Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1066/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 6 saylı Bakı Peşə Liseyi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxmaya görə ona kompensasiya ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat kompensasiya alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-1997-ci illər ərzində Bakı Sənaye Texnikumunda təhsil alaraq “Texnoloq, İstehsalat təlim ustası” orta ixtisasına yiyələnmişdir. xx xxxxxx 1997-ci ildən xx xxxxxxxx 2017-ci il tarixə kimi, yəni 20 il fasiləsiz olaraq 6 saylı Bakı Peşə Liseyində “təlim ustası”, “müəllim”, “operator”, “dispetçer” kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. 6 və 9 saylı Peşə Liseyinin direktoru Mətləb Hüseynovun təklifi ilə 9 saylı Bakı Peşə Liseyinə köçürülmüş və xx xxxxxxxx 2017 - xx xxxx 2018-ci il tədris ilində ixtisası üzrə iş olmadığına görə eyni binada yerləşən 9 saylı Bakı Peşə Liseyində “İstehsalat təlim ustası” kimi fəaliyyət göstərmişdir. xx xxxxxxxx 2018-ci il tarixdən onun və eləcə də 6 saylı Bakı Peşə Liseyin direktoru Rəşad Xanlarovun razılığı ilə yenidən 20 il fasiləsiz işlədiyi əvvəlki iş yerinə, yəni 6 saylı Bakı Peşə Liseyinə “İstehsalat təlim ustası” vəzifəsinə qaytarılmışdır. xx xxxx 2019cu il tarixdə 6 saylı Bakı Peşə Liseyinin direktor müavini ona şifahi bildirmişdir ki, artıq onun əmək müqavilənə xitam verilmişdir və o, işdən azaddır. Dəfələrlə müraciət etməyinə baxmayaraq işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını ala bilməmişir. 6 saylı Bakı Peşə Liseyinin direktoru Rəşad Xanlarovun xx xxxx 2019-cu il tarixli 184 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin vaxtı bitdiyi üçün onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrin qanunsuz və əsassız olmasına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 6 saylı Peşə Liseyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi" tələbi ilə mülki iddia qaldırmışdır. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-6691/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 6 saylı Bakı Peşə Liseyinin xx xxxx 2019-cu il tarixli, 184 nömrəli əmri ləğv edilməsi və ona xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi qət edilmişdir. Lakin o, məhkəmənin bu qətnaməsindən narazı qaldığı üçün ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14433/2019 saylı qətnaməsi ilə onun şikayəti qismən təmin edilmiş və onun 6 saylı Peşə Liseyinə "İstehsalat təlim ustası" vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qarşı tərəfin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Azərbayean Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2648/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin icra prosesində məlum olmuşdur ki, ilkin iddia zamanı o, hüquqşünas olmadığından onunla 6 saylı Peşə Liseyi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmamışdır. Onu işə bərpa edən 6 saylı Peşə Liseyinin direktoru 2 gündən sonra onu yenidəm işdən azad edərək onunla bağlanmış xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin müddətli olmasını və onun başa çatmasına iki gün qalmasını əsas tutmuşdur. Bu isə insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüquqlarına həqarətli yanaşmadan başqa bir şey deyildir. Belə çıxır ki, guya o, 2 iş günündən ötrü 1 il 6 ay məhkəmələrdə vaxt itirmişdir. O, uzun müddət işsiz qaldığı və maddi təminatdan məhrum olmağı səbəbindən psixi sarsıntı keçirmiş və hətta hamilə ikən uşağını itirmişdir. Ona görə də ona bu sarsıntıları yaşadan cavabdeh tərəf 10.000 manat həcmində mənəvi zərər ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək izahatında bildirdi ki, iş materiallarından da göründüyü kimi iddiaçı hazırki mübahisədən əvvəl hazırda etibarsız hesab edilməsini istədiyi xx xxxx 2019-cu il tarixli 184 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunması və həmin vaxtdan əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001 )-6691/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbləri qismən təmin edilməklə, hazırda iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx xxxx 2019-cu il tarixli, 184 saylı əmrin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14433/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, tələbin “işə bərpa və məcburi işburaxmaya görə ödənişin ödənilməsi” hissəsi təmin edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə şikayət təmin edilmədən və qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra yönəldilmiş və cavabdeh tərəfindən məhkəmənin icra sənədi tam olaraq icra edilmişdir. Lakin artıq xx xxxx 2019-cu il tarixli, 184 saylı əmrin mübahisələndirilməsi ilə bağlı məhkəmə qərarlarının olmasına və mübahisənin məhkəmə qaydasında öz həllini tapmasına baxmayaraq, iddiaçı yenidən məhkəmə tərəfindən ləğv edilmiş əmrin etibarsız hesab edilməsini və digər eyni tələblərlə yanaşı əlavə olaraq mənəvi zərərin əvəzininin ödənilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iddianın mahiyyətindən isə görünür ki, iddiaçı artıq məhkəmə qaydasında ləğv edildilmiş xx xxxx 2019-cu il tarixli, 184 saylı əmrini təkrarən mübahisələndir, əvvəlkindən fərqli olaraq həmin əmrin ləğv edilməsini yox, etibarsız hesab edilməsini istəmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmalı olmasını hüquqşünas olmadığı üçün əmək müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmadığını, psixi sarsıntı keçirməsini və s.bildirmişdir. İddiaçının əvvəlki iddia tələblərinin yekunda məhkəmələr tərəfindən tam təmin olunması, o cümlədən onun tərəfindən sərbəst şəkildə iddia ərizəsinin və apellyasiya şikayətinin tərtib edilməsi, həmin sənədlərdə Əmək qanunvericiliyinin normalarına istinad etməsi heç də onun qanunu bilməməsi qənaətinə gəlməyə imkan vermir. Lakin buna baxmayaraq iddiaçı hər nəqədər hüquqşünas olmamasını və qanunu bilməməsini bildirsə də, qüvvədə olan qanunvericiliyə əsasən qanunu bilməmək və ya onu yalnış anlamaq məsuliyyətdən azad etmir. İddiaçı tərəflər arasında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbini qoysa da, özünün məhz hansı hüquqi və faktiki əsasa söykənməsini əsaslandıra bilməmişdir. Halbuki Əmək müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra normalarında təsbit edilsə də, iddiaçının göstərdiyi səbəbdən müqavilənin etibarsız sayılması əsası ümumiyyətlə nəzərdə tutulmamışdır. Əgər iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrinin tələbləri baxımından əqdin etibarsız sayılması kimi əmək müqaviləsini mübahisələndirirsə, həmin halda əvvəla qeyd olunan normalarda sadalanan hansı hala əsaslanmasını göstərməmişdir. Qeyd etmiş olsaydı da belə Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən iddiaçı əqdin icrasına başlanıldığı gündən bir il ərzində iddianı irəli sürə bilərdi. Bundan əlavə iddiaçı özünün əmək hüquqlarının pozulmasını iddia etdiyi halda (hərçənd ki pozulmamışdır) Əmək Məcəlləsinin 296-cı maddəsində sadalanan müddətlər çərçivəsində hərəkət etməli idi, vaxtında və lazımı qaydada hazırkindən fərqli olaraq öz mülahizələrinin əsasları barədə mötəbər sübutlar təqdim etməli idi. Bundan əlavə, iddiaçı iddiada uzun müddət işsiz qalmasını və maddi təminatdan məhrum olmasını, bununla psixi sarsıntı keçirməsini və uşaq itirməsini göstərsə də, artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onun bütün əmək hüquqlarının və maddi təminatlarının tam təmin olunması sübuta yetir, hesab edirik ki, AR MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından bu halın sübuta ehtiyacı yoxdur. Həmçinin iddiaçının psixi sarsıntı keçirməsi ilə bağlı heç bir sübut olmadığı kimi onun uşaq itirməsinin tərəflər arasında yaranan mübahisədən qaynaqlanması (yəni qanunvericilikdə geniş istifadə olunan səbəbli əlaqə) heç bir sübutla təsdiq edilmir. Göründüyü kimi, iddiaçının iddiası tamamilə əsassızdır və iddiaçı hazırki tələbi irəli sürməklə əsassız varlanmaya cəhd etməkdədir ki, hesab edirik ki, məhkəmə iddianı rədd etməklə iddiaçının bu kimi qanunsuz cəhdlərinin qarşısını almalıdır. Bunan əlavə, hazırda iddiaçı qanunvericiliyə əsasən müsabiqədə iştirak etməklə uğur qazandığı təqdirdə yenidən işlə təmin oluna bilər. İddiaçının əvvəl işlədiyi liseyin rəhbərliyi də artıq dəyişmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-6691/2019 saylı qətnaməsi ilə X1 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X2 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 6 saylı Bakı Peşə Liseyinin xx xxxx 2019-cu il tarixli, 184 nömrəli əmrin ləğv edilməsi, X5 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14433/2019 saylı qətnaməsi ilə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6691/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməsi və X1 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2648/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14433/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət X13 tərəfindən Binəqədi rayon icra və probasiya şöbəsinə, həmçinin məlumat üçün X5 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 321 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 xx xxxxxxxx 2020-ci ıl tarixli icraata başlamaq haqqında qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci ıl tarixli qərarını əsas götürərək Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-14433/2019 nömrəli qətnaməsini icra edilərək, X6 mübahisələndirilmiş müddətli (bir aylıq) əmək müqaviləsi əsasında işə bərpa edilmiş və bu barədə müvafiq əmr verilmişdir. Bu əsasla X6 onun əmək kitabçasına dəyişiklik etmək və son haqq hesabı alması üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət X10 dəvət edilmişdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət X13 tərəfindən X5 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 328 nömrəli məktubun surətindən görünür ki, 6 Saylı Bakı Peşə liseyi ilə X6 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən həmin əmək münasibətlərinə müvafiq əmrlə xitam verilmişdir Məlumat üçün bildirilmişdir ki, məhkəmədə mübahisələndirdiyi və məhkəmənin qəbul etdiyi qərar yalnız 6 Saylı Bakı Peşə liseyi ilə X6 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsi üzrə olmuşdur. Eyni ilə nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının son səhifənin ilk abzasında göstərilir ki, “Bu qaydaya uyğun olaraq işdən çıxarma əmri ləğv edilmiş işçi vəzifəsinə bərpa edilməli, onunla işəgötürən arasındakı sonrakı münasibətlər (əmək münasibətlərinin davam etdirilməsi, əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və s.) əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Bu əsasla əmək kitabçasında müvafiq qeydin aparılması üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət X8 dəvət olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, 6 saylı Bakı Peşə Liseyinin xx xxxx 2019-cu il tarixli, 184 nömrəli əmrin ləğv edilməsi, X5 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməsi və X1 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilənin müddətsiz hesab edilməsini, məcburi iş buraxmaya görə kompensasiya ödənilməsini və 10.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir. Cavabdeh isə iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələblərinin “xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, həmin əmək müqaviləsinin müddətsiz hesab edilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, həmin əmək müqaviləsinə yuxarıda göstərilən məhkəmələr tərəfindən etibarlı müddətli əmək müqaviləsi kimi hüquqi qiymət verilməklə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmiş və cavabdeh tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırda həmin müqavilənin etibarsız və ya müddətsiz sayılması tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə ona kompensasiya ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat kompensasiya alınıb ona ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissələri törəmə tələblərdir və bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, həmin əmək müqaviləsinin müddətsiz hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, X1 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: X1 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1066/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1066/2021
28.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver