Məhkəmə qərarları › İş №e-2(5-96)-128/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-128/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-128/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İmei kodu **********89580 olan Xıaomı Redmı 13 markalı telefon, Paket M Xidməti üçün 336 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 33,6 manat cərimə olmaqla, ümumilikdə 393,2 manat (üç yüz doxsan üç manat iyirmi qəpik) borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********89580 olan Xıaomı Redmı 13 markalı telefon, Paket M Xidməti almış və nəticədə 393,2 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 365 manat (yəni 12 ay x 28 manat + 29 manat ilkin ödəniş) olan, İmei kodu **********89580 olan Xıaomı Redmı 13 markalı telefon, Paket M Xidməti üçün ümumilikdə, nəticədə 336 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 33,60 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 29 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147-ci maddələrinin tələblərinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: a)İş materialları: xx.xx.2025-ci il tarixli müqavilənin, xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktı, ödəniş cədvəlinin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 365 manat dəyərində İmei kodu **********89580 olan Xıaomı Redmı 13 markalı telefon, Paket M Xidmətini 29 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 28 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 336 manat əsas borc, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 33,6 manat cərimə borcu olmaqla, cəmi 393,2 manat məbləğində borcu yaranmışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alğısatqı müqaviləsi əsasında satılmış, İmei kodu **********89580 olan Xıaomı Redmı 13 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 23,60 manat pul ödənilmişdir. Cavabdehə göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundangörünür ki, mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu iddiaçı tərəfindən rəsmi qaydada bildirilmişdir. b)Məhkəmə tərəfindən müəyyən olunan hallar: Tərəflər arasında xx.xx.2025-ci il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yerirərək, malları cavabdehə versə də, sonuncu müqavilə şərtlərinin tələblərinə pozmuş, nəticədə ödənilməmiş borcu yaranmışdır.Bu səbəbdən iddiaçı tərəf hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. v) Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 385.1.-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ç) Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Beləliklə,tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, onun iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbi üzrə işin faktiki halları, onun iddia tələbinin (nisyə alğı-satqı müqaviləsi) qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Buna görə də iddia tələbi 336 manat ödənilməmiş əsas borc və 33,6 manat cərimənin tutulması ilə bağlı hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə aydın şəkildə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Məcəllənin 600.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir. Göründüyü kimi, hazırda iddiaçının tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə hər hansı məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. Bundan əlavə, cavabdeh alıcı həmin mobil cihazı iddiaçının ölkədəki mağazasından almışdır, həmin cihaz alıcı tərəfindən ölkəyə gətirilməmişdir, bu baxımdan “Dövlət rüsumu haqqında” Qanunun 2.0.22-ci maddəsinin tələblərinə əsasən, həmin dövlət rüsumu alıcıdan tələb edilə bilməz. Həmçinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Ona görə də iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 28,19 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 336 (üç yüz otuz altı) manat ödənilməmiş əsas borc, 33,6 (otuz üç manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 369,6 (üç yüz altmış doqquz manat altmış qəpik) manat pul vəsaiti və 28,19 (iyirmi səkkiz manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar