Məhkəmə qərarları › İş №2(3-7)-1106/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1106/2026

10.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1106/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi (bundan sonra – ərizəçi) (maraqlı şəxslər – * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi (bundan sonra – ərizəçi) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları

1. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə, Ərizəçi xahişinın təmin edilməsi, Ermənistan respublikası Amasiya rayonu, Təpəkənd kənd sovetliyi tərəfindən ##.##.1959-cu il tarixdə verilmiş l-3ж ****** saylı doğum haqqında şəhadətnamənin və Ermənistan respublikası Amasiya rayonu Əzizbəyov kənd sovetliyi tərəfindən ##.##.1979-cu il tarixdə verilmiş l-CЛ ****** saylı nikah haqqında şəhadətnamənin ## ###### 1959-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu Təpəkənd kəndində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kənd sovetliyi tərəfindən ##.##.1959-cu il tarixdə verilmiş İ-ZJ ****** saylı doğum haqqında akt qeydinin (şəhadətnamənin) və Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən ##.##.1979-cu il tarixdə verilmiş İ-SL ****** saylı nikah haqqında akt qeydinin (şəhadətnamənin) həmin sənədlərdə yazılan məlumatlara uyğun şəkildə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı (hakim – Cavid Tağıyev) ilə, ərizənin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır.

4. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinə səbəb olsun.

5. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçi Ərizəçi maraqlı şəxs * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin icraata qəbul olunmasından imtina edilməlidir.

6. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 153.2.1, 263, 264, 267, 268 və 307.1-ci maddələrinə və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təsrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 1.3-cü bəndinə istinadən əsaslandırmışdır.

7. Qərardaddan narazı qalan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini, işə baxılmasının davam etdirilməsini, əks təqdirdə şikayətə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

Qərardad qanunsuz və əsassızdır, ona görə də, qərardad ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, məhkəmə hazırda mübahisələndirdiyi qərardadı qəbul etməklə bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə onun ərizəsini geri qaytarmaqla, məhkəməyə müraciət etmək hüququmu məhdudlaşdırmışdır. Bundan başqa məhkəmə yalnızca Azərbaycan Respublikası Mülki- Prosessual

9. Məcəlləsinin 307.1-ci maddəsində sadalanan işlərə baxılması qənaətinə gəlməklə də yanlış qərar qəbul etmişdir. Belə ki, həmin maddənin sonuncu, yəni 307.2.11-ci hissəsi qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da baxılmasını nəzərdə tutmuşdur. Həmçinin Mülki Prosessual Məcəllənin 305.2-ci maddəsində də qeyd edilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Akt qeydinin bərpasına dair ümumi məhkəmələrdə baxılmış yüzlərlə qətnamələr mövcuddur. Elə vətəndaşlar üçün anonimləşdirilmiş məhkəmə qətnamələrinə nəzər salmaq kifayətdir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

10. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

12. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

15. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

17. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

18. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

19. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; ....

20. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

21. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. ...

22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarı

23. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

“Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Mghkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarı

24. Bənd 9.1. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM və ya MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – məhkəmə kollegiyası) qeyd edir ki, ərizəçi qərardadın ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək qərardadın əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

32. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

34. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

35. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.

36. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.

37. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

38. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.

39. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

40. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPMin 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır.

41. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman mübahisənin inzibati xarakterli olmasını əsas götürmüş və Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir.

42. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

44. Hazırkı işin materiallarından müəyyən olunur ki, ərizəçi bundan əvvəl Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kənd sovetliyi tərəfindən ##.##.1959-cu il tarixdə verilmiş İ-ZJ ****** saylı doğum haqqında şəhadətnamənin və Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən ##.##.1979-cu il tarixdə verilmiş İ-SL ****** saylı nikah haqqında şəhadətnamənin ## ###### 1959-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kəndində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə nail olmuşdur.

45. Bununla belə, hazırkı ərizə üzrə ərizəçinin məhkəmədən xahişi əvvəlki məhkəmə işi ilə eyni xarakter daşımır. Belə ki, hazırkı ərizədə ərizəçi həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini deyil, Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kənd sovetliyi tərəfindən ##.##.1959-cu il tarixdə verilmiş İ-ZJ ****** saylı doğum haqqında akt qeydinin (şəhadətnamənin) və Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən ##.##.1979-cu il tarixdə verilmiş İ-SL ****** saylı nikah haqqında akt qeydinin həmin sənədlərdə yazılan məlumatlara uyğun şəkildə bərpa edilməsini xahiş etmişdir.

46. Beləliklə, ərizənin məzmunundan və irəli sürülmüş tələbin hüquqi nəticəsindən aydın olur ki, ərizəçinin hazırkı müraciətinin mahiyyəti müəyyən hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsindən deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müvafiq akt qeydlərinin bərpa edilməsindən ibarətdir, hansı ki, həmin qeydləri təsdiq edən sənədlər mövcuddur və məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kənd sovetliyi tərəfindən ##.##.1959-cu il tarixdə verilmiş İ-ZJ ****** saylı doğum haqqında şəhadətnamənin və Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən ##.##.1979-cu il tarixdə verilmiş İ-SL ****** saylı nikah haqqında şəhadətnamənin ## ###### 1959-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kəndində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilmişdir.

47. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində isə məhkəmənin xüsusi icraat qaydasında müəyyən edə biləcəyi hüquqi əhəmiyyətli faktlar sadalanmış, 307.2.11-ci maddədə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir.

48. Lakin MPM-in 307.2.11-ci maddəsinin məzmunu məhkəməyə hüquqi əhəmiyyət daşıyan istənilən məsələni xüsusi icraat qaydasında həll etmək səlahiyyəti vermir. Həmin normanın tətbiqi üçün, ilk növbədə, məhkəmədən müəyyən edilməsi tələb olunan halın məhz hüquqi fakt xarakteri daşıması və onun müəyyən edilməsinin qanunvericilikdə başqa qaydada nəzərdə tutulmaması şərtləri mövcud olmalıdır. Hüquqi faktın müəyyən edilməsi ilə konkret hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitamı üçün hüquqi əhəmiyyət kəsb edən halın təsdiq edilməsi, həmin fakt əsasında inzibati orqanın həyata keçirməli olduğu qeydiyyat və ya digər inzibati funksiyanın məhkəmə tərəfindən birbaşa icra edilməsi isə mahiyyət etibarilə fərqli hüquqi məsələlərdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** nömrəli qərarının 1.3-cü bəndində də izah edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

50. Hazırkı halda isə ərizəçinin tələb etdiyi nəticə hər hansı hüquqi faktın müəyyən edilməsi ilə məhdudlaşmır. Ərizəçi artıq müəyyən edilmiş sənədlərə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sistemində mövcud olan müvafiq akt qeydinin bərpa edilməsini istəyir. Akt qeydinin bərpası isə özlüyündə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması sahəsində inzibati xarakterli fəaliyyətdir və xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə eyniləşdirilə bilməz.

51. Bu baxımdan ərizəçinin şikayətində istinad etdiyi MPM-in 307.2.11-ci maddəsi də hazırkı tələbin ümumi məhkəmədə xüsusi icraat qaydasında baxılmasına hüquqi əsas yaratmır. Əksinə, həmin normada açıq şəkildə “qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa” şərti müəyyən edilmişdir. Deməli, müəyyən halın və ya hüquqi nəticənin əldə edilməsinin qanunvericiliklə xüsusi inzibati və ya digər qaydası müəyyən edilmişdirsə, həmin məsələ 307.2.11-ci maddəyə əsasən xüsusi icraat qaydasında həll edilə bilməz.

52. Eyni zamanda, ərizəçinin MPM-in 305.2-ci maddəsinə istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin norma xüsusi icraat qaydasında MPM-də nəzərdə tutulmayan digər işlərə yalnız Azərbaycan Respublikasının qanunları ilə belə işlərə baxılması nəzərdə tutulduğu halda baxılmasının mümkünlüyünü ifadə edir. Bu norma məhkəmənin qanunvericiliklə müəyyən edilmiş aidiyyət qaydalarını kənara qoyaraq istənilən inzibati xarakterli tələbi xüsusi icraat qaydasında həll etməsi üçün ümumi hüquqi əsas kimi qəbul edilə bilməz.

53. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbinin hüquqi mahiyyəti nəzərə alındıqda, həmin tələb xüsusi icraat qaydasında olaraq mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir.

54. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəldiyi kimi, inzibati orqanların konkret fiziki şəxslərə münasibətdə hüquqi nəticə doğuran və onların hüquq və vəzifələrinə təsir edən qərarları, hərəkətləri və hərəkətsizliyi inzibati fəaliyyətin predmetini təşkil edir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması, həmin akt qeydlərində dəyişikliklərin edilməsi, akt qeydlərinin bərpası və bu sahədə digər qeydiyyat hərəkətlərinin həyata keçirilməsi də dövlət tərəfindən müəyyən edilmiş inzibati funksiyaların icrası ilə bağlıdır.

55. Hazırkı halda ərizəçinin tələbi müəyyən bir hüquqi faktın müəyyən edilməsindən ibarət olmayıb, konkret olaraq doğum və nikah haqqında akt qeydlərinin bərpa edilməsinə yönəlmişdir. Başqa sözlə, ərizəçi məhkəmədən onun üçün hüquqi əhəmiyyət daşıyan bir halın mövcudluğunun təsdiq edilməsini deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan səlahiyyətli orqanın həyata keçirməli olduğu qeydiyyat hərəkətinin nəticəsinin əldə edilməsini xahiş edir. Bu isə öz hüquqi mahiyyətinə görə xüsusi icraat predmetindən fərqlənir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 9.1-ci bəndində də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə müvafiq orqanlar arasındakı mübahisələrin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu təsbit edilmişdir.

57. Həmin hüquqi mövqenin mahiyyətindən çıxış etdikdə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində səlahiyyətli inzibati orqanın həyata keçirməli olduğu qeydiyyat hərəkəti ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmə icraatı qaydasında həll edilməsi tələb olunur. Çünki, belə halda bir tərəfdən öz hüququnun həyata keçirilməsini tələb edən fiziki şəxs, digər tərəfdən isə qanunla müəyyən edilmiş dövlət səlahiyyətlərini həyata keçirən inzibati orqan çıxış edir və mübahisənin predmeti həmin inzibati orqanın konkret hərəkəti həyata keçirməsi və ya keçirməkdən imtina etməsi ilə bağlı olur.

58. Bu baxımdan ərizəçinin tələb etdiyi doğum və nikah haqqında akt qeydlərinin bərpası da səlahiyyətli qeydiyyat orqanının həyata keçirməli olduğu inzibati hərəkət kimi qiymətləndirilməlidir. Əgər həmin orqan ərizəçinin müraciəti əsasında akt qeydlərinin bərpasını həyata keçirməkdən imtina edərsə və ya ərizəçinin müraciətini nəticəsiz saxlayarsa, həmin imtina və ya hərəkətsizlik ərizəçinin hüquq və qanunla qorunan maraqlarına təsir edən inzibati xarakterli qərar və ya hərəkətsizlik kimi qiymətləndirilməli və onun qanuniliyinə inzibati məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir.

59. Belə olan halda ərizəçinin hazırkı tələbi üzrə hüquqi müdafiənin düzgün prosessual vasitəsi xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi deyil, müvafiq inzibati orqana müraciət edilməsi (hazırki vəziyyətdə ərizəçi tərindən müraciət edilmiş və qeydiyyat şöbəsi tərəfindən isə ##.##.2026-cı il tarixli məktubla müraciət imtina edilmişdir), həmin orqanın mövqeyindən asılı olaraq isə inzibati məhkəmədə müvafiq iddianın qaldırılmasıdır. Əks yanaşma inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətinin məhkəmə tərəfindən xüsusi icraat çərçivəsində birbaşa həyata keçirilməsi nəticəsini doğura bilər ki, bu da məhkəmə ilə inzibati orqan arasında səlahiyyət bölgüsünə dair prinsiplərlə uzlaşmır.

60. Odur ki, ərizəçinin doğum və nikah haqqında akt qeydlərinin bərpasına yönəlmiş tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin tələb üzrə hüquqi müdafiə vasitəsi müvafiq inzibati orqana müraciət edilməsindən və inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyindən asılı olaraq inzibati məhkəmə icraatı qaydasında müvafiq iddianın irəli sürülməsindən ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi qanuni və əsaslı hesab edilməlidir.

61. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

62. Eyni zamanda MPM-in 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

63. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 153.2.1, 263, 264, 267, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar