Məhkəmə qərarları › İş №2(3-6)-3786/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3786/2026

01.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3786/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Kazımov İlqar Kazım oğlunun “nikahın qeyd edilmə faktının müəyyən olunması” barədə ərizəsi üzrə (Açar sözlər: nikahın qeyd olunma faktı, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ərizəçi Kazımov İlqar Kazım oğlunun və onun nümayəndəsi (vəkili) X2, qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış maraqlı şəxs1 İlqar oğlunun və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Kazımov İlqar Kazım oğlunun “nikahın qeyd edilməsi faktının müəyyən olunması” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsindən qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış maraqlı şəxs1 İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Kazımov İlqar Kazım oğlu ##.##.1964-cü il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur.

2. Kazımova Aysel İlqar qızı ##.##.1990-cı il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası Kazımov İlqar Kazım oğlu, anası İsmayılova Zenfira Avdil qızıdır və bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında ##.##.1990-cı il tarixdə *** №li akt qeydi tərtib olunmuşdur.

3. Kazımova Gülenber İlqar qızı ##.##.1991-ci il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası Kazımov İlqar Kazım oğlu, anası İsmayılova Zenfira Avdil qızıdır və bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında ##.##.1991-ci il tarixdə *** №li akt qeydi tərtib olunmuşdur.

4. maraqlı şəxs1 İlqar oğlu ##.##.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Kazımov İlqar Kazım oğlu, anası İsmayılova Zenfira Avdil qızıdır və bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında ##.##.1997-ci il tarixdə *** №-li akt qeydi tərtib olunmuşdur.

5. Bakı şəhəri maraqlı şəxs2 Kazımov İlqar Kazım oğluna ünvanladığı ##.##.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

6. İsmayılova Zenfira Avdil qızı ##.##.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2017-ci il tarixdə **** №-li akt qeydi tərtib olunmuşdur.

7. İsmayılova Zenfira Avdil qızından miras qalmış ünvan 1 ünvanında yerləşən ** saylı mənzil ##.##.2018-ci il tarixdə hər birinə 1/3 hissə olmaqla maraqlı şəxs1 İlqar oğlunun, Kazımova Aysel İlqar qızının və Kazımova Gülenber İlqar qızının adlarına qeydiyyata alınmışdır.

8. Kazımov İlqar Kazım oğlu maraqlı şəxs1 İlqar oğluna, Kazımova Aysel İlqar qızına və Kazımova Gülenber İlqar qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras paylarının yenidən müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. Kazımov İlqar Kazım oğlu (ərizəçi) ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.1988-ci il tarixdə Ermənistanın Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində onunla İsmayılova Zenfira Əbdül qızı arasında bağlanmış nikah akt qeydinin bərba edilməsi və nikahda olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, 1988-ci ilin sentyabr ayında İsmayılova Zenfira Əbdül qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları Ermənistanın Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində (icra nümayəndəliyində) rəsmiləşdirilmişdir. Məlum məsələlərlə əlaqədar olaraq daimi ata-baba yurdlarını tərk edərək deportasiya olunmuşlar. Həmin ərəfədə nikah haqqında sənədi itirmişlər. Birgə nikahlarından üç övladları - Aysel və Gülənbər adlı qızları, Fərid adlı oğulları anadan olmuşlar, uşaqların hər üçü həddi buluğa çatmışdır. Həyat yoldaşı 2017-ci ilin avqust ayında vəfat etmişdir. Rəhmətlik Zenfira İsmayılova ilə nikahlarını təsdiq edən sənəd itdiyindən hüquqi sahədə heç bir hərəkət edə bilmir. Bu səbəbdən onunla olan nikah akt qeydləri bərpa olunmalıdır. Bunun onun üçün hüquqi əhəmiyyyəti vardır, buna görə də nikah haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı maraqlı şəxs2 müraciət etmiş, lakin nikah Azərbaycanda qeydiyyata alınmadığına görə maraqlı şəxs2 nikah qeydinin bərpa edilməsindən imtina etmişdir.

11. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirmiş, ##.##.1988-ci il tarixdə Ermənistanın Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində onunla İsmayılova Zenfira Avdil qızı arasında bağlanmış nikahın qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşının yoldaşıdır. İlqar Kazımovla Zenfira İsmayılova arasındakı rəsmi nikah Ermənistanda, kənd sovetliyində bağlanmışdır və rəsmi nikahlarından üç övladları vardır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, İlqarın qardaşıdır. İlqar və Zenfira xanımın rəsmi nikahları Ermənistanda bağlanmışdır, məlum hadisələrlə bağlı nikah haqqında şəhadətnaməni köçəndə itirmişlər.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, İlqar və Zenfira xanımın qonşusu olmuşdur. Onların rəsmi nikahları olmuş, habelə onların toy mərasimində iştirak etmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşu olmuşdur. Onun toyunda iştirak etmişdir. İlqar Kazımovla Zenfira xanımın nikahları kənd sovetliyində bağlanmışdır.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

17. Birinci instansiya məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Kazımov İlqar Kazım oğlu ilə İsmayılova Zenfira Avdil qızı arasında ##.##.1988ci il tarixdə Ermənistanın Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində bağlanmış nikahın qeyd edilmə faktının müəyyən olunması qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Ərizəçi nikah akt qeydini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ## ##### 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.

Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Kazımov İlqar Kazım oğlu ilə İsmayılova Zenfira Avdil qızı arasında ##.##.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Prosessual Məcəllənin 307.1-ci, 307.2.3-cü, 307.2.11-ci, 308-ci, 311-ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən, qətnamənin maraqlarına toxunduğunu irəli sürən maraqlı şəxs1 İlqar oğlu apellyasiya şikayəti verərək onun ləğv və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Qətnamə qəbul edilərkən mən işdə iştirak etməyə cəlb edilməmişəm, baxmayaraq ki, qəbul edilən nəticə mənim hüquq və qanuni mənafelərimə birbaşa təsir göstərir və hazırda mənim mülkiyyətimdə olan mənzilin hüquqi rejiminin dəyişdirilməsi ehtimalını yaradır. Məhkəmə qətnamədə tərəflər arasında ##.##.1988-ci il tarixdə rəsmi nikahın bağlandığı nəticəsinə gəlmişdir. Lakin bu nəticə yalnız şahid ifadələrinə əsaslanmışdır. Şahidlər yalnız tərəflər arasında ailə münasibətlərinin və toy mərasiminin mövcudluğunu bildirmiş, lakin nikahın dövlət qeydiyyatına alınmasının konkret tarixi, qeydiyyat aktı və ya müvafiq rəsmi sənədlə bağlı hər hansı məlumat təqdim etməmişlər. Eyni zamanda, şahidlərin bu məlumatları hansı mənbədən əldə etdikləri, onların ərizəçi ilə qohumluq və ya qonşuluq əlaqələrinin mötəbərliyi və məlumatlılıq dərəcəsi məhkəmə tərəfindən tam araşdırılmamışdır. Beləliklə, məhkəmə yalnız ümumi xarakterli şahid ifadələrinə əsaslanaraq, həmin ifadələrdən irəli gəlməyən şəkildə nikahın konkret tarixdə və konkret inzibati ərazidə dövlət qeydiyyatına alındığı barədə nəticəyə gəlmişdir. Şahidlərin ifadələrində ##.##.1988-ci il tarixli nikah aktını, nikah şəhadətnaməsini, qeydiyyat kitabında qeydi gördükləri, nikahın bağlanmasında nikah şahidi kimi iştirak etdikləri və s. digər vacib detallar barədə heç bir məlumat yoxdur. Şahidlər rəsmi nikahın mövcudluğu barədə nəticə xarakterli fikir bildirmiş, lakin həmin nəticənin hansı obyektiv məlumatlara və ya sənədlərə əsaslandığını izah etməmişlər. Şahidlər məlumatın ümumi mənbəyini göstərsələr də, onların ifadələri nikahın konkret olaraq ##.##.1988-ci il tarixdə və Aralez kənd sovetliyində dövlət qeydiyyatına alınmasını təsdiq etmir. Şahid ifadələri yalnız ailə münasibətlərinin və toy mərasiminin mövcudluğunu göstərir. Məhkəmə isə həmin ifadələrdən çıxmayan nəticəyə gələrək konkret tarixdə nikahın dövlət qeydiyyatına alınması faktını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hesab olunan ##.##.1988-ci il tarixdə nikahın dövlət qeydiyyatına alınması faktı iş materiallarında olan sübutlarla təsdiq edilmir. Şahid ifadələri yalnız toy mərasiminin mövcudluğunu göstərir, lakin nikahın konkret tarixdə dövlət qeydiyyatına alınmasını sübut etmir. Məhkəmə sübutları obyektiv və hərtərəfli qiymətləndirmədən yalnız şahid ifadələrinə əsaslanmaqla nəticəyə gəlmişdir.”

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

22. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs1 və onun nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək qətnamənin ləğv olunmasını xahiş etmiş, ərizəçi və onun nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, maraqlı şəxs isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

23. maraqlı şəxs1 suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də Kazımov İlqar Kazım oğlu ataları, mərhum İsmayılova Zenfira Avdil qızı isə analarıdır, lakin onların arasında rəsmi nikah olmamışdır. Ataları 2008-ci ildən onlardan ayrı yaşamış, nə onun, nə bacılarının toyunda belə iştirak etməmiş, anası 2008-ci ildə boşanmaq üçün müraciət etmək istədiyi zaman rəsmi nikah şəhadətnaməsinin olmadığını bilmişdir.

24. İlqar Kazımovun nümayəndəsi (vəkili) bildirmişdir ki, mərhum İsmayılova Zenfira Avdil qızının 2008-ci ildə boşanmaq üçün müraciət etmək istəməsi onunla İlqar Kazımovun arasında rəsmi nikahın mövcudluğunu təsdiq edir, apellyasiya şikayəti bu səbəblə də əsaslı deyildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

30. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının.

31. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

32. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli ** saylı Qərarı

34. Bənd 4. MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

35. Bənd 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

36. Bənd 4.5. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

59. Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmuşdur.

60. Belə ki, işin hallarından ərizəçinin İsmayılova Zenfira Avdil qızı ilə Ermənistan Respublikasının Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində nikaha daxil olduğu qənaətinə gəlmək mümkündür, onlarının övladlarının, o cümlədən apellyatorun doğum haqqında akt qeydlərində ataları kimi ərizəçinin, anaları kimi Zenfira İsmayılovanın göstərilməsi də bu faktı təsdiq edən sübutlardan biridir.

61. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri məcmu halında ərizəçi ilə Zenfira İsmayılova arasında rəsmi nikah münasibətlərinin mövcud olduğunu təsdiq edir.

62. Şahidlərin ərizəçi ilə qohumluq və qonşuluq (həmyerlilik) münasibətlərinin olduğu onların anket məlumatlarından aydın şəkildə görünür, məhz bu cür yaxın münasibətlərdə olan şəxslər keçmişdə baş verənlərə şahidlik edə bilərlər; onların ifadələrini təkzib edən hər hansı mötəbər sübut isə təqdim edilməmişdir.

63. Ərizəçinin nikah haqqında sənədin itirilməsi ilə əlaqədar qeydiyyat orqanına müraciət etdiyi və nikah qeydinin başqa qaydada bərpasının mümkün olmadığı da iş materiallarından görünür - bu hal MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş şərtin mövcudluğunu təsdiq edir.

64. Apellyasiya şikayətində nikahın konkret olaraq ##.##.1988-ci il tarixdə və Aralez kənd sovetliyində dövlət qeydiyyatına alınmasının şahid ifadələri ilə təsdiq edilmədiyi bildirilirsə də, sübutlar ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirilməlidir.

65. İş üzrə müəyyən edilmiş şəxsi və ailə vəziyyəti məlumatları, üç övladın eyni şəxslərin övladları kimi qeydiyyata alınması, şahid ifadələri, toy şəkilləri və qeydiyyat sənədinin bərpasının mümkün olmaması barədə məlumatlar birlikdə qiymətləndirildikdə, ərizəçinin göstərdiyi faktın müəyyən edilməsi üçün kifayət edir.

66. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar