Məhkəmə qərarları › İş №2(001)-1042/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1042/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1042/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “nikahın qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “nikahın qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1958-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuşdur. Hal-hazırda faktiki olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. O, həyat yoldaşı 14 fevral 1958-ci il təvəllüdlü X1 ilə 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası, Krasnoselo rayonunda rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 19 may 1988-ci il təvəllüdlü X6 və xx.xx.1991-ci il təvəllüdlü X4 adlı 2 övladları dünyaya gəlmişdir. Həyat yoldaşı bir müddət öncə nikah haqqında şəhadətnaməni çantasında daşıdığı zaman itirmişdir. Nikah haqqında şəhadətnaməni uzun müddət axtarmağa cəhd etsələr də, faydası olmamışdır. Nikah haqqında şəhadətnaməni təkrar almaq üçün 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 saylı Bakı “Asan Xidmət” X2 müraciət etmişdir. Oradan imtina edilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, o, nikah akt qeydinin bərpasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikah haqqında şəhadətnamə bir sıra hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Bununla yanaşı bildirmişdir ki, 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən 12 oktyabr 2021-ci il tarixdə verilmiş və hal-hazırda aktiv olan ona məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin ailə vəziyyətinin qeyd olunan hissəsində onun ailə vəziyyəti “evli” olaraq qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsi verilərkən qeyd etdiyi nikah haqqında şəhadətnamə mövcud olmuş və tərəfindən polis əməkdaşlarına təqdim edildiyi üçün ailə vəziyyəti “evli” kimi qeyd edilmişdir. E-məhkəmə sistemində ailə vəziyyətinə nəzər salınsa bunun şahidi ola bilərsiniz. İş üzrə qeyd etdiklərini təsdiq edəcək şahidlərin iştirakı məhkəmə iclasında tərəfindən təmin ediləcəkdir. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi ilə əsaslandıraraq, onunla həyat yoldaşı X1 arasında 1986-cı ilin iyun ayının 25də Ermənistan Respublikası Krasnoselo rayonunda bağlanmış nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla həyat yoldaşı X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası Krasnoselo rayonunda bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən maraqlı şəxs X7 ərizəçı Ərizəçi ərizəsinə münasibətdə bildirmişdir ki, həqiqətən də, Ərizəçi ilə 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası Krasnoselo rayonunda nikaha daxil olmuşlar və nikahları rəsmiləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxslər 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi və X7 məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, şöbə tərəfindən ərizəçiyə itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi və ona kifayət qədər əsaslar olmadığından ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. İş materiallarında olan AA3794827 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 15958598 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, həmin məlumatlarda Ərizəçi ailə vəziyyəti “evli” kimi qeyd edilmişdir. İş materiallarında olan maraqlı şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, S.Xəlilova ərizəsində göstərmişdir ki, hazırki iş üzrə maraqlı şəxs qismində işə cəlb edilmiş, həqiqətən də, Ərizəçi ilə 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası Krasnoselo rayonunda nikaha daxil olmuşlar və nikahları rəsmiləşdirilmişdir. Həmin faktın təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin oğlu olmaqla yanaşı, Ərizəçi ilə X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikasının Krasnoselo rayonunda bağlanmış nikahlarının rəsmiləşdirilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin bacısının yoldaşı olmaqla yanaşı, Ərizəçi ilə X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikasının Krasnoselo rayonunda bağlanmış nikahlarının rəsmiləşdirilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Ərizəçi ilə X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikasının Krasnoselo rayonunda bağlanmış nikahlarının rəsmiləşdirilməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi və X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası Krasnoselo rayonunda bağlanmış nikahın qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və X7 arasında 1986-cı ilin iyun ayının 25-də Ermənistan Respublikası Krasnoselo rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Şəhadətnamənin verilməsi 7 saylı Bakı “ASAN xidmət” X2 həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar