Məhkəmə qərarları › İş №e-2(5-96)-218/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-218/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-218/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı kondisioner, “SAMSUNG” markalı soyuducu, 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 3106,97 manat ödənilməmiş əsas borc, 310,70 manat cərimə, ümumilikdə 3417,67 manat borcun və 54,18 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aldığı “HOFFMANN” markalı kondisioner, “SAMSUNG” markalı soyuducu, 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 3417,67 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4701,84 manat (24 ay x 187,16 manat + 210 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı kondisioner, “SAMSUNG” markalı soyuducu, 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 3417,67 manat olmaqla, ondan 3106,97 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 310,70 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1594,87 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir.

3. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişi xəbərnaməyə xx.xx.2026-cı il tarixdə imza etməklə qəbul etməsinə baxmayaraq 10 iş günü ərzində iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir.

Tədqiq olunan sübutlar:

4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 4701,84 manat dəyərində Hoffmann markalı kondisioner, Samsung markalı soyuducu, 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün ilkin ödəniş 210 manat olmaqla, 24 ay müddətinə hər ay 187,16 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.

5. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehin 3106,97 manat məbləğində ödənilməmiş əsas borc, 310,70 manat cərimə olmaqla, cəmi 3417,67 manat məbləğində borcu yaranmışdır.

6. İş materiallarında olan cavabdehə ünvanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan aydın olur ki, cavabdeh aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasının gecikdirmiş, ödəniş cədvəlində nəzərdə tutulan qaydalara əməl etməmişdir. Odur ki, hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur.

7. Təhvil-təslim aktına əsasən cavabdeh yuxarıda qeyd olunan malları tam qüsursuz halda təhvil almış və həmin aktı imzası ilə təsdiq etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

Məhkəmənin mövqeyi:

10. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır.

11. Qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalar üzrə əsas borcu və cərimə borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, onun xx.xx.2026-cı il tarixdə tərtib olunmuş maliyyə arayışına əsasən 03649981 saylı müqavilə üzrə 3417,67 manat əsas borcu yaranmışdır. Ümumi alqı-satqının dəyəri olan 4701,84 manatdan cəmi 1594,87 manat ödəniş etmişdir. İşdə olan məhsulların təhvil-təslim aktından da göründüyü kimi cavabdeh tərəfindən həmin məhsullar tam qüsursuz şəkildə təhvil alınmışdır. İddiaçının cavabdehə göndərmiş olduğu 19 dekabr 2025-ci il tarixli xəbərdarlığına baxmayaraq müvafiq borc məbləği üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə əsas borc tələbi barədə iddianı əsaslı hesab edir.

12. Lakin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb olunan məbləğ yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edərək 03649981 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.

13. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin hallarına ümumi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir.

Məhkəmə xərcləri

14. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən və ümumi tutulmalı məbləğ 3156,97 manat (03649981 müqavilə üzrə 3106,97 manat əsas borc, 50 manat cərimə) olduğundan 51,57 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

15. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 3106,97 manat ödənilməmiş əsas borc, 50 manat cərimə olmaqla, ümumilikdə 3156,97 (üç min yüz əlli altı manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti və 51,57 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar