Məhkəmə qərarları › İş №e-2(5-96)-196/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-196/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-196/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Məmmədova Nigar Kərəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********83213 İphone 13, Vinil şəffaf, paket XXXL xidməti zəmanət+3 il xidməti almış və nəticədə 1389.25 (min üç yüz səksən doqquz manat iyirmiş beş qəpik) manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1919 (min doqquz yüz on doqquz) manat (yəni 18 ay x 95.5 manat+ 200 manat ilkin ödəniş) olan İmei kod **********83213 İphone 13, Vinil şəffaf, paket XXXL xidməti zəmanət+3 il xidmət üçün ümumilikdə 1389.25 (min üç yüz səksən doqquz manat iyirmi beş qəpik) manat olmaqla ondan 1241.5 (min iki yüz qırx bir manat əlli qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzinə ödənilən 23.60(iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olaraq 124.15 (yüz iyirmi dörd manat on beş qəpik) manat cərimə pulu borcu yaranmışdır.

3. Cavabdehin cəmi ödədiyi məbləğ 677.5 (altı yüz yetmiş yeddi manat əlli qəpik) manat təşkil edir.

4. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

5. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

6. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan sübutlar: Mülki iş materiallarında olan:

7. xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 1919 (min doqquz yüz on doqquz) manat dəyərində olan əşyaları alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya aylıq 95,5 manat olmaqla 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1241.5 manat ödənilməmiş hissə, 124.15 manat cərimə, 23,60 manat innovativ layihələr mərkəzinə ödənilmiş rüsum, ümumilikdə 1389.25 manat borcu qalmışdır.

9. xx.xx.2024-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır.

10. Təqdim edilmiş xx.xx.2026-cı il tarixli arayışdan məlum olur ki, İmei kod **********83213 İphone 13 markalı telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 AZN pul ödənilmişdir.

11. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə xərci:

12. 02.12.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 34.08 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

18. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

20. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

22. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

26. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

27. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

29. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

30. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

33. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:

36. 134.1.1. iddia ərizəsini;

37. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

38. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

39. Maddə 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

40. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

43. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmənin mövqeyi:

44. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

45. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, zərf cavabdehin həmin ünvanda yaşamaması qeydi ilə geri qayıtmışdır. Bundan sonra Məhkəmə tərəfindən bildiriş MPM-in 147-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə təqdim edilməsi üçün, Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, məlumatdan müəyyən edilir ki, həmin ünvanda yaşayan cavabdehin nənəsi cavabdehin harada yaşaması barədə məlumatı olmadığını bildirmiş, odur ki, bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır.

46. Məhkəmə cavabdehi xəbərdar etmək üçün prosessual qanuna uyğun olaraq onun qeydiyyat yerinə bildiriş göndərmiş, daha sonra müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə bildirişin çatdırılmasına cəhd etmiş, həmçinin telefon nömrələri üzrə “AZEMİS”də axtarış aparılsa da, onun adına olan telefon nömrəsi işləmədiyindən, ona məlumat verilməsi mümkün olmamışdır.

47. Məhkəmə MPM-in 147-ci maddəsinə görə, (müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə xx.xx.2026-cı ildə daxil olduğundan) işə baxmağı mümkün hesab etmişdir.

48. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1241.5 manat ödənilməmiş hissə, İmei kod **********83213 İphone 13 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN pulu, 124.15 manat cərimə, ümumilikdə 1389.25 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 33.90 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir.

49. MM-in 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

50. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Bu isə, öhdəliyin lazımınca icra edilməməsidir. Cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən, iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

51. Odur ki, Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1241.5 manat məbləğə, eləcə də İmei kod **********83213 İphone 13 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN pul məbləği hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir, 124.15 manat cərimə borcu hissədə isə iddia qismən təmin edilməlidir.

52. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

53. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

54. Məhkəmə işin hallarını nəzərə alaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 124.15 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 12 manat məbləğində dəbbə pulunun tutulması ədalətlidir. Nəticə:

55. Beləliklə, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1241.50 manat ödənilməmiş məbləğ, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN pul məbləği, 12 manat cərimə olmaqla, ümumilikdə 1277.10 (min iki yüz yetmiş yeddi manat on qəpik) manat borc Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərci:

56. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 32,78 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir.

57. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1241.50 manat ödənilməmiş məbləğ, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN pul məbləği, 12 manat cərimə olmaqla, ümumilikdə 1277.10 (min iki yüz yetmiş yeddi manat on qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 32,78 manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi (33,90-32,78=1,12) 1,12 manat iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar