Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-96)-385/2026 19.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Atamalıyeva İlahə Yaşar qızına qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı İddiaçı QSC cavabdeh Atamalıyeva İlahə Yaşar qızına qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən JDP****** saylı ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 208,38 manat ödənilməmiş əsas borc, 31,26 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 ilə cavabdeh Atamalıyeva İlahə Yaşar oğlu arasında bağlanmış JDP****** saylı ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 420 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X1 Atamalıyeva İlahə Yaşar qızına qarşı olan 420 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh Atamalıyeva İlahə Yaşar qızı öz üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 208,38 manat ödənilməmiş əsas borcu, 31,26 manat cərimə borcu yaranmışdır. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.
3. Cavabdeh Atamalıyeva İlahə Yaşar qızına Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284- 5.2-ci maddələrinə əsasən rəsmi bildiriş göndrilərək iddia tələbi barədə məlumat verilmiş, lakin müvafiq qaydada tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Tədqiq olunan sübutlar:
4. İş materiallarında olan JDP****** saylı ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, X1 alıcı Atamalıyeva İlahə Yaşar qızına 420 manat dəyərində əşyanı ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəniş etmək şərtilə satmışdır.
5. İş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdehin 208,38 manat məbləğində ödənilməmiş əsas borc, 31,26 manat cərimə olmaqla, cəmi 239,64 manat məbləğində borcu yaranmışdır.
6. İş materiallarında olan ##.##.2026-ci il tarixli cavabdeh Atamalıyeva İlahə Yaşar qızına ünvanlanmış bildirişdən aydın olur ki, cavabdehin ##.##.2026-cı il tarixə 275 manat məbləğində borcu yaranmışdır. Borcu ##.##.2026-cı il tarixinədək ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
7. İş materiallarında olan tələbin güzəşti barədə Faktorinq müqaviləsinin və ona əlavə edilən sazişin surətindən görünür ki, İddiaçı QSC ilə X1 arasında bağlanmış müqaviləyə əsasən müştəri borcluya qarşı pul tələbini faktora güzəşt etmişdir.
ƏSASLANDIRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.
9. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, ##.##.2024-cü il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilə barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır.
11. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, cavabdeh aldığı əşyaya görə qalıq borc məbləğini ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, maliyyə arayışında göstərilən məbləğdə (208,38 manat) əsas borcu və ona hesablanan cərimə (31,26 manat) borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilməsinə baxmayaraq borc öhdəliyi icra olunmadan qalmışdır. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsas borca münasibətdə təmin edilməlidir.
12. Lakin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb olunan məbləğ yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edərək ##.##.2024cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə xərcləri
13. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 218,38 manat hissədə qismən təmin olunduğu üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
14. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 284- 1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Atamalıyeva İlahə Yaşar qızından 208,38 manat ödənilməmiş əsas borc, 10 manat cərimə olmaqla, cəmi 218,38 (iki yüz on səkkiz manat otuz səkkiz qəpik) məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Maxsudova