Məhkəmə qərarları › İş №2(3-7)-842/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-842/2026

24.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-842/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Hakimlər X25 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2025-ci il tarixli ******* saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, X4 şəhəri Heydər Əliyev prospekti ev 87 ünvanında qeydiyyatdadır.

2. ##.##.2025-ci il tarixli ******* saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, X1 şəhəri Heydər Əliyev prospekti ev 87 ünvanında qeydiyyatdadır.

3. Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında ##.##.2021-ci il tarixdə 231 nömrə ilə bağlanmış nikah pozulmuşdur.

4. ##.##.2025-ci il tarixli ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı ##.##.2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulmuşdur.

5. ##.##.2025-ci il tarixli *********** saylı mədaxil qəbzindən görünür ki, Mediasiya Bərdə 1 təşkilatına 60 manat məbləğində rüsum ödənmişdir.

6. ##.##.2025-ci il tarixli ** saylı Bərdə şəhər Mənzil Təmir İstismar idarəsi sahəsinin verdiyi məktubdan görünür ki, Bərdə şəhər Heydər Əliyev prospekti 87/9 ünvanındakı 20 kv.m mənzil Cavabdeh adına olmuşdur. Həmin bina 2021-ci il tarixdə yanmış və adı gedən binanın sakinləri müvəqqəti sığınacağa yerləşdirilmişdirlər. Təbriz küçəsi 53 və 55 ünvanında qəzalı binalar sökülmüş və yerində iki ədəd 6 mərtəbədən ibarət yeni bina tikilmişdir. Bərdə şəhər Heydər Əliyev prospekti 87/9 ünvanında qeydiyyatda olan Cavabdeh da ailə üzvlərinin sayı nəzərə alınaraq ## #### 2025-ci il tarixində 3 otaq 79,41 kv.m olan mənzil verilmişdir. Mənzil Təmir İstismar Sahəsinin H.Əliyev prospekti 87/9 ünvanında qeydiyyatda olanlar: Cavabdeh, X6, X5, X8, X9, X1, X15, X7, X2 və Salmanova Təranə Fikrət qızıdır.

7. ##.##.2025-ci il tarixli ** saylı Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil Təmir- İstismar Sahəsinin verdiyi məlumatdan görünür ki, H.Əliyev prospekti 87/9 ünvanı Cavabdeh adınadır. Bina yanan vaxtı oğlu X5 yoldaşı X10 övladları X9 və X1 yaşamışlar. Həmin bina 2021-ci ildə yanmış və orda yaşayan sakinlərin əmlakına küllü miqdarda ziyan dəymişdir. Yanğın zamanı X10 cehiz əşyaları da yanmışdir. Bununla əlaqədar olaraq binada yaşayan sakinlərə əmlaka dəyən ziyana görə kompensasiya ödənilmişdir. Cavabdeh adına olan mənzil yandığına görə onun adına 10 000 manat kompensasiya verilmişdir. Ayrılan pulun 4000 manatı isə X10 verilmişdir. FHN-i bina sakinlərinə və həmin ünvanda yaşayan X10 müvəqqəti sığınacaq verilmiş, bu günə kimi övladları ilə birlikdə həmin sığınacaqda yaşamışdırlar.

8. ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. ##.##.2025-ci il tarixli Bərdə RİHB-nin Alpoud kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Qədirova Lamiə Adil qızı Bərdə rayon Alpoud kəndində yaşayır.

10. ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubılik hüquqi şəxsi tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, Cavabdeh adına Bərdə şəhəri, H. Əliyev pr 87/9 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, övladları X9, X1 ilə birgə gəlin köçərək yaşadığı və hazırda da övladlarının daimi qeydiyatda olduğu Bərdə ray. H.Əliyev pr 87/9 ünvanına köçürülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehin oğlu X5 ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan ##.##.2013-cü il təvəllüdlü X4, ##.##.2014-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bərdə rayon məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. ##.##.2025 ci il tarixdə isə nikahın pozulması haqqında şəhadətnamə almışlar. Bərdə şəhəri Mənzil Təmir Istismar Sahəsində Bərdə şəh H.Əliyev pos. 87/9 da 20 kv.m mənzil Cavabdeh adına olmuşdur. Həmin bina 2021-ci ildə yanmışdır. Yerində iki ədəd 6 mərtəbəli bina tikilmiş, həmin Bərdə şəh H.Əliyev prospekti 87/9 da ünvanında qeydiyatda olan cavabdehə onlar ailə üzvlərinin sayına görə ##.##.2025 ci il tarixdə 3 otaqlı 79,41 kv m olan mənzil verilmişdir. Övladları X9, X1 və o da həmin mənzildə qeydiyyatdadırlar. Övladları orada dünyaya gəlmiş və orda böyümüşlər. Hazırda onu və övladlarını həmin mənzilə köçüb yaşamağa imkan vermirlər. Onun yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki həmin evə övladları ilə köçürülməsi və yaşamaları zəruridir. Bu barədə mediasiya şurasına etdiyi müraciətə görə ##.##.2025-ci il tarixli ***** saylı rəsmi məktub verilmişdir ki məhkəməyə müraciət etsin.

13. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Y.Abdullayev) iddia təmin edilmiş, İddiaçı övladları ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü X1 ilə birlikdə Bərdə şəhəri, H.Əliyev pr 87/9 ünvanına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə müvafiq mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab etmişdir ki, iddiaçı İddiaçı mübahisəli yaşayış evinə gəlin köçərək orda yaşamağa başladığı ildə mübahisəli yaşayış evi mülkiyyət kimi hüquqi qeydə alınmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsi tətbiq edilməklə münasibətlər yarandığı dövrdə ## ####### 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməklə yaranmış mübahisə həll edilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından o, cavabdehlərin ailə üzvü hesab edilir.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mübahisəli yaşayış evinə köçüb yaşamasına və cavabdehlərlə ümumi təsərrüfat aparmasına baxmayaraq cavabdeh heç bir əsas olmadan İddiaçı yaşayış evindən çıxararaq onun uşaqları ilə birlikdə həmin yaşayış evinə köçüb yaşamasına maneə törədir.

17. Qeyd olunmalıdır ki, mübahisə obyekti ünvan 2/9yerləşən fərdi yaşayış evinin mülkiyyətdə olmasına dair təsdiqedici sənəd müəyyən olunm ur.

18. Nəzərə alınmalıdır ki, Bərdə şəhəri, H.Əliyev pr 87/9 ünvanında olan cəmi 20 kv.m mənzil 2021-ci il tarixdə yanmış, iddiaçı, övladları daxil olmaqla ailə üzvlərinin sayı nəzərə alınaraq cavabdeh 3 otaqlı 79,41 kv.m mənzillə təmin olunmuşdur. Həmin vaxt İddiaçı cehiz əmlakına dəyən zərərə görə 4.000 manat məbləğində kompensasiya ilə təmin edilmişdir.

19. Məhkəmə öz mövqeyini Konstitusiyanın 29-cu maddəsinə, Mülki Məcəllənin 11.1, 11.2, 11.4, 11.5, 152.1-cü maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 2-ci bəndinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına, Mülki-Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı oğlu X5 ilə bir nikah dövründə yaşadıqları vaxt, oğlu ev almış və həmin evi İddiaçı adına rəsmi olaraq almışdır. İddiaçı ilə Zaur Salmanov ayrıldıqdan sonra həmin evi məhkəmə qaydasında bölməmiş, həmin evdən pay istəməmiş evdən çıxmışdır. Həmin evi oğlu Zaur Salmanov övladlarının və İddiaçı yaşaması üçün qoyub çıxmışdır. Lakin məhkəmə araşdırma edən zaman bunların heç birinə önəm verməmiş, İddiaçı adına hər hansı bir əmlakın olub-olmaması barədə məhkəmə sorğusu verməmişdir. Bundan əlavə, iddiaçın köçmək istədiyi evin heç bir təsdiq edici çıxarışı və ya sənədi yoxdur. Yanmış olan evin yerində tikilmiş binanın hansı mənzili hansı bloku məlum deyil ki, veriləcək ya yox. Çünki yanmış olan mənzil üçün dövlət tərəfindən onlara və iddiaçıya kompensasiya ödənilmişdir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi İdarəsinə sorğu verərək, iddiaçın köçmək istədiyi evin hər hansı bir çıxarışı və ya sənədi olması barədə məlumat verilməsini istəmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi İdarəsi sorğuya cavab verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi istəyir. Həmin ünvandakı mənzildə yaşayışın olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarı: yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

31. İşə baxan məhkəmə mübahisə üzrə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı mübahisəli evə gəlin köçdüyünə, cavabdehlərin ailə üzvü kimi birgə yaşadığına görə cavabdehin ailə üzvü hesab edilməlidir, cavabdeh isə iddiaçını yaşayış evindən çıxarmaqla həmin evdə yaşamasına heç bir əsas olmadan maneə törədir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli yaşayış sahəsindən cavabdehin ailə üzvü olması əsası ilə istifadə hüququnun mövcudluğu və həmin hüququn müdafiəsi məqsədilə onun yaşayış sahəsinə köçürülməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

33. Belə ki, əvvəla qeyd edilməlidir ki, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsinin 2021-ci ildə yanğın nəticəsində məhv olduğu iş materialları ilə müəyyən edilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının yanıb məhv olmuş yaşayış sahəsinə faktiki və hüquqi baxımdan köçürülməsinin mümkün olub-olmadığını nəzərə almamışdır.

34. Həmin yaşayış sahəsi artıq mövcud olmadığından iddiaçının həmin sahəyə köçürülməsinin təmin edilməsi faktiki olaraq mümkün deyildir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan iş üzə nəticəyə gəlmişdir.

35. İşin bu halına münasibətdə iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahat onun ilkin iddia ərizəsində göstərdiyi tələbin məzmunu ilə uzlaşmır. İddiaçı tələbinin əsaslandırılması zamanı 2021-ci ildə yanmış yaşayış sahəsinin ünvanını göstərmiş və ora köçürülməsi istəyini qeyd etmişdir. Lakin məhkəmə iclasında iddiaçı hazırda həmin yaşayış sahəsinə deyil, onun əvəzinə dövlət tərəfindən təmin edilmiş yeni mənzilə köçürülmək istədiyini bildirmişdir.

36. Eyni zamanda, iddia ərizəsində 2021-ci ildə baş vermiş yanğın hadisəsindən sonra dövlət tərəfindən cavabdehin ailə üzvlərinin sayı (ailə üzvü kimi iddiaçı da daxil olmaqla) nəzərə alınmaqla yaşayış sahəsi ilə təmin edildiyi və ya həmin əsasla yeni yaşayış sahəsinin verilməsinin nəzərdə tutulduğu bildirilmiş olsa da, iş materiallarında bu halları təsdiq edən hər hansı müvafiq qərar, sərəncam, yeni yaşayış sahəsinin verilməsi barədə sənəd, mənzil bölgüsünə dair sənəd və ya digər mötəbər sübut mövcud deyildir.

37. Bundan əlavə, kollegiya işə baxan məhkəmənin iddiaçının cavabdehə münasibətdə ailə üzvü olması barədə gəldiyi qənaətinə də aydınlıq gətirilməsini zəruri hesab edir.

38. Mübahisəli yaşayış sahəsinin dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmaması şəraitində məhkəmə mübahisəyə analogiya üzrə Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq etməklə hesab etmişdir ki, iddiaçı kirayəçi hesab edilən cavabdehin ailə üzvü olduğuna görə onunla eyni hüquqlara malikdir.

39. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən, iddiaçının 2012-ci il tarixdə cavabdehin oğlu ilə nikaha daxil olaraq gəlin köçdüyü, hazırda uşaqları ilə birlikdə köçürülməsi xahiş edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının həmin evə cavabdehin ailəsinə gəlin köçməsi və müəyyən müddət ərzində orada faktiki yaşaması isə özlüyündə onun həmin yaşayış sahəsinə münasibətdə yaşamaq hüququnun olduğunu təsdiq edən hüquqi əsas kimi qəbul edilə bilməz.

40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" ## ####### 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, Mənzil Məcəlləsinin istinad edilən maddəsində kimlərin ailə üzvü hesab edildiyi, kimlərin isə bu statusa daxil edilə biləcəyi nəzərdə tutulmuşdur.

41. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

42. Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından iddiaçı cavabdehin ailə üzvü deyildir. Ona görə ki, Mənzil Məcəlləsinin istinad edilən 30-cu maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. İddiaçı ilə cavabdehin oğlu arasında ailə münasibətlərinə xitam verildiyinə görə iddiaçı digər qohum statusunda da deyil. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir.

43. Həmçinin, birgə nikahdan doğulmuş ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2014cü il təvəllüdlü X1 Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən yaşayış yeri iddiaçının yaşayış yeri sayılır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.

45. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan alınaraq cavabdehin xeyrinə ödənilsin. İddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 60 manat mediasiya ödənişi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar