Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-131/2026 11.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi Alıyev Cavid Əbil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024cü il tarixli, LKK6710786 saylı borc müqaviləsinə əsasən 1350 manat əsas borc, 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1384 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 2150 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1350 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2024-cü il tarixli, LKK ******* saylı borc müqaviləsinə əsasən 1350 manat əsas borc, 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1384 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
3. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(5-96)-131/2026 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə e-2(5-96)-131/2026 saylı sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları:
5. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, alıcı satıcıdan hissə-hissə ödəmə şərti ilə 2150 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 350 manat məbləğini ilkin ödəmiş, qalan 1800 manat məbləği isə 12 ay müddətinə aylıq 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
6. Təhvil-təslim aktından görünür ki, avadanlıqlar hissə-hissə ödəmə yolu ilə Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə əldə edilmişdir.
7. xx.xx.2025-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, LKK6710786 saylı borc müqaviləsinə əsasən 1350 manat borcu yaranmışdır.
8. İddiaçı MMC-nin xx.xx.2026-ci il tarixli pretenziyasından görünür ki, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə xərci:
9. 14.01.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 34.00 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 11.404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
12. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
15. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
16. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
20. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
24. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
25. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
27. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
28. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
33. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
40. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
41. Mülki iş materiallarında olan İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, alıcı satıcıdan hissə-hissə ödəmə şərti ilə 2150 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 350 manat məbləğini ilkin ödəmiş, qalan 1800 manat məbləği isə 12 ay müddətinə aylıq 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
42. MM-in 404.1-ci maddəsinin Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. Məhkəmə qeyd edir ki, müqavilənin hüquqi tövsifində həlledici amil başlıq deyil, tərəflərin həqiqi iradə ifadəsi və bu iradənin yaratdığı hüquq münasibətlərinin məzmunudur. Müqavilənin mahiyyəti təyin edilərkən müqavilənin predmeti, tərəflərin başlıca haqq və öhdəlikləri, tərəflərin həqiqi iradəsi nəzərə alınır. Bu səbəbdən hazırkı müqavilənin başlığında (üstündə) “borc müqaviləsi” yazıldığı halda məzmunundan (yəni tərəflərin başlıca haqq və öhdəliklərindən) onun nisyə alqı-satqı müqaviləsi olduğu məlum olduğundan, həmin müqavilə hüquqi baxımdan “borc” müqaviləsi yox, məhz nisyə alqısatqı müqaviləsi kimi qiymətləndirilir və MM-in ona bu münasibətlər üçün nəzərdə tutulmuş normaları tətbiq edilir.
44. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə əşyanın hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
45. MM-in 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
46. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, LKK6710786 saylı müqaviləsinə əsasən 1350 manat borcu yaranmışdır.
47. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Bu isə, öhdəliyin lazımınca icra edilməməsidir. Cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən, iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
48. Odur ki, Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1350 manat məbləğlə bağlı hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə:
49. Beləliklə, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, LKK6710786 saylı müqaviləyə əsasən ödənilməmiş 1350 manat məbləğ Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərci:
50. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 34 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 1384 (min üç yüz səksən dörd) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nigar Məmmədova