Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-238/2026 27.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehdən “SAMSUNG” markalı paltaryuyan üçün 430,12 manat ödənilməmiş əsas borc, müştəriyə güzəşt olunaraq 43,01 manat cərimə olmaqla, ümumilikdə 473,13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin iddiaçı ilə bağladığı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehdən “SAMSUNG” markalı paltaryuyan üçün 473,13 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 696,6 manat (18 ay x 28,7 manat + 180 manat ilkin ödəniş) olan “SAMSUNG” markalı paltaryuyan üçün ümumilikdə 473,13 manat olmaqla, ondan 430,12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43,01 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 266,48 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət.
3. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişi xx.xx.2026-cı il tarixdə xəbərnaməyə imza etməklə qəbul etməsinə baxmayaraq 10 iş günü ərzində iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir.
Tədqiq olunan sübutlar:
4. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 696,6 manat dəyərində “SAMSUNG” markalı paltaryuyanı ilkin ödəniş 180 manat olmaqla, 18 ay müddətinə hər ay 28,7 manat hissəhissə ödəniş etmək şərtilə satmışdır.
5. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 430,12 manat məbləğində ödənilməmiş əsas borc, 43,01 manat cərimə olmaqla, cəmi 473,13 manat məbləğində borcu yaranmışdır.
6. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan aydın olur ki, cavabdeh aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasının gecikdirmiş, ödəniş cədvəlində nəzərdə tutulan qaydalara əməl etməmişdir. Odur ki, hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur.
7. Təhvil-təslim aktına əsasən cavabdeh yuxarıda qeyd olunan malları tam qüsursuz halda təhvil almış və həmin aktı imzası ilə təsdiq etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
9. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
Məhkəmənin mövqeyi:
10. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır.
11. Qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalar üzrə əsas borcu və cərimə borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, onun xx.xx.2026-cı il tarixdə tərtib olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 473,13 manat əsas borcu yaranmışdır. İşdə olan məhsulların təhvil-təslim aktından da göründüyü kimi cavabdeh tərəfindən həmin məhsullar tam qüsursuz şəkildə təhvil alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 266,48 manat təşkil edir. İddiaçının cavabdehə göndərmiş olduğu 29 dekabr 2025-ci il tarixli xəbərdarlığına baxmayaraq müvafiq borc məbləği üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə əsas borc tələbi barədə iddianı əsaslı hesab edir.
12. Lakin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb olunan məbləğ yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edərək xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.
13. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin hallarına ümumi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
14. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən və ümumi tutulmalı məbləğ 440,12 manat (xx.xx.2025-ci il tarixli müqavilə üzrə 430,12 manat əsas borc, 10 manat cərimə) olduğundan 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
15. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müddətli alqı-satqı müqaviləsi üzrə 430,12 manat ödənilməmiş əsas borc, 10 manat cərimə olmaqla, ümumilikdə 440,12 (dörd yüz qırx manat on iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Maxsudova