Məhkəmə qərarları › İş №e-2(5-99)-130/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-130/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-130/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Schafer yemək takımı, nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik derin tencere üçün 2000.06 manat ödənilməmiş hissə, 200.01 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Playstation 5 oyun konsolu, PS5 oyun disk üçün 1358.28 manat ödənilməmiş hissə, 135.83 manat cərimə, ümumilikdə 3694.17 manat borc və 56.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Schafer yemək takımı, nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik serin tencere və Playstation 5 oyun konsolu, PS5 oyun diski almış və nəticədə 3694.17 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2350.26 manat (18 ay x 130,57 manat + 0 manat ilkin ödəniş) olan Schafer yemək takımı, nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik serin tencere üçün ümumilikdə, 2200.07 manat olmaqla ondan, 2000.06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 200.01 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1601.28 manat (18 ay x 75.46 manat + 243 manat ilkin ödəniş) olan Playstation 5 oyun konsolu, PS5 oyun disk üçün ümumilikdə, 1494.11 manat olmaqla ondan, 1358.28 manat ödənilməmiş hissə, güzəşt olunaraq 135,83 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 593.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

4. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Schafer yemək takımı, nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik derin tencere ******* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. Kredit müddəti 18 ay, aylıq ödəniş 130.57 manat olmaqla, ümumi məbləğ 2350.17 manat və ödəniş günü hər ayın 19-u müəyyən edilmişdir.

5. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə Schafer yemək takımı, nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik derin tencereni tam, qüsursuz təhvil almışdır.

6. xx.xx.2025-ci il nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh 18 ay müddətində hər ay 130.57 manat olmaqla, cəmi 2350.17 manat ödəniş etməlidir.

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, Playstation 5 oyun konsolu, PS5 oyun disk ********* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 243 manat, kredit müddəti 18 ay, aylıq ödəniş 75.46 manat olmaqla, ümumi məbləğ 1601.19 manat və ödəniş günü hər ayın 3-ü müəyyən edilmişdir.

8. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə Playstation 5 oyun konsolu, PS5 oyun diskini tam, qüsursuz təhvil almışdır.

9. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2000.06 manat əsas, 200.01 manat cərimə olmaqla, cəmi 2200.07 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1358.28 manat əsas, 135.83 manat cərimə olmaqla, cəmi 1494.11 manat olmaqla, ümumilikdə 3694.17 manat borcu vardır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 56.95 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

12. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

13. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

14. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

19. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

20. İşin tədqiq edilən halların görə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 130.57 manat ödəmək şərti ilə ümumi dəyəri 2350.26 manat olan Schafer yemək takımı,nevresim takımı, robat tozsoran Xia X20+, Schafer held çelik serin tencere və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 243 manat ilkin ödəniş etməklə,18 ay müddətinə hər ay 75.46 manat ödəmək şərti ilə ümumi dəyəri 1601.28 manat olan “Playstation 5 oyun konsolu, PS5 oyun disk satın almışdır.

21. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

22. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2000.06 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1358.28 manat ödənilməmiş borcu vardır.

23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Belə olan halda məhkəmə Cavabdeh bağlanılmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2000.06 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1358.28 manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

25. Müqavilələrin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.

26. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).

27. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

28. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

29. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 200.01 manat təşkil edən cərimə məbləğinin 20 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 135.83 manat təşkil edən cərimə məbləğinin 10 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri:

30. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 56.95 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2000.06 manat əsas, 20 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1358.28 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 3388.34 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

32. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56.95 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

3. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2000.06 manat əsas, 20 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1358.28 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 3388.34 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56.95 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar