Məhkəmə qərarları › İş №e-2(5-96)-138/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-138/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-138/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 125 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 155 (yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyəri 300 (üç yüz) manat olan məişət avadanlıqları əldə edib. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 125 manat əsas borcu qalmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişi xəbərnaməyə imza etməklə qəbul etməsinə baxmayaraq 10 iş günü ərzində iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir.

Tədqiq olunan sübutlar:

4. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, LKK6824788 saylı müqavilədən görünür ki, Cavabdeh hissə-hissə ödəniş şərti ilə 300 manat məbləğində məişət avadanlığı ilkin ödəniş 0 manat olmaqla və qalan 300 manat məbləğində pulu 12 ay ərzində aylıq 25 manat hissə-hissə ödəniş etməklə satılmışdır.

5. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2026-cı il tarixli pretenziya məktubundan aydın olur ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə üzrə onun ödənilməmiş 125 manat əsas borcu vardır.

6. İş materiallarında olan 1 may 2024-cü il tarixli LKK6824788 saylı təhvil-təslim aktına əsasən cavabdeh yuxarıda qeyd olunan malları hissə-hissə ödəmək yolu ilə tam qüsursuz halda təhvil almış və həmin aktı imzası ilə təsdiq etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Ödəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

Məhkəmənin mövqeyi:

9. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır.

10. Qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalar üzrə əsas borcu və cərimə borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, xx.xx.2024-cü il tarixli LKK6824788 saylı müqavilə üzrə 125 manat əsas borcu yaranmışdır. Ümumi alqı-satqının dəyəri olan 300 manatdan cəmi 175 manat ödəniş etmişdir. İşdə olan məhsulların təhvil-təslim aktından da göründüyü kimi cavabdeh tərəfindən həmin məhsullar tam qüsursuz şəkildə təhvil alınmışdır. İddiaçının cavabdehə göndərmiş olduğu xx.xx.2026-cı il tarixli xəbərdarlığına baxmayaraq müvafiq borc məbləği üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə əsas borc tələbi barədə iddianı əsaslı hesab edir.

Məhkəmə xərcləri

11. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi tam təmin edildiyindən və ümumi tutulmalı məbləğ 125 manat (xx.xx.2024-cü il tarixli LKK6824788 müqavilə üzrə 125 manat əsas borc) olduğundan 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

12. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia təmin edilsin. Cavabdeh 125 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 155 (yüz əlli beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar