Məhkəmə qərarları › İş №2(001)-1065/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1065/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1065/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabehin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və övladları xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən iki mərtəbəli, 2 otaq, 2 dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2004-cü il tarixində faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh ilə ailə münasibətləri normal olsa da, bir müddətdən sonra pozulmağa başlamışdır. Ailə münasibətləri pozulanadək Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən sənədsiz özbaşına tikili olan 2 mərtəbəli, ümumi sahəsi 38,88 kv.m olan, cəmi 2 otaq, 2 dəhliz və 1 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır.Cavabdeh münasibətləri pozulduqdan sonra onu min bir bəhanə ilə evdən çıxartmaq istəmiş və sonunda istəyinə nail olmuşdur. Əlavə olaraq qeyd edir ki, geyimlərini götürməyə getdiyi zaman cehiz əşyaları olan soyuducu və paltaryuyan maşının evdə olmadığını görmüşdür. Cavabdeh isə bacısının onları öz evinə apardığını bildirmişdir. Dəfələrlə həmin evə qayıtmağa çalışsa da, cavabdeh onu evə buraxmamışdır. O, evsiz qalmışdır. Azyaşlı uşaqları onun himayəsindədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cehiz əşyaları həmin evdədir. Cavabdeh ilə heç vaxt rəsmi nikahı olmamışdır. Ev 2 mərtəbəli olsa da, həyəti balacadır. Evə daxil olduqda ensiz kalidoru, sağ tərəfdə sanitar qovşağı, yuxarı mərtəbədə 1 otaq, aşağı mərtəbədə isə bir otaqdır. Teelvizor otağı isə aşağıdadır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun 2 uşağı orada qeydiyyatdadır. Həmin evin sənədi yoxdur. Özbaşına tikilidir. Ev vəfat edən baldızının evi olmuşdur. 2014-cü ildən orada yaşamış, 2020-ci ilin iyun ayından oradan çıxmışdır. 2014-cü ildə qaynatası və baldızı həmin evdə qalmışdır. Cavabdeh onu heç vaxt nikaha aparmamışdır. Cavabdehin ikinci onun isə birinci nikahı olmuşdur. Cavabdeh ona və uşaqlara qarşı çox təhqirlər etmişdir. O, 15 il bu vəziyyətə dözmüşdür. Uşağı nitq qüsurludur. Cavabdeh yemək üstündə uşağa qarşı sərt ifadələrdə istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, iş materiallarında müvafiq dövlət idarələrinə etdikləri sorğuların cavabı vardır. İcra Hakimiyyətinin sorğuya verdiyi cavab ilə həmin tikilinin qanunsuz tikili olduğu sübut olunur. Cavabdehin övladları həmin mənzildə pasport qeydiyyatındadırlar. Bu da həmin evdə onların yaşadığını sübut edir. İddiaçı iddia ərizəsində nikahlarının pozulmasını yox, münasibətlərinin pozulmasını qeyd etmişdir. Qeyd olunan sosial kirayə müqaviləsinə aid normalar Konstitusiya Məhkəməsinin plenum qərarlarında sadalanır. Həmin qərarlarda hüquqmüəyyənedici sənədləri olan əmlaklar üçün bu normalara istinad nəzərdə tutulmuşdur. O, sorğularında göstərdiyi suallarının məhz bu məqam təşkil etmiş və cavabında müəyyən edilmişdir ki, həmin mənzil özbaşına tikili statusuna malikdir. 2014-cü ildən 2020-ci ilədək faktiki olaraq həmin mənzildə yaşamışlar. Təmir və yaxşılaşdırmada iştirak etmişlər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının başqa qalacaq yeri yoxdur. Bacısının şəraitsiz bir otaqlı evində qalmışdır. Tikili tikinti normalarına uyğun uygun bir tikili deyildir. Həmin ərazilərdə belə tikililər çoxdur. Həmin mənzil cavabdehin bacısı tərəfindən etibarnamə ilə alınmışdır. Həmin evin çıxarışı olmadığından alğı-satqı olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, tərəflər ailə qurduqdan sonra bir müddət kirayələrdə yaşamışlar. Daha sonra isə Biləcəri qəsəbəsində yerləşən mübahisəli ünvana köçmüş və o evdə yaşamışlar. Məhkəmənin nəzərinə çatdırır ki, Bələdiyyənin verdiyi sənədlərdən məlum olur ki, bu ev özbaşına tikilidir. 2014-cü ilin sentyabr ayına qədər cavabdehin bacısı orada qalmışdır. Cavabdehin bacısı öldükdən sonra şəxslər ora köçmüşlər. İddiaçı çox acınacaqlı durumdadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil, izahatında bildirmişdir ki, mənzilin xüsusi mülkiyyət olması mübahisə edilmir. İddiaya etiraz edir. İddiaçının ora rəsmi pasport qeydiyyatı yoxdur. İddia tələbini əsaslandırmaq üçün sosial kirayə müqaviləsinin normalarına istinad etmişlər. Lakin sosial kirayə müqaviləsi yoxdur. Tərəf etiraf edir ki, sözügedən mənzil qeyri-qanuni yollarla şifahi qaydada alğı-satqı ilə cavabdehin bacısı tərəfindən alnmışdır. Tərəflərin nikahı ləğv edilmişdir. Cavabdehin iddiaya cavab verməsi üçün onun mübahisəli mənzillə bağlığının olması gərəkdir. İddiaçı iddia etdiyi halları sübut etməlidir. Çünki Cavabdeh həmin ünvanda yaşamır və ora ilə hüquqi bağlılığı yoxdur. Qarşı tərəf özü qeyd edir ki, evi iddiaçının bacısı almışdır. Cavabdehin həmin mənzillə hüquqi bağlılığı olsa idi belə birmənalı şəkildə Konstitusiya Məhkıməsinin qərarı vardır ki, bu mübahisələrin həlli zamanı 2009-cu ilə qədər Mənzil Məcəlləsinin 228-ci, 2009cu ildən sonra isə Mənzil Məcəlləsinin 36-cı maddəsi ilə nizama salınır. Bayramov Novruzun cavabdeh qismində cəlb edilməsi üçün əsas yoxdur. İddia əsassızdır. Həmin evin təmsil etdiyi şəxslə heç bir bağlılığı yoxdur. Sorğulara verilən cavablarda belə həmin mənzillə cavabdeh arasında hər hansı bir bağlılığın olması müəyyən edilmir. Həmin evdə nə iddiaçı, nə də ki, onun uşaqları qeydiyyatdadır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları aşağıdakı kimidir: 1) iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuşlar, 2) tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır, 3) iddiaçının uşaqları ilə birlikdə köçürülmək istədiyi Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən ev faktiki olaraq özbaşına tikilidir, 4) xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar, 5) iddiaçı mübahisələndirilən evdə uzun müddət yaşadığını və cavabdeh tərəfindən münasibətləri pozulduqdan sonra evdən çıxarıldığını iddia edir, 6) cavabdeh tərəf evin onunla bağlı olmadığını, evin bacısına aid olduğunu və iddiaya cavab verməli şəxs olmadığını bildirərək iddiaya etiraz edir. Beləliklə məhkəmə tərəfindən araşdırılmalı olan işin mübahisələndirilən halları ondan ibarətdir ki, qeyd edilən tikili fiziki baxımdan mövcuddurmu, iddiaçı faktiki nikah münasibətlərində olduğu müddətdə həmin evdə yaşamışdırmı, cavabdehin həmin evlə bağlılığı vardırmı. Evin fiziki cəhətdən mövcud olması BRİH-nin biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş sxemlə və yetkinlik yaşına çatmayan uşaqların həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. Mübahisələndirilən ev özbaşına tikili olduğundan cavabdehin həmin evlə hüquqi bağlılığının rəsmi sənədlərlə təsdiq olunması onsuz da mümkün deyildir. Lakin yuxarıda qeyd edilən sxemdə göstərilən X2 cavabdehin bacısı olduğu mübahisələndirilən hal olmadığından və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları cavabdehin mübahisəli evlə bağlılığını dolayı yolla təsdiq edir. Eyni zamanda cavabdehin iddiaya qəti şəkildə etirazı iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneənin olduğuna dəlalət edir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Sadalananlara əsasən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda uşaqları ilə birlikdə yaşadığı və birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Bundan başqa, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanında yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar