsi ilə bağlı mübahisəyə dair iddia tələbi ilə digər vərəsənin qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Leyla Şövkətli-Mənsimli