Məhkəmə qərarları › İş №2(001)-1037/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1037/2022

03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1037/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, Ərizəçinin nümayəndəsi, vəkil X5 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1975-ci il tarixdə Ermənistan, Meqri rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, doğum haqqında itirilmiş qeydin bərpa edilməsi məqsədi ilə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin Binəqədi rayon qeydiyyat şöbəsinin 10 dekabr 2021-ci il tarixli məktubuna əsasən ərizəsi təmin edilməmişdir. Belə ki, miras əmlakın tərəfindən qəbul edilməsi məqsədi ilə təqdim etməli olduğu sənədlərdən biri də doğum haqqında şəhadətnamə olsa da, həmin sənəd onda yoxdur. Bu səbəbdən doğumun qeyd edilmə faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əvvəllər doğum şəhadətnaməsi olmuş, lakin sonradan itirdiyindən və doğum akt qeydi məlum məsələyə görə bərpa edilə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, tədqiq edilmiş sübutları qiymətləndirib o qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin müvafiq maddələrinə və həmin məsələ ilə bağlı Ali Məhkəmənin Plenumunun mövqeyinə nəzər yetirək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədi vardır. Belə ki, Binəqədi RPİ tərəfindən 02.06.2010-cu il tarixdə verilən şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə, Ermənistan, Megri rayonunda doğulmuşdur, onun yaşayış yeri Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra-15, ev 67/87-dir. Bundan başqa Ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona 10.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, doğum faktının müəyyən edilməsinin müvafiq qeydlər saxlanılmadığına görə bərpası mümkün deyildir və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Bundan başqa “X1 Vəsiqəsindən” görünür ki, xx xxx 1975-ci il təvəllüdlü Ərizəçi 27.02.1992-ci ildə tibbi komisiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin vəsiqədə onun doğum yeri Ermənistan Respublikası, Meqri rayonu, milliyyətinin azərbaycanlı olduğu göstərilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş X6 doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası X2, milliyəti azərbaycanlı, anası X3 milliyyəti azərbaycanlıdır. Ərizəçi tərəfindən təqdim edilmiş X4 doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası X2, milliyəti azərbaycanlı, anası X3 milliyyəti azərbaycanlıdır. Ərizəçi tərəfindən təqdim edilmiş X7 doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası X2, milliyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlıdır. Hər üç şəxsin doğum yeri Ermənistan SSR, Meqri rayonu, doğum tarixləri də müvafiq olaraq 1969, 1972, 1973-dür. Ərizəçi həmin şəxslərin onun qardaşı və bacısı olduğunu və həmin qohumluq faktını başqa qaydada təsdiq edə bilmədiyini bildirir. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki həm şəxsiyyət vəsiqəsində, həm də “X1 Vəsiqəsində” onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Eyni zamanda ərizəçi tərəfindən təqdim edilən doğum haqqında şəhadətnamələrdə olan uyğunluq da, həmin şəxslərin onun bacısı və qardaşı olduğunu dolayı yolla təsdiq edir. Lakin məlum məsələlərlə bağlı Ermənistan Respublikasında doğulmuş şəxslərin doğum akt qeydini bərpa etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 1975-ci il tarixdə Ermənistan SSR, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Meqri rayonu”, doğum tarixi qrafasında “xx.xx.1975”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X2, milliyəti azərbaycanlı”, anası qrafasında “X3, milliyyəti azərbaycanlı” göstərilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1975-ci il tarixdə Ermənistan SSR, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Meqri rayonu”, doğum tarixi qrafasında “xx.xx.1975”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X2, milliyəti azərbaycanlı”, anası qrafasında “X3, milliyyəti azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar