Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-97)-394/2026 18.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********54781 İphone 15 Pro, Vinil Mat, Paket XXXL Xidməti, X1 2 il Xidməti üçün, 2376.06 (iki min üç yüz yetmiş altı,6 qəpik ) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 237.61 (iki yüz otuz yeddi,61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün 753.56 (yeddi yüz əlli üç,56 qəpik) manat ödənilməmiş hissə, 75.36 (yetmiş beş,36 qəpik) manat cərimə ümumilikdə 3466.18 manat borc, 54,67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********54781 İphone 15 Pro, Vinil Mat, Paket XXXL Xidməti, X1 2 il Xidməti almış, nəticədə 3466.18 (üç min dörd yüz altmış altı,18 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4692.92(dörd min altı yüz doxsan iki, 92 qəpik) manat (18 ay x 259.94 manat + 14 manat ilkin ödəniş) olan İmei kod **********54781 İphone 15 Pro, Vinil Mat, Paket XXXL Xidməti, X1 2 il Xidməti üçün ümumilikdə, 2637.27(iki min altı yüz otuz yeddi,27 qəpik) manat olmaqla ondan, 2376.06(iki min üç yüz yetmiş altı,6 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 237.61(iki yüz otuz yeddi,61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1293.96(min iki yüz doxsan üç,96 qəpik) manat (12 ay x 107.83 manat + 0 manat ilkin ödəniş) olan LG TV üçün ümumilikdə, 828.92(səkkiz yüz iyirmi səkkiz,92 qəpik) manat olmaqla ondan, 753.56(yeddi yüz əlli üç,56 qəpik) manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 75.36(yetmiş beş,36 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2857.26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həl olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş qeyd olunan ünvanda cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək borcla razı olduğunu, bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh iddia tələbində qeyd olunan borcla razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, həmçinin cavabdehin ərizəsinə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 2376,06 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə yaranmış 753,56 manat əsas ödənilməmiş borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 237,61 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 75,36 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflərin hər ikisinin mənafeyini, müqavilə şərtlərini, xəbərdarlıq edilməsinə baxmayaraq borcun cavabdeh tərəfindən ödənilməməsini, müqavilələr üzrə cavabdehdən tələb olunan - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 237,61 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 75,36 manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsas borca mütənasib hesab edir. Həmçinin göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumun ödənilməsi hissədə də təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 54,67 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh ümumilikdə 3466,18 (üç min dörd yüz altmış altı manat, on səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumu kimi 54,67 (əlli dörd manat altmış yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2376,06 (iki min üç yüz yetmiş altı manat, 6 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 237,61 (iki yüz otuz yeddi manat, 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 753,56 (yeddi yüz əlli üç manat, 56 qəpik) manat ödənilməmiş hissə, 75,36 (yetmiş beş manat, 36 qəpik) manat cərimə olmaqla ümumilikdə 3466,18 (üç min dörd yüz altmış altı manat, on səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumu kimi 54,67 (əlli dörd manat altmış yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(5-97)-394/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-97)-394/2026
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver