Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-413/2026 18.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, yazılı icraatda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1.Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İMEİ kod **********25438 olan Samsung Galaxy A55 markalı telefon, Samsung markalı adapter, qızıl zəmanət ultra 2 il xidməti üçün 613,08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 61,31 manat cərimə, İMEİ kod **********78363 olan XİAOMİ REDMİ 14C markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti üçün 304,35 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 30,44 manat cərimə, olmaqla, ümumilikdə 1056,38 manat (min əlli manat otuz səkkiz qəpik) borcun və 30,57 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod **********25438 olan Samsung Galaxy A55 markalı telefon, Samsung markalı adapter, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ kod **********78363 olan XİAOMİ REDMİ 14C markalı telefonu, Paket M xidmətini, qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 1056,38 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1297,08 manat (yəni 18 ay x 72,06 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kod **********25438 olan Samsung Galaxy A55 markalı telefon, Samsung markalı adapter, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, nəticədə 613,08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 61,31 manat cərimə pulu borcu; alğı-satqı qiyməti 389,04 manat (yəni 12 ay x 32,42 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kod **********78363 olan XİAOMİ REDMİ 14C markalı telefon, Paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, nəticədə 304,35 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 30,44 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, PAKET M xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 29,99 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 54,7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 29,99 manat, ümumilikdə 84,69 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 684 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
2. İşə yazılı icraat qaydasında baxılması: Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. 3.Əsaslandırıcı hissə: a) İş materialları: xx.xx.2024-cü il tarixli müqavilənin, xx.xx.2025-cü il tarixli bildiriş və təhvil-təslim aktı, ödəniş cədvəlinin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 1297,08 manat dəyərində İMEİ kod **********25438 olan Samsung Galaxy A55 markalı telefonu, Samsung markalı adapteri, qızıl zəmanət ultra 2 il xidmətini 0 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 72,06 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2024-cü il tarixli müqavilənin, xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktı, ödəniş cədvəlinin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 389,04 manat dəyərində İMEİ kod **********78363 olan XİAOMİ REDMİ 14C markalı telefonu, Paket M xidmətini, qızıl zəmanət ultra 2 il xidmətini 0 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 32,42 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehin 613,08 manat əsas borc, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 61,31 manat cərimə borcu olmaqla, cəmi 697,99 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehin 304,35 manat əsas borc, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 30,44 manat cərimə borcu olmaqla, cəmi 358,39 ümumilikdə 1056,38 manat məbləğində borcu yaranmışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alğı-satqı müqaviləsi əsasında satılmış, İMEİ kod **********25438 olan Samsung Galaxy A55 və İMEİ kod **********78363 olan XİAOMİ REDMİ 14C markalı telefonların açılıbbağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47,2 manat pul ödənilmişdir. b)Məhkəmə tərəfindən müəyyən olunan hallar: Tərəflər arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə nisyə alğı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yerirərək, malları cavabdehə versə də, sonuncu müqavilə şərtlərinin tələblərinə pozmuş, nəticədə ödənilməmiş borcu yaranmışdır.Bu səbəbdən iddiaçı tərəf hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c)Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 385.1.-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1.Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3.Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ç)Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Beləliklə, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında nisyə alğısatqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, onun iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbi üzrə işin faktiki halları, onun iddia tələbinin (nisyə alğı-satqı müqavilələri) qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Buna görə də iddia tələbi iki müqavilə üzrə 917,43 manat ödənilməmiş əsas borc və 91,74 manat cərimənin tutulması ilə bağlı hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi innovativ layihələr mərkəzi rüsumları tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə aydın şəkildə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Məcəllənin 600.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir. Göründüyü kimi, hazırda iddiaçının tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə hər hansı məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. Bundan əlavə, cavabdeh alıcı həmin mobil cihazları iddiaçının ölkədəki mağazasından almışdır, həmin cihazlar alıcı tərəfindən ölkəyə gətirilməmişdir, bu baxımdan “Dövlət rüsumu haqqında” Qanunun 2.0.22-ci maddəsinin tələblərinə əsasən, həmin dövlət rüsumu alıcıdan tələb edilə bilməz. Həmçinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Ona görə də iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 29,2 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284- 1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh iki müqavilə üzrə 917,43 manat (doqquz yüz on yeddi manat qırx üç qəpik) ödənilməmiş əsas borc, 91,74 manat (doxsan bir manat yetmiş dörd qəpik) cərimə olmaqla, cəmi 1009,18 manat (min doqquz manat on səkkiz qəpik) pul vəsaiti və 29,2 manat (iyirmi doqquz manat iyirmi qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xəyal Sarıyev