Məhkəmə qərarları › İş №e-2(5-96)-84/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-84/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-84/2026 16.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2024cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 944,9 manat əsas, 141,7 manat cərimə olmaqla, cəmi 1086,6 manat borc, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 503,9 manat əsas, 75,5 cərimə olmaqla, cəmi 579,4 manat borcun, ümumilikdə iki müqavilə üzrə 1448,8 manat əsas, 217,2 manat cərimə, cəmi 1666 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,66 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “BEKO” markalı soyuducuya görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 105 manat olmaqla, cəmi 1259,90 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən isə aldığı “HONOR” markalı mobil telefon və qulaqcığa görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 57 manat olmaqla cəmi 674,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 105 manat, ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 57 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə ödənilməmiş 944,90 manat əsas, 141,7 manat cərimə olmaqla, cəmi 1086,6 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli müqavilə üzrə ödənilməmiş 503,9 manat əsas, 75,5 manat cərimə olmaqla, cəmi 579,4 manat borc, ümumilikdə isə iki müqavilə üzrə 1448,8 manat əsas, 217,2 manat cərimə, cəmi 1666 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.

3. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişi xəbərnaməyə imza etməklə qəbul etməsinə baxmayaraq 10 iş günü ərzində iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir.

Tədqiq olunan sübutlar:

4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinin (1 nömrəli əlavə ilə) və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdehə “BEKO” markalı soyuducu 12 ay müddətinə hər ay 105 manat (sonuncu ay 104,99 manat) hissə-hissə ödəniş etmək şərtilə satılmışdır.

5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdehə “HONOR” markalı mobil telefon və qulaqcıq 12 ay müddətinə hər ay 57 manat (sonuncu ay 47,98 manat) hissə-hissə ödəniş etmək şərtilə satılmışdır.

6. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin ********* saylı müqavilə üzrə 944,9 manat məbləğində ödənilməmiş əsas borcu və 141,7 manat cərimə borcu, ********* saylı müqavilə üzrə 503,9 manat məbləğində ödənilməmiş əsas borcu və 75,5 manat cərimə borcu yaranmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

601. Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

Məhkəmənin mövqeyi:

9. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələr (011813596 və ********* saylı) mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır.

10. Qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalar üzrə əsas borcu və cərimə borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək, onun xx.xx.2025-ci il tarixdə tərtib olunmuş maliyyə arayışına əsasən ********* saylı müqavilə üzrə 944,9 manat, habelə ********* saylı müqavilə üzrə isə 503,9 manat əsas borcu yaranmışdır. İşdə olan məhsulların təhvil-təslim aktından da göründüyü kimi cavabdeh tərəfindən həmin məhsullar təhvil alınmışdır. İddiaçının cavabdehə göndərmiş olduğu 13 mart 2025-ci il tarixli xəbərdarlığına baxmayaraq müvafiq borc məbləği üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə əsas borc tələbi barədə iddianı əsaslı hesab edir.

11. Lakin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb olunan məbləğ yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edərək ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30 manat, ********* saylı müqavilə üzrə isə 20 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.

12. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin hallarına ümumi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə xərcləri

13. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən və ümumi tutulmalı məbləğ 1498,8 manat (011813596 müqavilə üzrə 944,9 manat əsas borc, 30 manat cərimə, ********* saylı müqavilə üzrə 503,9 manat əsas borc, 20 manat cərimə) olduğundan 34,98 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

14. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 944,9 manat əsas, 30,0 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 503,9 manat əsas, 20,0 cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1448,8 manat əsas, 50,0 manat cərimə, cəmi 1498,8 manat (min dörd yüz doxsan səkkiz manat səksən qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 34,98 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar