Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1239/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “işə bərpa və pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X1/Təmir” bölməsində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyən İddiaçı Borisoviç ilə ##.##.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, ##.##.2009-cu il tarixdən işə başlamışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 Nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2020-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, İddiaçı çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiya və su təchizatı üzrə nəzarət ölçü cihazları və avtomatika vasitələrinin təmiri və xidmət sahəsinin nəzarətçi çilingər peşəsində işləyə bilməsi bildirilmişdir.
3. ##.##.2023-cü il tarixli, **** saylı “Modern Hospital” tərəfindən verilmiş tibbi arayışdan görünür ki, İddiaçı “hipertoniya xəstəliyi İ mərhələ, minimal aortal qapaq çatışmazlığı” diaqnozu təyin edilmiş, işə davam etməsinə əks göstəriş olmadığı qeyd edilmişdir.
4. ##.##.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, İddiaçı ikinci dərəcə əlildir, onda əsas diaqnoz prostat vəzinin bədxassəli yenitörəməsi, CR-i, III mərhələdir.
5. ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı müraciətinə əsasən, onunla bağlanmış əmək müqaviləsi müddətinin uzadılmasının mümkün olmaması bildirilmişdir.
6. ##.##.2024-cü il tarixli “əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş”dən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ##.##.2024-cü il tarixdə pensiya yaşı çatması ilə əlaqədar ##.##.2024cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir.
7. ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən imzalanmış ərizədən görünür ki, o, təqaüdə çıxmağı ilə əlaqədar ##.##.2024-cü il tarixdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinatı ödənilməklə işdən azad olunmasını xahiş etmişdir.
8. ##.##.2024-cü il tarixli, K-***-**** saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən “X1/Təmir” bölməsində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyən İddiaçı Borisoviçin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”, yaxud “Zavod”) ## ###### 2024-cü il tarixli məktubunda (14-2-7/2 792/2024) əks olunan əmrin-əmək fəaliyyətinə xitam verilməsi barədə ləğv edilməsi, əmək fəaliyyətinin uzadılması, Zavoddan onun xeyrinə sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40.000 manat, illərdir çalışdığı müəssisədən ev şəraitinin həll edilmədiyi üçün 80.000 manat, cəmi 120.000 (yüz iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçə 1979-cu ilin iyun ayından Zavodun Təmir Departamentinin NÖC və avtomatika üzrə 3-cü xidmət sahəsinin NÖC və avtomatika üzrə çilingər vəzifəsində işləyir. Bütün əmək fəaliyyəti dövründə Zavod rəhbərliyi tərəfindən daim müsbət cəhətdən fərqləndirilmişdir. Hər hansı bir narazılıq yox, əksinə, digər əməkdaşlara iddiaçını həmişə nümunə kimi təqdim etmişlər. Həmçinin bütün əmək fəaliyyəti dövründə iddiaçı həmişə Zavodun ictimai həyatında fəal iştirak etmişdir. Lakin müsbət hallarla bərabər peşənin sağlamlıq üçün təhlükəli olması da öz təsirini göstərmişdir. Əmək fəaliyyəti dövründə iddiaçı onkoloji xəstəliyə düçar olmuşdur və bu səbəbdən illərdir ki, müalicə olunur. Hətta müalicə olunmaq üçün dəfələrlə iddiaçı ölkə xaricinə də getməyə məcbur olmuşdur. Bütün bunlar isə əlavə pul vəsaiti xərcləməklə başa gəlir. Bu səbəbdən iddiaçı cavabdehin rəhbərliyi ilə (şifahi və yazılı) söhbət və müraciətlərdə yaş həddinə görə təqaüdə çıxmaq vaxtı əmək müqaviləsini uzadaraq, yenə çalışmaq istədiyini bildirmişdir. Rəhbərlikdən şifahi razılıq alaraq, hətta bir neçə ay əvvəl yeni müqavilə imzalamışdır. Çünki əmək fəaliyyətinin davam etdirilməsi (maddi ehtiyacı) iddiaçının müalicəsinə çox kömək edəcəkdir. Əmək qabiliyyəti barədə, xəstəliyinin buna heç maneəçilik törətmədiyi “Modern Hospital” Klinikasının ## ###### 2023-cü il tarixli **** saylı tibbi arayışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zavodun məktubuna ## ### 2020-ci il tarixli ** saylı cavabını qeyd etmək olar. Həmçinin Zavodda yaş həddinə görə təqaüdə çıxmalı olan çoxsaylı əməkdaşların əmək müddətləri uzadılmışdır. Belə ki, X8, Hüseynov Vahidi və çoxlarını nümunə göstərmək olar. Amma nədənsə iddiaçıya şifahi razılıq verən rəhbərlikdən ## ###### 2024-cü il tarixdə direktorun imzası ilə (14-2-7/2- ***/**** saylı ## ###### 2024-cü il tarixli) xəbərdarlıq məktubu təqdim olunmuşdur. İllərdir ki, Zavodda çalışdığı müddətdə həm rəhbərliyə, həm də Həmkarlar Komitəsinə həm sağlamlıq durumunu nəzərə alaraq müalicəsi, həm mənzil problemi barədə müraciətlər etmişdir. Və hər dəfə məsələlərin həllində onlar iddiaçıya kömək edəcəklərini bildirmişlər. Əfsuslar olsun ki, bütün bunlar adi vədlərdən savayı heç nə olmamışdır. Zavod rəhbərliyinin iddiaçıya əmək fəaliyyətinin uzadılmasına söz verməsi, sonradan imtina etməsi idiaçının həm müalicəsinə, həm də özünə maddi, həmçinin mənəvi ziyan vurmuşdur. Bu hərəkətləri cavabdeh o cümlədən ev şəraitinin həll olunması məsələsində də təkrarlamışdır.
11. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Etiraz belə əsaslandırlıb ki, iddia ərizəsində göstərilmişdir ki, iddiaçı xəstəliyi ilə bağlı xərclər tələb olunduğundan Zavodun rəhbərliyindən əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmiş, ona bununla bağlı şifahi razılıq verilmişdir. Buna baxmayaraq ##.##.2024-cü il tarixdə yaş həddinə görə təqaüdə çıxması barədə xəbərdarlıq məktubu verilmişdir. İddia tələbinin “əmrin ləğv edilməsi hissəsinə münasibətdə” qeyd edilməlidir ki, Zavod tərəfindən Zavodun Təmir departamentinin NÖC və avtomatika üzrə 3-cü xidmət sahəsinin NÖC və avtomatika üzrə çilingəri olan iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə ##.##.2024-cü il tarixdə bildiriş ünvanlanmış və ##.##.2024-cü il tarixdə pensiya yaşına çatması ilə əlaqədar olaraq 1 ay müddətində onunla bağlanmış ##.##.2024-cü il tarixli, **** nömrəli əmək müqaviləsinin 9.5.1-ci bəndinin d) bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin d) bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Həmin bildirişi iddiaçı ##.##.2024-cü il tarixdə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə iddiaçı ərizə ilə Zavodun direktoruna müraciət edərək təqaüdə çıxmağı ilə əlaqədar olaraq ##.##.2024-cü il tarixdən Zavodun İnsan Resursları Komitəsi iclasının ##.##.2021-ci il tarixli * nömrəli protokoluna əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilməklə işdən azad olunmasını xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq onunla bağlanmış *******000200 nömrəli əmək müqaviləsinə Zavodun K-***-**** nömrəli, ##.##.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, işçi pensiya yaşına çatması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024cü il tarixdən xitam verilməsi barədə ərizə ilə Zavoda müraciət etmiş, onun ərizəsi nəzərə alınaraq qanunvericiliyin tələbinə riayət olunmaqla onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. İddia tələbinin “onkoloji xəstəliyin müalicəsi üçün 40000 manat ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlilik haqqında arayışdan görünür ki, ona ##.##.2020-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuş, əlilliyin səbəbinin ümumi xəstəlik olduğu göstərilmişdir. İddiaçının əlilliyi ümumi xəstəlilk səbəbindən yarandığından, yəni o, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi kateqoriyasına aid olmadığından iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”ndə nəzərdə tutulmuş şərtlər şamil olunmur. İşəgötürən tərəfindən göstərilən səbəbdən xəstələnmiş (əlilliyi müəyyən olunmuş) işçilərin müalicə olunma xərclərinin qarşılanması öhdəliyi nə qanunvericlikdə, nə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İddia tələbinin “ev şəraiti həll edilmədiyi üçün 80000 manat məbləğində pulun ödənilməsi”nə dair hissəsinə gəldikdə qeyd olunmalıdır ki, işçilərin mənzillə təmin olunması Zavodun səlahiyyətinə aid deyildir. Belə ki, iddiaçı mənzillə təmin olunma barədə ərizə ilə SOCAR-a (Baş ofis) müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərin mənzil növbəliliyi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə SOCAR-ın və Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən işçilərin mənzil uçotuna götürülməsi dayandırılmışdır. Belə ki, əvvəlki illərdə mənzil növbəsinə götürülmüş işçilərin mənzillə təmin olunması istiqamətində xeyli işlərin görülməsinə, uzun illər mənzil növbəsində duran işçilərin bir çoxunun mənzillə təmin olunmasına baxmayaraq, hazırda mənzil uçotu dayandırılana qədər mənzil uçotuna alınmış işçilərin sayının çoxluğuna görə onların mənzillə təmin edilməsi ilə bağlı məsələlər tam şəkildə öz həllini tapmamışdır. Buna görə də hazırda bu istiqamətdə işlər davam etdirilir. Hazırda mənzil uçotunda dayanmış işçilərin müraciətləri ilə bağlı məsələlər həll edildikdən və SOCAR üzrə mənzil uçotuna götürülmə bərpa olunduqdan sonra mənzil şəraitininin yaxşılaşdırılması ilə bağlı müvafiq qaydada müraciət edə bilər. Göründüyü kimi, SOCAR tərəfindən iddiçının mənzillə təmin olunma barədə ərizəsi ətraflı cavablandırılmışdır.
12. Birinci instansiya məhkəməsi qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ***/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyinə görə İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2019-cu il tarixdən Milli Onkologiya Mərkəzində “C61- Prostat vəzinin bədxassəli yenitörəməsi cT2a N0M0 məhələ II G” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Həmin diaqnozla İddiaçı müxtəlif vaxtlarda və müxtəlif tibb müəssisələrində müalicələr almışdır. "Prostat vəzinin bədxassəli yenitörəməsi”nin əsas risk faktorları: yaş, genetik meyillik, hormonal dəyişikliklər, həyat tərzi, obezlik, kimyəvi maddələrin təsirinə məruz qalma və s. kimi ehtimal oluna bilər. Konkret olaraq sözügedən işdə İddiaçı “Prostat vəzinin bədxassəli yenitörəməsi”nə düçar olmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(007)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələb təmin edilməmişdir. (hakim Rauf Əhmədov)
15. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının işə bərpa və müddətinin uzadılması barədə tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ##.##.2024-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. Tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərdən biri də sözügedən müqaviləyə işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən xitam verilməsi halı olmuşdur.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir.
17. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
19. Birinci instansiya məhkəməsi iddiaçının sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40.000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının xəstəliyə tutulması ilə icra etdiyi əmək funksiyaları arasında səbəbli əlaqə mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş və əldə edilmiş rəy ilə müəyyən edilmişdir ki, iddiaçının düçar olduğu, Prostat vəzinin bədxassəli yenitörəməsi” xəstəliyinin əsas risk faktorları: yaş, genetik meyillik, hormonal dəyişikliklər, həyat tərzi, obezlik, kimyəvi maddələrin təsirinə məruz qalma və s. kimi ehtimal olunur və konkret olaraq sözügedən işdə iddiaçının “Prostat vəzinin bədxassəli yeni törəməsi”nə düçar olmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün olmamışdır.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi həmin hissədə sübuta yetmədiyindən təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının çalışdığı müəssisədən ev şəraitinin həll edilmədiyi üçün 80.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə cavabdehin üzərinə belə bir öhdəlik müəyyən edə bilməz. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işəgötürən öz üzərinə belə bir öhdəlik götürməmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 18, 21.1, 21.2, 21.3-cü maddələrinə, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 68, 69, 294, 296-cı maddələrinə, “Mediasiya haqqında” Qanuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli əmrlə iddiaçının işdən azad edilməsi göstərilsə də, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək fəaliyyətini müvəqqəti itirməsi ilə bağlı bülletendə olmuşdur. Əmək fəaliyyəti dövründə iddiaçı onkoloji xəstəliyə düçar olmuş və bu səbəbdən illərdir ki, müalicə olunur. İş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli, **** saylı “Modern Hospital” tərəfindən verilmiş tibbi arayışdan görünür ki, iddiaçıya “hipertoniya xəstəliyi İ mərhələ, minimal aortal qapaq çatışmazlığı” diaqnozu təyin edilmiş, işə davam etməsinə əks göstəriş olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, iddiaçı ikinci dərəcə əlildir, onda əsas diaqnoz prostat vəzinin bədxassəli yenitörəməsi, CR-i, III mərhələdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ***/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, iddiaçının adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2019- cu il tarixdən Milli Onkologiya Mərkəzində “C61-Prostat vəzinin bədxassəli yenitörəməsi cT2a N0M0 məhələ II G” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Həmin diaqnozla iddiaçı müxtəlif vaxtlarda və müxtəlif tibb müəssisələrində müalicələr almışdır. "Prostat vəzinin bədxassəli yenitörəməsi”nin əsas risk faktorları: yaş, genetik meyillik, hormonal dəyişikliklər, həyat tərzi, obezlik, kimyəvi maddələrin təsirinə məruz qalma və s. kimi ehtimal oluna bilər. Konkret olaraq sözügedən işdə iddiaçının “Prostat vəzinin bədxassəli yenitörəməsi”nə düçar olmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil. Lakin tiddiaçı tərəfindən, ##.##.2025-ci il tarixdə Rayon Məhkəməsinə təqdim edilmiş vəsatətdə ekspert qarşısında qoyulmalı suallar dəqiq göstərilmiş, məhkəmə tərəfindən vəsatətdə qeyd etdiyi suallar ekspert qarşısında qoyulmamış, onda yaranmış xəstəliklərin məhz peşə fəaliyyəti səbəbindən yaranması ehtimalı olduğundan, təkrar və komisyon məhkəmə ekspertizalarının keçirilməsi zəruri olduğu halda, məhkəmə iş üzrə obyektiv araşdırma aparılmasını təmin etməmişdir. Bundan başqa, iddiaçıya Dövlət Neft Şirkəti Socar tərəfindən ## ### 2025-ci il tarixdə əmək veteranı vəsiqəsi verilmiş və həmin vəsiqəyə əsasən Azərbaycan Respubılikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. İddiaçıya dövlət tərəfindən 588.93 manat əmək pensiyası təyin edilmiş, lakin həmin məbləğ ona onkoloji və digər xəstəliklərinin müalicəsi üçün kifayət etmir. Bundan başqa, ##.##.2025-ci il tarixdə verilmiş xəstəlik tarixindən çıxarışda göstərilmişdir ki, iddiaçı prostat vəzinin bədxassəli yenitörəməsi diaqnozlu xəstəlikdən əziyyət çəkir. Çıxarışda eyni zamanda qeyd edilmişdir ki, Zavodda onkoloji diaqnozu olan xəstələrin sayı çoxdur. Bu peşə kimyəvi və dərmanlarlarla işləməsi ilə əlaqədardır. Rayon Məhkəməsi isə işə birtərəfli qaydada baxaraq, müdafiə mövqeyini üzərinə götürərək, cavabdehin təqdim etdiyi sənədlərə istinad etməklə qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq edəcək, heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iş üzrə mötəbər sübut hesab edilə bilməz. Göründüyü kimi Rayon Məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, iş üzrə əlavə və təkrar məhkəmə eskertizasının təyin edilməsi zəruri olduğu halda, bunu etməyərək, əsassız qətnamə qəbul etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Rəşid Səmədov)
26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə ## ###### 2024-cü il tarixli əmrlə xitam verilmiş və əmrin verilməsinə əsas onun qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması olmuşdur. Digər tərəfdən qeyd olunan əsasla (iddiaçının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması) işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul etməsini öz imzası ilə təsdiq etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmr verilərkən iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi halı apellyasiya şikayətində tarixi 2022-ci il göstərilsə də, iş materiallarında belə bir bülletenin ##.##.2024-cü il tarixdə olması müəyyən edilir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal hazırki qətnamənin əsassız olması ilə iddiaçı barəsində verilmiş əmrin qanunsuz olması anlamına gəlməsi üçün hüquqi əsas yaratmır. Belə ki, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı əmək fəaliyyətini müvəqqəti itirməsi ilə bağlı bülletendə olmasını iddia ərizəsində qeyd edər və əmrin qanunsuzluğuna dair tələbinin əsası kimi bu hala istinad edərdi. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı cavabdehə pensiya yaşına çatması ilə əlaqədar ##.##.2024-ci il tarixdə ərizə ilə müraciət də edərək ##.##.2024-cü il tarixdən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxarma müavinəti ödənilməklə işdən azad edilməsini xahiş etmişdir. (cild 2, səhifə 42).
29. İddiaçının qeyd edilən ##.##.2024-cü il tarixli ərizəsinin (halbuki ərizə ##.##.2024- cü il tarixdə imzalanıb (cild 2, səhifə 42)) etibarsız hesab edilməsinə dair vəsatətində (cild 2, səhifə 71) onun azərbaycan dilini mükəmməl bilməməsi və onun bu ərizəni yazmaqla niyyətinin işdən çıxmaq deyil, pensiyaya çıxmasının olması ilə əsaslandırılmasına münaisbətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizəsində göstərdiyi tarixdə əmək qabiliyyətinin olmamasına dair bülleteni cavabdehə ##.##.2024-cü ildə təqdim etməsi iş materiallarından görünmür və bu hal sübuta da yetirilmir. İş materiallarından görünən odur ki, iddiaçı bu barədə cavabdehə ##.##.2025-ci ildə məlumat vermişdir (cild 2, səhifə 81).
30. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə öz ərizəsi əsasında ##.##.2024-cü ildə qanunvericiliyin tələblərinə əməl edilməklə və iddiaçının bülletendə olması barədə heç bir formada məlumatı olmadan cavabdeh tərəfindən xitam verildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq bu halla bağlı araşdırma aparmağa və qeyd edilən ##.##.2024-cü il tarixli ərizənin etibarsızlığına dair vəsatətə qiymət verilməsinə zərurət görməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə bağlı xüsusi olaraq qeyd etmişdir ki, iddiaçıya heç bir təsir olmadan, birinci instansiya məhkəməsində təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsində işdən azad edilməsini göstərdiyi tarixdə, yəni ##.##.2024-cü ildə əmək qabiliyyətinin olmamasına dair bülleten alması və onu da cavabdehə həmin tarixdə deyil, ##.##.2024-cü ildə təqdim edərək hazırda bu əsasdan çıxış etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair mövqeyi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Belə ki, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlərdə sui-istifadə hallarına yol verilməsinin əsasları əmək qanunvericiliyində açıqlanmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin qeyd edilən normasına əsasən hüquqdan sui-istifadə ilə əlaqədar mülki qanunvericiliyin hazırki mübahisəyə tətbiqini mümkün saymışdır.
32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində ## ### 2025-ci il tarixli ***/KEŞ nömrəli ekspert rəyini mübahisələndirirək iş üzrə əlavə və təkrar məhkəmə eskertizasının təyin edilməsinin zəruri olmasını qeyd etmişdir. Lakin həmin rəyi şübhə altına alan hal müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə təkrar və ya əlavə ekspertiza keçirilməsi üçün əsaslar olmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyd edilən xəstəliyə məhz əmək fəaliyyətini həyata keçirən zaman tutulmasına dair iş materiallarında hər hansı mötəbər sübut olmamış, həmçinin ekspert rəyi ilə həmin hal müəyyən edilməmiş, həmin rəyi isə qeyd edildiyi kimi şübhə altına alan hal müəyyən edilməmişdir. Belə olan halda ##.##.2025-ci il tarixdə verilmiş xəstəlik tarixindən çıxarış iddiaçının xəstəliyə tutulması ilə icra etdiyi əmək funksiyaları arasında səbəbli əlaqə mövcud olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaçının sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40.000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində əsassız olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işəgötürənin öz üzərinə iddiaçının ev şəraitinin həll edilməsi ilə bağlı öhdəlik götürmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının çalışdığı müəssisədən ev şəraitinin həll edilmədiyi üçün 80.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində də əsassız olması barədə düzgün nəticəyə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 21.3-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 10-cu maddəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 68, 69-cu maddəsinin 3-cü bəndinə, 69-cu maddəsinin 7-ci bəndinə, 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə, 186.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxdığı zaman ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq etməmişdir. Məhkəmə iddiaçını dindirməmiş, mülki iş üzrə həqiqətin müəyyən edilməsi üçün tədbirlər göməmişdir. Məhkəmə prosesində hərtərəfli araşdırma aparılmamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmə işin ətraflı araşdırılmasını təmin etmədiyindən təkcə müqavilələrin söz və ifadələrini nəzərə almış düzgün olmayan yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Konstitusiyanın 38-ci maddəsində nəzərdə tutulmuş hüququnun təmin olunması imkanını məhdudlaşdırmış, qətnamə qəbul edərkən iddia üzrə iddiaçının və cavabdehin bərabər hüquqlarını təmin etməmişdir. İddiaçı yüksək səviyyəli müalicə almaq üçün Azərbaycanda şərait olmadığına və ağrıları gücləndiyinə görə, apellyasıya şikayəti icraatda olduğu zaman, Rusiya Federsiysına getməli oldmuşdur. Bu səbəbdən məhkəmə iclasının təxirə salınması xahişi ilə məhkəmənin ünvanına ##.##.2026-cı il tarixdə teleqram göndərmiş, lakin göndərdiyi teleqram nəzərə alınmamış, həmin iclasda apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məkəmələr nəzərə almamışlar ki, Zavodun direktoru, iddiaçı ilə işləyən azərbaycan millətindən olan çoxlu sayda işçini təqaüdə çıxdıqları halda onları işdə saxlamış, iddiaçını isə rus millətindən olduğu üçün aldatmış, ərizə yazdıraraq işdən azad etmiş, xərçəng xəstəliyi ilə bağlı müalicələrini davam etdirmək üçün əlavə maddi gəlirlərdən məhrum etmişdir. Bunu iddiaçı milli ayrı-seçkilik kimi qiymətləndirmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh Cavabdeh direktoru Xəyal Cəfərov tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərara qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2, hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 7, hissə 2-1.Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Maddə 11, hissə İ, bənd “a” və “b”.Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək hüquqları vardır. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69, bənd 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69, bənd 7.İşəgötürən tərəfindən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. Maddə 84, bənd 1 və 2.Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi;işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186.1.İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
46. İddia tələbi işə bərpa, peşə xəstəliyi ilə bağlı zərərin əvəzinin ödənilməsi, mənzil təminatı əvəzinə pulun ödənilməsi barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına, peşə xəstəliyinə tutulmasına, mənzillə uzun müddət təmin edilməməsinə istnad etmişdir.
47. Belə olan halda işə bərpa iddiasının təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən qanunvercilyin tələbləri pozulmamışdır. Həmçinin iddiaçının peşə xəstəliyinə tutulması ekspertiza rəyi ilə təkzib edilmiş, cavabdehin iddiaçını mənzillə təmin etmək öhdəliyinin olmaması müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası gəlinən nəticə və apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır, buna görə də qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər həm iddia ərizənini, həm də apellyasiya şikayətini dəlilləri olub, hər iki instansiya məhkəməsi işdəki sübutlarla həmin dəlillərin əsassız olmasını göstərmişlər. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şiakyətinin eyni məzmunlu dəlillərinə əlavə qiymət verməyə zərurət görmür.
51. İddiaçının özünə qarşı milli ayrı-seçkilik edilməsi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, əvvəla müəyyən edilib ki, iddiaçı özü ərizə yazaraq pensiya yaşına çatdığına görə onunla əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
52. Bundan əlavə, iddiaçı iddia ərizəsində Zavodda yaş həddinə görə təqaüdə çıxmalı olan çoxsaylı əməkdaşların əmək müqaviləsinin müddətlərinin uzadılmasını və belə işçilərdən biri kimi X8 misal göstərmişdir. Belə olan halda, milli ayır-seçkilik barədə dəlillər iddiaçının özünün göstərdiyi misal baxımından da əsaslı sayıla bilməz.
53. Həmçinin apellyasiya baxışında iddiaçının teleqramının nəzərə alınmayaraq işə baxılması barədə kassasiya şikayətinin dəlili də əsaslı deyil. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əməl etməklə baxmışdır.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.