Məhkəmə qərarları › İş №2(001)-100/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-100/2021

29.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-100/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Hüseyn qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Hüseyn qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslanırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 24.12.1991-ci il tarixli, 1108 saylı Sərəncamı ilə iddiaçı və qardaşı X11 fərdi ev tikdirmək üçün ünvan 1 ünvanında hər birinə 600 kv.m. torpaq sahəsi ayırlmışdır. Torpaqları yan-yana olduğundan və bir ünvanda yerləşdiyindən onları ümumi bir hasarla hasarladılar. İddiaçının qardaşı Nurağa ona ayrılmış torpaq sahəsində ev inşa edib mülkiyyət hüququ ilə adına rəsmiləşdirdi. İddiaçı hərbiçi olduğundan Bakı şəhərindən kənarda qulluq edirdi və bu səbəbdən uzun müddət torpaq sahəsindən yararlanmaq üçün imkan tapmamışdır. Sonradan iddiaçıya məlum idi ki, qardaşı Nurağa özünə məxsus tikililəri kirayə verirdi və onun buna narazılığı yox idi. Bir neçə müddət öncə torpağında ev inşa etmək üçün həmin ünvana getdi, lakin kirayəşinlər onu torpağına burxmayıb bildirdilər ki, bütün sahə onlara məxsusdur. İddiaçı məsələni qardaşı ilə aydınlaşdırıb məlum etdi ki, Füzuli rayon köçkünü olan Oruçovlar ailəsi kirayə adı ilə qardaşına məxsus qarajı müvəqqəti kirayələyib sonradan nəyinki oradan çıxmayıblar, hətta,qardaşının bütün sahələrini tutandan sonar iddiaçıya da məxsus torpaq sahəsinə də daxil olub özləri üçün geniş sahəli ev inşa edib rahatca yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X12 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddiaçı məhkəməyə torpaq sahəsinin ona naturada təhvil verilməsini təsdiq edən sənədləri və torpaq sahəsinin təsdiq edilmiş planını təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə görə, torpaq sahəsi naturada təhvil verildikdən sonra torpaq sahəsi üzərində torpaq ayrılan şəxsin hüquqları yaranır. İddiaçı və onun qardaşı bu sərəncamlarla eyni torpaq sahəsini bir neçə adama hissə-hissə satmış və nəticədə illərlə məhkəmə mübahisələri davam edir. Cavabdeh2 Hüseyn qızının vəkili X5 izahatında məhkəməyə bildirdi ki, iddiaçının hazırkı iddia tələbi ilə cavabdehlərə qarşı müraciət etməsi üçün subyektiv hüququ mövcud deyil. Belə ki, o, məhkəməyə yalnız sərəncamı təqdim etmiş, həmin torpaq sahəsinin cizgisi məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehlərin məhz sərəncamda qeyd olunan torpaq sahəsində yaşamaqları iş materialları ilə təsdiq olunmur. Bunda əlavə iş üzrə iddiaçının qardaşı tərəfindən eyni cavabdehlərə qarşı irəli sürdüyü tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli, 2(102)-4895/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Binəqədi Rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X11 fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən Vəkil ünvanlanmış 10 may 2019-cu il tarixli tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında X14, X21, X18 qeydiyyatdadırlar, ünvan 4 ünvanında yerləşən tikilidə isə Füzuli rayonundan məcburi köçkün olan vətəndaşlar - Cavabdeh1, Cavabdeh3, X26, X22 və X15 yaşayırlar. Notariat qaydasında təsdiq edilmiş 04 sentyabr 1999-cu il tarixli etibarnamənin surətindən görünür ki, X1 Habil Məhəmməd oğluna Bakı şəhəri Binəqədi rayonu, 2-ci mədən, 68-ci korpus, ev 42-də yerləşən evin “A” tikintidən ibarət olan hissəsinin alqısatqısının bağlanmasını və onunla əlaqədar bütün hərəkətlərin edilməsini, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsini etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2003-cü il tarixli, 2- 1939/2003 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh X6 qarşı evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən müəyyən olunur ki, X16 1995-ci il Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68-də olan texniki pasportla ona məxsus torpaq sahəsini üç nəfər ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxslərdən biri olan Hüseynova 2,20 sot torpağı orta hissədə 1.900 ABŞ dollarına satmışdır. Bu haqda 26.08.1999-cu il tarixdə tərəflər arasında şahidlərin iştirakı ilə müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 iyun 2008-ci il tarixli, 2(103)-4037/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2008-ci il tarixli qətnaməsi ilə X8 X7 qarşı mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş ünvan 6 ünvanda yerləşən 380,0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2008-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, X16 özünə məxsus “A” tikilisini və torpaq sahəsini 1999-cu ildə Hüseynov Qardaşlarına satdığı vaxtdan 8 il ərzində həmin əqdin etibarsız sayılmasının tələb etmək hüququndan istifadə etməyərək iddia müddətini keçirmiş, eyni zamanda 1999-cu ildə bağlanmış əqdə əsasən mübahisəli torpaq sahəsini sahiblik edən cavabdehə həmin sahəyə hüquqları yarandığı məhkəmə araşdırması zamanı təsdiq olunmuş, həmçinin iddiaçı özü məhkəmə iclasında 6 sot mübahisəli torpaq sahəsini bütövlükdə cavabdehə satdığını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 sentyabr 2008-ci il tarixli, 2(102)-2391/08 saylı qərarının surətindən görünür ki, iddiaçı X9 cavabdehlər Cavabdeh2 Hüseyn qızı və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassız olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2007- ci il tarixli, 2 747/2007 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 13 fevral 2008-ci il tarixli, 2(102)2391/08 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, X23 “A” tikilisini 2,20 sot torpaq sahəsi ilə qeyrirəsmi olaraq H.Hüseynova satmış, “B” tikilisini təxminən 6 sot torpaq sahəsini qeyri rəsmi olaraq Əliş Orucova satmışdır. İş materiallarından da görünür ki, mübahisəli əmlakla bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. İlk iddiaçı X16 tərəfindən ona məxsus 600 kv.metr torpaq sahəsinin üzərində olan “A” və “B” tikililəri ilə birlikdə 1999-cu ildə X13 və X2 faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Hazırda mübahisələndirilən torpaq sahələrinin və tikililərin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarında araşdırılaraq qiymət verilmiş torpaq sahələri və tikililər olması işin mübahtsəsiz hallarıdır”. Hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Hüseyn qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia edir ki, onlar Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 24.12.1991-ci il tarixli, 1108 saylı Sərəncamı ilə ona ayrılmış torpaq sahəsini zəbt ediblər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 mart 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmaması səbəbindən Binəqədi rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə mütəxəssis rəyinə tənqidi yanaşır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə sxemi ümumiyyətlə mövcud deyil. İddiaçının sözlərinə görə, eyni tarixli və eyni nömrəli sərəncamla ona və qardaşına hərəsinə 600 kv.m. ayrıldığına görə, qardaşına verilmiş sxem onun da torpaq sahəsinə aiddir. Məhkəmə göstərilənləri əsaslı hesab etmir və qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin sırf Binəqədi rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsində yaşamalarını (həmin torpaq sahəsini zəbt etmələrini) təsdiq edən hər hansı sənəd iş materiallarında olmadığından (istinad olunan sərəncamda ayrılan torpaq sahəsinin ünvanı olaraq yalnız “Binəqədi qəsəbəsi” ifadəsi qeyd olunmuşdur), iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olub-olmaması da sual doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Hüseyn qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Hüseyn qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 95 (doxsan beş) manat xərc tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar