Məhkəmə qərarları › İş №2(004)-6370/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6370/2025

23.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6370/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Bakı Dövlət Universiteti” X7 nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X9, “Bakı Dövlət Universiteti” X8 rektoru Cavabdeh2 Səfərəli oğlu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “dərs saatlarının bərpa edilməsi, müddətsiz əmək müqaviləsinin bağlanması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X7 rektoru Cavabdeh2 Səfərəli oğlu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “dərs saatlarının bərpa edilməsi, müddətsiz əmək müqaviləsinin bağlanması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçının, BDU-nin “İqtisadiyyat” kafedrasında dərs saatlarının bərpa edilməsi; iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanmasının təmin edilməsi; bu işə dair məhkəmə xərcləri və digər məsrəflər cavabdehdən tutulması və cavabdehlər Bakı Dövlət Universitetinin rektoru X2 qanunsuz hərəkət və hərəkətsizliyi səbəbindən iddiaçıya mənəvi zərər kimi 25 000 (iyirmi beş min) manat məbləğində pul tutularaq şəxsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, i.f.d, dosent, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərinin iştirakçısı, İ Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Prezidentinin müddətsiz təqaüdçüsüdür. Bakı Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasında üç ildən artıqdır ki, saat hesabı müəllim işləmişdir. Universitetin rektoru Cavabdeh2 “İqtisadiyyat” kafedrasına dosent qəbul etməsi barədə etdiyi müraciətdən sonra o, həmin kafedranın saat hesabı müəllimliyindən də məhrum edilmişdir. Bu barədə rektor Cavabdeh2 təkrar müraciət etmiş və bildirmişdir ki, müraciətinə görə ona saat hesabı dərs verilməmişdir. Cavabında isə bildirilir ki, ilin dərs yükü ona verilməmişdir. İddiaçı isə yenidən ölkə X6 müraciət edərək, xahiş edir ki, rektor Cavabdeh2 tapşırsın ki, onun saatları bərpa edilsin və yarımştat dossent vəzifəsinə qəbul edilsin. Lakin rektor Cavabdeh2 Prezdentə edilən müraciətə laqeydlik və biganalik etmişdir. Bu da onu qeyd etməyə əsas verir ki, rektor Cavabdeh2 onu rektor təyin edən Prezdentə sədaqəti şübhəlidir və qeyri-səmimidir. Əgər rektor Prezdentə sədaqətli məmur olsa idi, heç bir bəhanəyə, əfsanayə baxmadan belə müraciəti dərhal icra edərdi. Əmək fəaliyyəti dövründə iş funksiyalarını vicdanla yerinə yetirmiş, iş intizamını pozmamışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən əsaslar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 və 70-ci maddələrinin tələblərinə ziddir. Bu səbəbdəndə onun hüquqları pozulmuşdur. Ona cavabdehin qanuna zidd fəaliyyəti nəticəsində universitet mühütündə müəllimi, dosenti “istənilən vaxt işdən kənara atılması” elmə və təhsilə qarşı və dövlətin qanunlarına qarşı hörmətsizlik, həm də feodal düşüncə tərzi hesab edilir. Təəssüf ki, Universitetin səlahiyyətli şəxsləri öz qulluq mövqeyindən sui istifadə etməklə alimi, müəllimi istədiyi vaxt işə cəlb edə bilər və ya istədikləri vaxt müəllimi müxtəlif bəhanələrlə kənarlaşdıra bilirlər, halbuki universitet ictimai və dövlət təhsil müəssisəsidir, səlahiyyətli şəxslərin "feodal mülkiyyəti” deyil. İddiaçının 3 il müddətində universitetdə müəllimlik fəaliyyəti olmuşdur. Bu müddət ərzində iddiaçı: Faktiki dərs demişdir, işçi vəsiqəsi ilə beş il müddətinə təmin edilmişdir, əmək haqqı ödənilmişdir. Lakin iddiaçı ilə heç bir əmək müqaviləsi bağlanmamışdır. Bu, Azərbaycan Respublikasının: Əmək Məcəlləsinin 7-ci maddəsi, faktiki iş əsasında əmək münasibətinin mövcudluğu; Əmək Məcəlləsinin 10-cu maddəsi, əmək münasibətlərində bərabərlik prinsiplərinin pozulması; Əmək Məcəlləsinin 68-ci maddəsi, daimi xarakterli iş üçün müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur; İXM 192.1-ci maddəsi, əmək müqaviləsi olmadan işçi işlətmək, qnunun və dövlətin mövcud siyasi əsaslarına ziddir. Hazırda isə iddiaçıya müxtəlif bəhanələrlə dərs yükü verilməmişdir, bunlarda vətəndaşın hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdəndə mövcud hüquqi əsaslar iddiaçının qeyd edilən müddialarda hüquqlarının pozulmasına rəvac vermişdir. Dövlətin ali məqsədi İnsan və vətəndaş huquqları və Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Respublikada əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması, sosial layihələrin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin siyasətidir. Bu səbəbdən də hesab edir ki. onun rektor Cavabdeh2 tərəfindən Konstitusiyon hüquqları pozulmuşdur. İşgüzar fəaliyyətin məhdudlaşdırılması cinayətdir. AR Əmək məcəlləsinin ziddir və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin və İnsan haqlarının kobud pozulmasıdır. Eləcədə bu əməl, həm də mənəvi zərər hesab edilir. Bununla əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər və qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin hüquqi məsuliyyəti nəzərdə tutulur. Cavabdeh şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bununla əlaqədar olaraq hesab edir ki, cavabdeh 25 min (iyirmi beş min) manat məbləğində mənəvi zərər ödəməlidir. Belə ki, cavabdehlərin qanuna zidd hərəkətləri və hərəkətsizliyi səbəbindən şəxsinə mənəvi zərərə kimi 25 min (iyirmi beş min) manat məbləğində mənəvi təzminat cavabdehdən tutularaq ödənilməlidir. Əmək Məcəlləsinin 45 və 69-cu maddələrinə əsasən, əmək münasibətləri müəyyən şərtlər daxilində müddətsiz əsasda tənzimlənir. Əsasən də işçinin uzunmüddətli, səmərəli fəaliyyət mövcudursa və iddiaçı ilə yenidən müqavilənin bağlanmaması müəllimin Konstitusiyon hüquqlarına və əmək qanunvericiliyinə zidd hesab edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia ərizəsində göstərilən tələblərin icrasının Agentliyin səlahiyyətlərində olmadığını nəzərə alaraq, İddiaçı Agentliyə qarşı iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək dərs saatlarının bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanılmasının təmin edilməsi, məhkəmə xərcləri və digər məsrəflərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia Agentliyə münasibətdə əsassız olduğundan rədd edilməlidir. İddiaçı ilə Agentlik arasında hər hansı əmək münasibətləri mövcud olmamış və iddiaçı heç bir zaman Agentliklə əmək müqaviləsi bağlamamışdır. Belə olduğu halda, iddiaçı tərəfindən Agentliyin cavabdeh qismində göstərilməsi tamamilə əsassızdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin rektoru Cavabdeh2 Səfərəli oğlu və Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bakı Dövlət Universiteti” X7 nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddianı qəbul etməyərək, iddiaçı ilə aralarında əmək müqaviləsi deyil, seçmə fənnləri tədris etdiyindən xidməti müqavilə bağlanıldığını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan “Sifarişçi” “Bakı Dövlət Universiteti” X8 adından rektor Cavabdeh2 ilə “İcraçı” İddiaçı arasında bağlanmış tədrisin aparılmasına saathesabı qaydada cəlb edilmə haqqında müqavilənin 2-ci bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək bağlanılır. “İcraçı” İddiaçı xx.xx.2024-cü il tarixindən öhdəliklərinin faktiki icrasına başlayır. İcraçı Müqavilə üzrə öhdəliklərinin icrasını başqa şəxslərə həvalə edə bilməz. Həmin müqavilənin 7-ci bəndinə əsasən Sifarişçi faktiki aparılmış dərs yükünün hər bir saatına görə İcraçıya 16.50 manat ödəniş məbləğinin köçürülməsini təmin edir. Həmin müqavilənin 10-cu bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və Müqavilənin 2-ci bəndində müəyyən edilən müddətdə qüvvədədir. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqaviləyə müddət başa çatdıqda, habelə mülki qanunvericilikdə nəzərdə tutulan digər hallarda, qaydada və şərtlərlə xitam verilir. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə və ya Müqavilədə və qanunvericilikdə nəzərdə tutuıan hallarda vaxtından əvvəl xitam verilə bilər. İş materiallarında olan “Sifarişçi” “Bakı Dövlət Universiteti” X8 adından rektor Cavabdeh2 ilə “İcraçı” İddiaçı arasında bağlanmış tədrisin aparılmasına saathesabı qaydada cəlb edilmə haqqında müqavilənin 1 nömrəli əlavəsinə əsasən Bakı Dövlət Universitetində tədrisin aparılması üçün saathesabı qaydada cəlb edilmiş İddiaçı Əməyin iqtisadiyyatı fənni üzrə 15 saat, İqtisadi fikir tarixi fənni üzrə 60 saat, Azərbaycan sənaye siyasəti fənni üzrə 5 saat və magistr dissertasiyasına rəhbərlik üzrə 160 saat olmaqla, ümumilikdə 240 saat tədris yükü müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ödəniş kartı üzrə xx.xx.2025-ci il tarixli çıxarışa əsasən 51030715****8106 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə 1168.2 manat, xx.xx.2025ci il tarixdə isə 1168.2 manat məbləğində mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2026-cı il tarixli, 01 nömrəli əmək haqqı və digər pul ödənişləri barədə arayışına əsasən İddiaçı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris məşğələlərinin aparılmasına cəlb edilmiş və 2025-ci il ərzində əməyin saathesabı ödənilməsi üzrə aldığı məbləğ 3960,00 (üç min doqquz yüz altmış) manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarının 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Sifarişçi” Bakı Dövlət Universiteti X7 adından rektor Cavabdeh2 ilə “İcraçı” İddiaçı arasında tədrisin aparılmasına saathesabı qaydada cəlb edilmə haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək bağlanılmış, İcraçı İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən müqavilə üzrə öhdəliklərinin faktiki icrasına başlamışdır. Müqavilənin 7-ci bəndinə əsasən Sifarişçi faktiki aparılmış dərs yükünün hər bir saatına görə İcraçıya 16,50 manat məbləğində ödəniş edilməsini təmin edir. Müqavilənin 10-cu bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 2ci bənddə müəyyən edilmiş müddət ərzində qüvvədədir. Müqavilənin 11-ci bəndinə əsasən müqaviləyə müddət başa çatdıqda, habelə qanunvericilikdə və müqavilədə nəzərdə tutulan digər hallarda xitam verilir. Müqavilənin 1 nömrəli əlavəsinə əsasən İddiaçı Bakı Dövlət Universitetində tədrisin aparılması üçün saathesabı qaydada Əməyin iqtisadiyyatı fənni üzrə 15 saat, İqtisadi fikir tarixi fənni üzrə 60 saat, Azərbaycan sənaye siyasəti fənni üzrə 5 saat və magistr dissertasiyasına rəhbərlik üzrə 160 saat olmaqla, ümumilikdə 240 saat tədris yükü müəyyən edilmişdir. İddiaçı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris məşğələlərinin aparılmasına cəlb edilmiş və 2025-ci il ərzində saathesabı əməyin ödənilməsi məbləği 3960,00 manat (16,50 manat × 240 saat) təşkil etmişdir. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, kart hesabına xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə hər biri 1168,20 manat olmaqla, cəmi 2336.40 manat pul vəsaiti mədaxil edilmiş, həmin məbləğlər 1980 manat əmək haqqından 14 % gəlir vergisi (277,20 manat), 25 % məcburi dövlət sosial sığorta haqqı (495 manat) və 2 % icbari tibbi sığorta haqqı (39,60 manat) tutulmaqla hesablanmışdır. Hazırda İddiaçı dərs saatlarının bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması, məhkəmə xərcləri və digər məsrəflərin cavabdehdən tutulması, habelə cavabdeh Bakı Dövlət Universitetinin rektoru Cavabdeh2 qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində vurulduğunu bildirdiyi mənəvi zərərə görə 25 000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh Bakı Dövlət Universiteti ilə bağladığı tədrisin aparılmasına saathesabı qaydada cəlb edilmə haqqında müqaviləyə əsasən xx.xx.2024cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmiş fənnlər üzrə hər saatı üçün 16.50 manat ödənilməklə cəmi 240 saat tədrisin aparılmasına cəlb edilmişdir. Müqavilənin şərtlərinə əsasən müqaviləyə müəyyən edilmiş müddət başa çatdıqda xitam verilir. Həmçinin müqavilənin şərtlərinə əsasən saathesabı ödəniş məbləğinə gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər tutulma və xərclər daxil edilir və müvafiq tutulmalar qanunvericiliyin tələblərinə uyğun olaraq ödəmə mənbəyində həyata keçirilir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris məşğələlərinin aparılmasına cəlb edilmiş və 2025-ci il ərzində saathesabı əməyin ödənilməsi məbləği 3960,00 manat (16,50 manat × 240 saat) təşkil etmiş və 14 % gəlir vergisi, 25 % məcburi dövlət sosial sığorta haqqı və 2 % icbari tibbi sığorta haqqı tutulmaqla cəmi 2336.40 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əmək münasibətləri yaratmır, müqavilə öhdəlikləri ilə məhdudlaşır və göründüyü kimi müqavilədə nəzərdə tutulmuş müddət başa çatmışdır. Qanuvericiliyin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə İddiaçı mənəvi zərərə görə 25000 manat məbləğində pulun tutulması tələbinə münasibətdə bildirir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X9, “Bakı Dövlət Universiteti” X8 rektoru Cavabdeh2 Səfərəli oğlu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “dərs saatlarının bərpa edilməsi, müddətsiz əmək müqaviləsinin bağlanması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar