Məhkəmə qərarları › İş №e-2(5-96)-266/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-266/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-266/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 804 manat məbləğində əsas borc, 80 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 914 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış R0133906 nömrəli xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya 12 ay müddətinə 904 manat dəyərində olan Samsung A3568/2025 (A35) markalı telefonu, Samsung 25W Power adapteri, qızıl zəmanət 601-700 və proqramı satmışdır. Borclu aldığı əşyaya görə 100 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 804 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh ilə əlaqə saxlanılmış, iddia tələbi və etiraz etmək hüququ barədə ona məlumat verilmiş, lakin Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir.

Tədqiq olunan sübutlar:

4. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdehə 904 manat dəyərində Samsung A3568/2025 (A35) markalı telefon, Samsung 25W Power adapter, qızıl zəmanət 601-700 və proqram ilkin ödəniş 100 manat olmaqla 12 ay müddətinə hər ay 68 manat (sonuncu ay 56 manat) hissə-hissə ödəniş etmək şərtilə satılmışdır.

5. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 804 manat məbləğində ödənilməmiş əsas borc, 80 manat cərimə borcu yaranmışdır.

6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehə ünvanlanan məktubdan aydın olur ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə borcu ödəməkdən yayınmışdır.

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh yuxarıda qeyd olunan malları hissə-hissə ödəmək yolu ilə tam qüsursuz halda təhvil almış və həmin aktı imzası ilə təsdiq etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir.

11. Qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalar üzrə əsas borcu və cərimə borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, onun xx.xx.2025-ci il tarixdə tərtib olunmuş maliyyə arayışına əsasən R0133906 saylı müqavilə üzrə 804 manat əsas borcu yaranmışdır. Ümumi alqı-satqının dəyəri olan 904 manatdan cəmi 100 manat ödəniş etmişdir. İşdə olan məhsulların təhvil-təslim aktından da göründüyü kimi cavabdeh tərəfindən həmin məhsullar tam qüsursuz şəkildə təhvil alınmışdır. İddiaçının cavabdehə göndərmiş olduğu 26 dekabr 2025-ci il tarixli xəbərdarlığına baxmayaraq müvafiq borc məbləği üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə əsas borc tələbi barədə iddianı əsaslı hesab edir.

12. Lakin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb olunan məbləğ yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edərək R0133906 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə xərcləri

13. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən və ümumi tutulmalı məbləğ 824 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

14. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 804 manat ödənilməmiş əsas borc, 20 manat cərimə olmaqla, ümumilikdə 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində borc, 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar