Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-323/2026 16.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Məmmədova Nigar Kərəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kodu SDR 6565N62Y İpad 10.9-İNCH planşet, paket XL xidməti, zəmanət+ 1 il xidməti, soyuducu Hoffman, İmei kodu **********5808 Samsung Galaxy A05S markalı telefon, Samsung adapter almış və nəticədə 1869.33 manat borc yaranmışdır.
3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1091.82 manat (yəni 18 ay x 57.99 manat + 48 manat ilkin ödəniş) olan İMEİ kodu SDR 6565N62Y İpad 10.9-İNCH planşet, paket XL xidməti, zəmanət+ 1 il xidməti üçün ümumilikdə, 987.61 manat olmaqla ondan 897.83 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 864 manat (yəni 12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan soyuducu Hoffman üçün ümumilikdə, 589.60 manat olmaqla ondan 536 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 399.96 manat (yəni 12 ay x 33.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********5808 Samsung Galaxy A05S markalı telefon, Samsung adapter üçün ümumilikdə, 292.12 manat olmaqla ondan 244.11 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 24.41 manat cərimə miqdarında borc yaranmışdır.
4. Cavabdehin cəmi ödədiyi məbləğ 677.84 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
5. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu SDR6565N62Y İPAD 10.9-İNCH planşet, paket Xl xidməti, zəmanət + 1 iL XİDMƏTİ üçün 897.83 (səkkiz yüz doxsan yeddi manat, 83 qəpik) manat ödənilməmiş hissə, 89,78 (səksən doqquz manat, 78 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün 536 (beş yüz otuz altı) manat ödənilməmiş hissə, 53,6 (əlli üç manat, 60 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********57508 SAMSUNG GALAXY A05S markalı telefon, SAMSUNG ADAPTER üçün 244,11 (iki yüz qırx dörd manat, 11 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 24,41 (iyirmi dörd manat, 41 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1869,33 manat borc, 38,70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sübutlar:
6. İddiaçı MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2024-cü il müqavilə və ona əlavədən görünür ki, “Hoffman” markalı soyuducunu 864 manat məbləği 12 ay müddətə, hər ay 72 manat ödəmək şərtilə almışdır.
7. İddiaçı MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2024-cü il müqavilə və ona əlavədən görünür ki, İMEİ KODU **********57508 SAMSUNG GALAXY A05S markalı telefon, SAMSUNG ADAPTER üçün ümumilikdə, 399,96 manat məbləği 12 ay müddətə, hər ay 33,33 manat ödəmək şərtilə almışdır. Müqavilənin 3.4-cü bəndinə görə, müştəri öhdəliyini pozduqda, pul öhdəliyini lazımi qaydada icra etmədiyi halda “ABC” İMEİ kodunu deaktiv etmək üsulu ilə malın istifadəsini mümkünsüz etmək məqsədilə, məhdudiyyət tətbiq edə bilər. Müqavilənin 3.5-ci bəndinə görə, 3.4-cü bəndin icrasına görə müştəridən əlavə ödənişləri tələb edə bilər.
8. İddiaçı MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2024-cü il müqavilə və ona əlavədən görünür ki, İMEİ KODU SDR6565N62Y İPAD 10.9-İNCH PLANŞET, PAKET XL XİDMƏTİ, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 1091,83 manat məbləği 18 ay müddətə, ilin ödəniş 48 manat, hər ay 57,99 manat ödəmək şərtilə almışdır.
9. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil alması barədə həmin tarixdə təhvil-təslim aktına imza etmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə alınmış əşyalarla bağlı yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. 28.01.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il, müqavilə üzrə alqı-satqı qiyməti 1091,82 manat olmuş, ondan 193,99 manat ödənilmiş, 897.83 manat ödənilməmiş, 89.78 manat cərimə borcu olmaqla, cəmi 987.61 manat borcu vardır.
12. 28.01.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il, müqavilə üzrə alqı-satqı qiyməti 864 manat olmuş, ondan 328 manat ödənilmiş, 536 manat ödənilməmiş, 53.6 manat cərimə borcu olmaqla, cəmi 589.60 manat borcu vardır.
13. 28.01.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il, müqavilə üzrə alqı-satqı qiyməti 399,96 manat olmuş, ondan 155,85 manat ödənilmiş, 244,11 manat ödənilməmiş, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 24.41 manat cərimə borcu olmaqla, cəmi 292.12 manat borcu vardır.
14. İddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada çatdırılmış, belə ki, cavabdeh tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xəbərnaməyə imza etməklə xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Məhkəmə xərci:
15. 02.02.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38.70 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
21. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
23. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
25. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
26. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
29. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
30. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
32. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
33. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
36. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
39. 134.1.1. iddia ərizəsini;
40. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
41. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
42. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
45. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmənin mövqeyi:
46. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
47. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada çatdırılmış, belə ki, cavabdeh tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xəbərnaməyə imza etməklə xx.xx.2026-cı il tarixdə qəbul edilmiş.
48. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il müqaviləyə əsasən, “Hoffman” markalı soyuducunu 864 manat məbləği 12 ay müddətə, hər ay 72 manat ödəmək şərtilə, xx.xx.2024-cü il müqaviləyə əsasən, İMEİ KODU **********57508 SAMSUNG GALAXY A05S markalı telefon, SAMSUNG ADAPTER üçün ümumilikdə, 399,96 manat məbləği 12 ay müddətə, hər ay 33,33 manat ödəmək şərtilə, xx.xx.2024-cü il müqaviləyə əsasən, İMEİ KODU SDR6565N62Y İPAD 10.9-İNCH PLANŞET, PAKET XL XİDMƏTİ, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 1091,83 manat məbləği 18 ay müddətə, ilin ödəniş 48 manat, hər ay 57,99 manat ödəmək şərtilə almış, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək, cavabdehə satılmış mobil telefonun istifadəsini məhdudlaşdırmaq məqsədilə telefonların İMEİ kodunu deaktiv etmək üçün İnnovatov Layihələr Mərkəzinin ödənişli xidmətindən istifadə etmişdir.
49. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Bu isə, öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən, iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
50. Odur ki, Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələr üzrə ödənilməmiş məbləğlərə münasibətdə əsaslı olduğundan, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 897.83 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 536 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 244,11 manat ödənilməmiş məbləğin tutulması hissədə təmin edilməlidir.
51. Məhkəmə tərəfindən müqavilələr üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə MM-in 467-ci maddəsinə əsasən, hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən 89,78 manat cərimə məbləği 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən cərimə məbləği 53,6 manat 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən cərimə məbləği 24,41 manat 10 manat məbləğinədək azaldılmalıdır.
52. İddia tələbinin "İnnovatov Layihələr Mərkəzi"nə ödənilən rüsumun cavabdehdən tutulması» hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi kimi bu pul məbləğinin cavabdehdən tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə (xx.xx.2024-cü il müqavilənin 3.4 və 3.5-ci bəndləri) uyğun olmaqla, qanunvericiliyin tələblərinə zidd deyildir, odur ki, tələb bu hissədə təmin edilməlidir. Nəticə:
53. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 897.83 manat ödənilməmiş məbləğ və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 536 manat və 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 244,11 manat ödənilməmiş məbləğ və 10 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat olmaqla, cəmi 1741,54 manat məbləğində pul alınaraq iddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 37.42 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 897.83 manat ödənilməmiş məbləğ və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 536 manat və 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 244,11 manat ödənilməmiş məbləğ və 10 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat olmaqla, cəmi 1741,54 (min yeddi yüz qırx bir manat əlli dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 37.42 (otuz yeddi manat qırx iki qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nigar Məmmədova