Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-429/2026 19.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Qaradağ rayonun 10-cu Polis Bölməsinə qarşı “ağaclarının yerinin dəyişdirilərək, asfalt örtüyünün bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qaradağ rayonu 10-cu Polis Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ RPİ tərəfindən Vüqar Əliyevin əməllərinə obyektiv hüquqi qiymət verilməsi, onun Azərbaycan Respunlikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, məsuliyyətə cəlb edilməsi, qanunsuz olaraq zəbt edilmiş və ümumi istifadədə olan ərazidə Qaradağ Rayon İcra Hakimiyətinin rəsmi məktubunda göstərildiyi kimi ağacların yerinin dəyişdirilərək, Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, asfalt örtüyünün bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vüqar Əliyev (MN Hərbi Hospitalın həkimi) Qaradağ Rayonu Müşfiq qəsəbəsinin mərkəzində ən böyük ikimərtəbəli obyektə sahibdir. Həmin obyekti adi vəzifə maaşı ilə əldə etmək qeyri-mümkündür. O, bununla kifayətlənməyib, məktəbə gedən ümumi istifadədə olan yolun asfalt örtüyünü dağıdıb qanunsuz olaraq “ağac əkmə” adı altında zəbt etmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına, Dövlət şəhərsalma norma və qaydalarına (AzDTN 2.6-1) ziddir. Əliyev Vüqarın dediyinə görə, X1 Nazirliyinin əməkdaşları onun yaşıllıq salmağı üçün nazirlikdən sənəd verəcəklərini vəd ediblər. İddiaçının obyektindən 10 metr aralı məsafədə yerləşən onun öz obyektinin qarşısı və arxası, eləcə də yaxınlıqdakı binaların və məktəbin ətrafı boş, asfalt örtüyü olmayan sahələrdir. Bu barədə Qaradağ Rayon İcra Hakimiyətinin Başçısı Süleyman Mikayılova şikayət edilmişdir. Şikayət araşdırılmış və qanunsuz olaraq əkilmiş ağacların götürülməsi barədə Qaradağ Rayon İcra Hakimiyəti tərəfindən göstəriş verilmişdir. Lakin, Vüqar İcra Hakimiyyətinin göstərişinə məhəl qoymayaraq, yenidən dırnaqarası ağac əkmə işini həyata keçirmişdir. Şagirdlərin təhlükəsiz şəkildə məktəbə gedib-gəldiyi həmin yerdə valideynlər şəxsi avtomobilləri ilə uşaqları təhlükəsiz şəkildə məktəbə gətirir və həmçinin, dərsdən çıxan övladlarını orada gözləyirlər. Bundan başqa, həmin ərazidəki digər sahibkarların obyektlərinə gələn müştərilərin gediş-gəlişi də məhdudlaşır. Ümumiyyətlə, ümumi istifadədə olan ərazilərin alğı-satqısı qanunvericiliklə qadağandır. Ona bu qanunsuz əməlləri törətməkdə 1 ay öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov dəstək olmuşdur. Nadir Muradov barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma - təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılıb. Vüqar Əliyevə bu qanunsuz hərəkətlərinə görə Qaradağ Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Lakin, Qaradağ RPİ əməkdaşı Valeh Orucov vəzifəsindən sui-istifadə edərək, əsassız olaraq xx.xx.2024-cü il tarixdə işi ört-basdır etmək üçün bağlamışdır. Lakin, iddiaçının şikayətindən sonra xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Prokurorluğu Valeh Orucovun qərarını əsassız hesab edib, yenidən araşdırmaya göndərmişdir. Lakin, Valeh Orucov bu dəfə də Vüqar Əliyev barədə heç bir tədbir görməmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, İddiaçı məcburetmə haqqında iddia tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə barədə iddia tələbinə dair (məcburetmə haqqında iddia) iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə deyil, inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məcburetmə haqqında iddia tələbinə dair iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır. Həmin qəbildən olan tələblərə dair iddia ərizələrinə baxılması inzibati prosessual qanunvericilik üçün xarakterikdir. Həmçinin, iddia ərizəsində də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə istinad edilmişdir. Belə ki, məcburetmə haqqında iddia tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edilməsi, istinad olunan normalarla iddia tələbi arasında uyğunsuzluq işə mülki məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə mülki mühakimə icraatı qaydasında deyil, cinayət mühakimə icraatında baxılmalı, hər hansı inzibati orqanının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) həmin orqana və ya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qaradağ rayonu 10-cu Polis Bölməsinə qarşı “ağaclarının yerinin dəyişdirilərək, asfalt örtüyünün bərpa edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddısinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh Qaradağ rayonu 10-cu Polis Bölməsinə qarşı “ağaclarının yerinin dəyişdirilərək, asfalt örtüyünün bərpa edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********63, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, tarix: xx.xx.2026-cı il, ödəniş: rüsum) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(5-96)-429/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-429/2026
19.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver