Məhkəmə qərarları › İş №2(1-8)-1755/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1755/2026

26.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1755/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. İddiaçı ##.##.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında ##.##.2000-ci il tarixdə *** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, sahə 744G ünvanında yerləşən 0,0441 ha yaşayış məntəqələrinin torpaq sahəsi, ünvan 1 saylı sahə ünvanında yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakın ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onu ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 0,045 ha olan torpaq sahəsi üzərində cavabdeh Cavabdeh ilə birgə nikah dövründə tikdirdikləri 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.2015-ci il tarixdə şəxsi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini iş üzrə cavabdeh olan keçmiş arvadına hədiyyə etmişdir. Həmin torpaq sahəsinin üzərində birgə nikah dövründə 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsini iş üzrə cavabdehə hədiyyə etsə də, torpaq sahəsinin üzərində olan ev ona hədiyyə edilməmişdir. 2016-cı ildə tikilən evdə təmir işlərini o, yekunlaşdırmışdır və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Aralarında olan nikah rəsmi qaydada ləğv edildikdən sonra da o, göstərilən ünvanda yerləşən torpaq sahəsinin üzərində tərəfindən inşa edilmiş fərdi yaşayış evində 2025-ci ilin 7 ayına qədər yaşamışdır. Onun bütün şəxsi əşyaları bu evdədir. Bu yaxınlarda cavabdeh həmin evin qapısının qıfılını dəyişmiş və onu evə qoymamışdır. Bu ev birgə nikah dövründə olsa da onun vəsaiti hesabına tikilmiş və təmir edilmişdir. Cavabdehin bu evin tikintisində heç bir iştirakı olmamışdır. Qapıları qıfılını dəyişib bağladıqdan sonra açılmasını cavabdehdən xahiş etsə də, heç bir müsbət nəticə ilə qarşılaşmamışdır. O, birgə nikah dövründə tikilən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığından və birgə təsərrüfat apardığından Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ev hüquqi statusuna görə özbaşına tikilidir. Torpaq sahəsi əvəzsiz olaraq iddiaçı tərəfindən cavabdehə bağışlanmışdır. Tikili də həmin torpaq sahəsi üzərində inşa edilmişdir. Vəsaiti cavabdeh çəkmişdir. Tərəflərin nikahı pozulmuş, iddiaçı hətta onlar tərəfindən məhkəməyə nikahın pozulması ilə bağlı iddia verilərkən mediasiya prosesində evdən çıxıb getmişdir. Barışıq üçün verilən vaxt ərzində də barışıq əldə olunmamışdır. Cavabdeh iddiaçının həmin evdə yaşamasına razı deyil, ailə münasibətləri pozulmuşdur, birgə yaşayış mümkün deyil. Iddiaçının yaşamaq üçün qeydiyyatda olduğu mənzil vardır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında torpaq sahəsinə dair bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Həmçinin, bağışlama müqaviləsi nəticəsində bağışlayan şəxsin əmlak üzərində olan mülkiyyət hüquqları (istifadə, sahiblik və sərəncam) itirilmiş olur. Iddiaçı tələbinin əsası kimi cavabdehə bağışladığı torpaq sahəsi üzərində birgə nikah dövründə olduğu müddət ərzində mübahisəli tikilinin inşa etmələrini, nikah pozulanadək həmin tikilidə yaşamasına istinad etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi isə həmin tikilinin cavabdehin vəsaiti hesabına inşa edildiyini, cavabdehin iddiaçının həmin tikiliyə köçürülməsinə razı olmadığını, birgə yaşayışın mümkün olmadığını bildirmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tikili özbaşına tikili olduğundan, şəxsin həmin tikilidə yaşaması istifadə hüququnun yaranmasına səbəb olmur.

9. Məhkəmə iddiaçı tərəfindən bağışlanan, bununla da daşınmaz əmlak üzərində mövcud olan istifadə, sahiblik və sərəncam hüququnu könüllü olaraq cavabdehə verən iddiaçının həmin torpaq sahəsi üzərində inşa edilmiş statusuna görə özbaşına hesab edilən tikiliyə köçürülməsinə cavabdehin razı olmamasını, tərəflər arasında nikahın pozulmasını, bununla da birgə yaşayışın mümkün olmamasını, nikah pozulanadək həmin tikilidə yaşaması halının iddiaçının mənzilə köçürülməsinin hüquqi əsası kimi qiymətləndirilməli olmamasını nəzərə alaraq hesab etmişdirdir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

10. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2, 157.4, 666.1, 670.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci, Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələrinə, «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** saylı, ##.##.2024-cü il tarixli Qərarının 4.11-ci bəndinə, istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hüquqdan sui-istifadə konstitusion normalarla qadağan olsa da, cavabhdehin sui-istifadəsinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Cavabdeh qanunda da göstərildiyi kimi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etməklə hüquqdan sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi faktiki olaraq qətnaməsində bildirmişdir ki, torpaq sahəsini iddiaçı cavabdehə hədiyyə etdiyindən torpaq iddiaçıya məxsusdur və bundan sonra tikilən ev qanunsuz tikili olduğundan iddia təmin edilə bilməz. Həmçinin cavabdeh evin tikintisində iştirak etdiyini sübut etməlidir. Məhkəmə nəzərdən qaçırmışdır ki, bu tip iddialarla əlaqədar artıq məhkəmə təcrübəsi mövcuddur, əksi sübut olunanadək birgə nikah dövründə əldə olunan əşyalar, pul vəsaitləri ümumi birgə əmlak hesab olunur. Həmçinin, evin tikintisində iştirak edən ustaların məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir.

14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikili birgə nikah dövründə iqşa edildiyindən cavabdehin evin özünün ayrıca vəsaiti hesabına inşa edildiyini bildirərək iddiaçını evə buraxmaması qanunsuzdur.

15. Belə ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya mövcuddur. Özbaşına tikiliyə münasibətdə həmin prezumpsiya belə tətbiq olunur ki, ər-arvaddan biri tikilinin yalnız özünün vəsaiti və ya əməyi hesabına inşa edildiyini sübut edənə qədər tikilinin ər-arvadın ümumi vəsaiti və əməyi hesabına inşa edildiyinə dair ehtimal qüvvədə olur. Cavabdeh evin yalnız özünün vəsaiti və ya əməyi hesabına inşa edildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülkişin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisədə iddia verən şəxs əmlakın birgə nikah dövründə tikilməsini əsaslandıra bilməmiş və bununla da bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsinin qeydiyyatdan keçməyən evin birgə nikah dövründə tikilməsi ilə bağlı heç bir sübut təqdim edilmədiyi halda tərəflərin birgə nikah dövründə tikilməsi ilə bağlı mövqeyi anlaşılan deyildir. Belə ki, bu anlaşılmayan mövqe hal-hazırkı iddianın taleyi ilə yanaşı gələcəkdə başqa məhkəmə mübahisənin olmasını da şərtləndirir. Apellyasiya məhkəməsi sübutlara və işin faktiki hallarına düzgün qiymət verməyərək öz şəxsi mülahizəsinə əsasən sübut olunmayan və şübhəli məqamlara istinad etməklə iddianı təmin etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya tələbləri ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son pozulmuşdur. qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.). 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar