Məhkəmə qərarları › İş №2(3-6)-3844/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3844/2026

14.09.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3844/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər ##.##.1977-ci ildən rəsmi olaraq ər-arvad münasibətlərində olmuşdurlar, bu münasibətlərdən 2 övladları vardır. Tərəflər birgə nikah dövründə ## ##### 2010-cu il tarixdə ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili almışdırlar. Tərəflərin nikahı 2024-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmçinin Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar, o cümlədən mübahisəli mənzil üzərində tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilmiş və daha sonra daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyətə dair çıxarış verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, ** saylı mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, ** saylı mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ailə həyatı qurmuş və nikahları ##.##.1977-ci ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində ##.##.1977-ci il tarixdə 460 nömrə ilə qeydə alınmış və nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan ##.##.1978- ci il tarixdə X3 və ##.##.1880-cı il tarixdə X2 doğulmuşdur. Məlumat üçün bildirir ki, birgə nigah dövründə nikah zamanı ##.##.2010-cu il tarixdə Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 130.5 kv.metr, yaşayış sahəsi 76,3 kv.metr, köməkçi sahəsi 54,2 kv.metr olan 3 otaqlı mənzili 71.000 manata alıb. Mənzili aldıqları gündən cavabdehlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyeva küçəsi, ev 20, ** saylı mənzilində birgə yaşamışlar, ev təsərrüfatını birgə idarə etmişdirlər. 2024-cü il tarixdə iddiaçıya məlum olmayan səbəblərdən cavabdeh Cavabdeh iddiaçı küçədən qayıdarkən, yaşadıqları mənzilin giriş qapısını içəridən bağlamış, qapını ona açmamış və onun mənzilə daxil olmağına imkan verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ünvan 1 (Yeni qaydalarla: AZ 1008, ünvan 2) ünvanında yerləşən mənzilə köçürülməsi və cavabdeh Cavabdeh dövlət rüsumu kimi 100 (yüz) manatın tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququ 1/2 hissədə olduğundan həmin mənzildən istifadə ilə bağlı subyektiv hüququ vardır. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzildə yaşayan və mülkiyyət hüququ olan cavabdehin hüquqa zidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da, iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. İddiaçı həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, onun evə köçürülməsinə dair iddiası təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmlakında və qeydiyyatda olduğu digər daşınmaz əmlaklar var. O, həmin əmlaklarda yaşayır. Sadəcə cavabdehə mane olmaq üçün, ona qarşı təxribat niyyətli olduğu üçün onun yaşadığı ünvana köçmək barədə qərar çıxarmağa çalışır. Digər tərəfdən dövlət rüsumunu iddiaçı ödəmişdir. Nə iddia ərizəsində, nə də məhkəmənin gedişində iddiaçı dövlət rüsumunu tələb etməmişdir. Xüsusi ilə vurğulayır ki, hətta hakim məhkəmənin gəldiyi yekun nəticəni elan edərkən də, dövlət rüsumunun cavabdehdən tutulmasını bildirməmişdir. Lakin sonradan qətnamədə bu barədə qərəzli olaraq ondan tutulmasını qeyd etmişdir. Bunun üçün məhkəmənin video görüntülərinə baxılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda məhkəmə təqdim edilən sübutları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməməsinə baxmayaraq, təqdim edilən sübutlara əsassız olaraq şübhə ilə yanaşmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Mülki Məcəllə:

6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol:

1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da, gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ##.##.1977-ci ildə nikaha daxil olmuş, nikahları ##.##.1977-ci il tarixdə *** nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin nikahı Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, ##.##.2010-cu il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20-də yerləşən ** saylı, ümumi sahəsi 130,5 kv.metr olan üç otaqlı mənzil satın alınmışdır. Sonradan həmin mənzil üzərində tərəflərin hər birinin 1/2 hissədə paylı mülkiyyət hüququ müəyyən edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bu hal həm Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi həm də daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ilə təsdiq olunur. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli mənzil hazırda həm iddiaçı İddiaçı, həm də cavabdeh Cavabdeh 1/2 hissədə paylı mülkiyyətindədir. İddiaçının izahatına və iş materiallarına əsasən, tərəflər uzun müddət həmin mənzildə birlikdə yaşamış, mənzildən birgə istifadə etmişlər. Lakin 2024-cü ildə cavabdeh tərəfindən mənzilin giriş qapısının bağlanması nəticəsində iddiaçının mənzilə daxil olmasına və ondan istifadəsinə imkan verilməmişdir. Bu səbəbdən iddiaçı iddiasında göstərilən tələbi irəli sürmüşdür. Apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçının başqa daşınmaz əmlakları vardır, həmin əmlaklarda yaşayır və mübahisəli mənzilə köçürülmə tələbi cavabdehə mane olmaq və təxribat yaratmaq məqsədi daşıyır. Məhkəmə Kollegiyası hesab edir ki, bu dəlil iddianın rədd edilməsi üçün hüquqi əsas təşkil etmir. Belə ki, iddiaçının digər daşınmaz əmlaklarının mövcudluğu onun mübahisəli mənzildəki paylı mülkiyyət hüququnu aradan qaldırmır və həmin əmlakdan istifadə etmək hüququndan məhrum edilməsinə səbəb ola bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisidir. Mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. İddiaçının başqa yaşayış və ya digər daşınmaz əmlaklarının olması yalnız onun yaşayış ehtiyacının başqa əmlak hesabına təmin olunması məsələsinə aid ola bilər. Lakin bu hal onun konkret mənzil üzərində mövcud olan mülkiyyət hüququnu və həmin əmlakdan hüquqdan irəli gələn sahiblik və istifadə imkanını öz-özlüyündə aradan qaldırmır. Eyni zamanda, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbinin “cavabdehə mane olmaq və ya təxribat yaratmaq” məqsədi daşıması barədə apellyasiya şikayətində göstərilən mülahizə subyektiv xarakter daşıyır və iş materialları ilə təsdiq olunmur. Əksinə, iş üzrə mövcud olan dövlət reyestrindən çıxarışla iddiaçının mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olması təsdiqlənir. Həmçinin iddiaçının həmin mənzildən istifadəsinin cavabdeh tərəfindən faktiki olaraq məhdudlaşdırıldığı müəyyən edilmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin izahatının məzmunu ilə təsdiqini tapmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının mülkiyyətçi kimi öz əmlakına sahiblik və ondan istifadə imkanının məhdudlaşdırıldığını nəzərə almış və pozulmuş hüququn bərpası məqsədilə onun mənzilə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində dövlət rüsumunun cavabdehdən tutulmasının əsassız olması rüsumun iddiaçı tərəfindən ödənilməsi və iddia ərizəsində həmin məbləğin cavabdehdən tutulmasının tələb edilməməsi ilə əsaslandırılmışdır. Məhkəmə Kollegiyası bu dəlili də qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aiddir. İddia tələbi təmin edildiyi halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi məsələsi prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri təmin edilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən dövlət rüsumunun əvvəlcə iddiaçı tərəfindən ödənilməsi onun son nəticədə cavabdehdən tutulmasına mane olmur. Əksinə, iddianın təmin edilməsi ilə əlaqədar iddiaçının çəkdiyi məhkəmə xərcinin cavabdehə aid edilməsi prosessual qanunvericiliyin məqsədinə uyğundur. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, apellyasiya şikayətində dövlət rüsumunun tutulmasının məhkəmənin yekun nəticəsi elan edilərkən şifahi şəkildə bildirilmədiyi və bu halın video görüntülərlə təsdiq edilə biləcəyi barədə göstərilənlər də qətnamənin qanuniliyinə təsir göstərmir. Çünki məhkəmə qətnaməsi yazılı formada qəbul edilir və məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi qətnamənin nəticə hissəsində həll olunur. Bundan əlavə, apellyasiya şikayətində məhkəmənin tərəflərin təqdim etdiyi sübutlara əsassız şübhə ilə yanaşdığı iddia edilsə də, bu arqument də konkret sübutla əsaslandırılmamışdır. Əksinə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ##.##.2025-ci il tarixli məhkəmə qətnaməsi, alqı-satqı müqaviləsi və digər iş materialları ilə qarşılıqlı şəkildə təsdiqlənir. Beləliklə, iş materialları ilə iddiaçının mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olması, tərəflərin həmin mənzildə əvvəllər birgə yaşamaları və iddiaçının mənzildən istifadəsinin cavabdehin hərəkətləri nəticəsində faktiki olaraq məhdudlaşdırılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və tərəflərin mülkiyyət hüquqlarına düzgün hüquqi qiymət verərək iddiaçının pozulmuş hüququnun bərpası məqsədilə onun mübahisəli mənzilə köçürülməsi barədə əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar