Məhkəmə qərarları › İş №2(001)-1017/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1017/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1017/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1988-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 avqust 1988-ci il tarixdə Qazaxıstan SSR-nin Alma-Ata şəhərində anadan olmuşdur. Həmin ildə o, ailəsi ilə birgə daimi yaşamaq üçün Azərbaycan Respublikasına köçmüş və həmin tarixdəndə Bakı şəhərində yaşamışdır. Anası Rəcəbova (Abdullayeva) Ənbər Həşım qızı Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Burada o, Bakı şəhərində yerləşən 306 saylı orta məktəbi 2007-ci il tarixdə bitirmişdir. Azərbaycan Respublikası vətəndaşı olan X3 ilə ailə qurmuşdur. Nikahlarından iki övladı anadan olmuşdur. Hal-hazırda da ailəsi ilə birgə daimi olaraq 1988-ci ilin sentyabr ayından Bakı şəhərində yaşayır. O, müvafiq sənədlərlə birgə rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 22 noyabr 2021-ci il tarixdə müraciət edərək, onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsini xahiş etmişdir. O, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən həmin dövlətin vətəndaşı olmamağı barədə arayışı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdir. O, 1988-ci ildən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək heç bir xarici dövlətə getməmişdir. Bunlara baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən ona 07 dekabr 2021-ci il tarixli məktubla cavab verilmişdir ki, 1988-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Onlar 1988-ci ildən Qazaxıstandan Azərbaycana köçmüşlər. O, 1992-ci ildə boşanmış və hazırki soyadını götürmüşdür. İş materiallarında olan: İV-ИА seriyalı 360337 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 avqust 1988-ci il təvəllüdlü, Qazaxıstan Sovet Sosialist Respublikasının Alma-Ata şəhərində doğulmuş Ərizəçi atası X7, anası X6r; B 371440 nömrəli orta təhsil haqqında attestatdan görünür ki, Ərizəçi Şükür oğlu 2007-ci ildə Bakı şəhəri 306 saylı məktəbi bitirmişdir; AZ-İİİ seriyalı 851789 nömrəli və AZ-İV seriyalı 481792 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 29 sentyabr 2016-cı il təvəllüdlü X1 və 07 iyul 2020-ci il təvəllüdlü X5 atası X11, anası isə X2r; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 May Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Şükür oğlu anası X4 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır; Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 29 may 2018-ci il tarixli arayışdan görünür ki, “Qazaxıstan Respublikasında vətəndaşlıq haqqında” QR Qanunun qüvvəyə mindiyi günədək (yəni 01 mart 1992-ci ilədək) 22 avqust 1988-ci il təvəllüdlü vətəndaş Ərizəçi Qazaxıstan Respublikasında yaşamamışdır, yəni ona Qazaxıstan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu verilməmişdir. “Qazaxıstan Respublikasının vətəndaşlığı” haqqında Qazaxıstan Respublikasının Qanununa əsasən Ərizəçi Qazaxıstan Respublikasının vətəndaşı deyildir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 27 iyun 2018-ci il tarixli arayışdan görünür ki, 22 avqust 1988-ci il təvəllüdlü Ərizəçi 10775/m nömrəli, 04 iyun 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanladığı 07 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, 04 iyun 2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Rşspublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin 27 iyun 2018-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında'' Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, sonuncu 1988-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamadığı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsininin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 avqust 1988-ci il təvəllüdlü Ərizəçi İV-ИА seriyalı 360337 nömrəli Qazaxıstan Sovet Sosialist Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən Qazaxıstan Sovet Sosialist Respublikasının Alma-Ata şəhərində doğulmuş, sonradan ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız olaraq daimi yaşayır. Həmçinin müəyyən edilmişdir ki, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1988-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 avqust 1988-ci il tarixdə Qazaxıstan Sovet Sosialist Respublikasının Alma-Ata şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1988-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar