Məhkəmə qərarları › İş №2(103)-7015/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7015/2025

04.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7015/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3671/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona vurulmuş mənəvi ziyana görə 10.000 (on min) manat məbləğinin xeyrinə tutulması və ondan üzr istənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh şirkətin “Məlumatların idarə olunması” departamentinə tabe olan Data Elmi istiqamət üzrə təcrübə proqramına başlamışdır. Onunla cavabdeh şirkət arasında xx.xx.2025-ci il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Təcrübə müddəti ərzində qarşılaşdığı bəzi davranışlar və hərəkətlər xüsusilə həmin şirkətdə data elmi istiqaməti üzrə rəhbər vəzifəsində çalışan Elmin Ramazanov tərəfindən iddiaçıya göstərilən münasibət mənəvi olaraq onu sarsıtmış, əsəbi və psixoloji təsirlər yaratmışdır. Təcrübəyə başladığı ilk gündən etibarən Elmin Ramazanov onun idman etməyilə bağlı zarafatlar edirdi. Həmçinin, yanından keçərkən onun hərəkətlərimi yamsılamağa çalışırdı ki, bu da iddiaçı üçün çox narahatedici və təhqiredici bir davranış idi. İlk həftələrdə iddiaçıya fayllardakı şəkillərin silinməsi tapşırıq verilmişdi və bu zaman ona heç bir faydalı öyrənmə imkanı yaradılmadı. İlk bu taskın onun inkişafı üçün heç bir əhəmiyyət daşımadığını düşündüyü üçün bu işi etmək istəmədiyini bildirmişdir. Lakin komanda rəhbəri Elmin Ramazanov taskı dəyişdirməyi qəbul etməmişdir. Həmin vaxt o başa düşmüşdür ki, bu intern ona heç nə qatmayacaq və belə davam edəcək. Buna baxmayaraq, bu taskı tamamlamışdır. Daha sonra yeni bir faydalı taskın veriləcəyini gözlədiyi halda E.Ramazanov tərəfindən ona eyni folderdən şəkilləri silmək tapşırığı verilmişdir. Taska razı olmamağına baxmayaraq, bunu da yerinə yetirmişdir. Daha sonra “web scraping” ilə bağlı ona tapşırıqlar verilmişdir. Lakin lazımi resurslar və akseslər ilə heç vaxt tam olaraq təmin edilməmişdir. Mart ayında Novruz bayramı ərəfəsində iş qrupunda Elmin Ramazanov tərəfindən “scraping” tapşırığının yerinə yetirilməsi ilə bağlı iddiaçıya sual verilmişdir. Tətildə iş saatları xaricində ona xx.xx.2025-ci il tarixdə şəxsi olaraq yazaraq qrupda yazılanlara cavab verə biləcəyini soruşmuşdu. Ona iş saatları xaricində bu cür sorğuların göndərilməsi münasibətsiz olurdu. xx.xx.2025-ci il tarixdə Elmin Ramazanov ona üzbəüz şəxsən görüş təklif etmiş, iddiaçı isə bunu qəbul etməmişdir. Hətta bu təklifin gecə saat 11:30-da iddiaçıya göndərildiyini qeyd etmək istəyir. O, bir dəfə iddiaçıya təcrübəni dayandırmağı təklif etmişdir. İddiaçı isə ona təcrübəni davam etdirmək istədiyini bildirmişdir. Bundan sonra yenə də ona qarşı qeyripeşəkar davranışlar sərgiləməyə davam etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının şəxsi telefon nömrəsinə “səndə getmir, performansın da və davranış da o deyil” yazmışdır. İddiaçı isə “istəyirsiz gəlim danışaq” demişdir. Yanına gedib oturanda isə iddiaçıya qarşı qərəzli olduğunu hiss etmişdir. Ən sonda isə iddiaçının oturduğu yerdə qolundan tutub “sənə deyirəm dur” və bir neçə dəfə “dur-dur” deyə təkrar etmişdir. xx.xx.2025-ci il tarixdə Elmin Ramazanovla bağlı şikayətini şifahi şəkildə əvvəlcə İnci Əsgərovaya, daha sonra isə Günay Teymurovaya bildirmişdir. Onlar məsələni departament rəhbəri ilə müzakirə edəcəklərini bildirmişlər. Lakin departament tərəfindən ona heç bir geri dönüş edilməmişdir. xx.xx.2025-ci il tarixdə İnci Əsgərovaya müraciət edərək İdarə Heyəti ilə görüşmək istədiyini bildirmişdir. Cavab olaraq yazılı şəkildə şikayət ərizəsini təqdim etməli olduğu deyilmiş və iddiaçı da razılaşaraq ərizəni hazırlamağa başlamışdır. Qısa müddət sonra departament rəhbəri Vüsal İsmayılov onu yanına çağırmış və bu məsələ ilə bağlı qeyri-rəsmi söhbət aparmışdır. O, ona pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı insan resursları departamentinə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra rəsmi şəkildə şikayət ərizəsini təqdim etmişdir. X5 deyil, onlara təqdim etməyi bildirmişlər. Üçtərəfli görüş xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı görüşdə iştirak etmiş, idarə heyəti ilə görüşmək istədiyini bildirsə də, bu görüşün o görüşə aidiyyətinin olmadığı bildirilmişdir. Həmin görüş zamanı Elmin Ramazanov barəsində tədbir görüləcəyi bildirilmişdir. İddiaçı dəfələrlə İdarə Heyəti ilə görüş istəsə də, nəticə əldə olunmamışdır. Nəticə olaraq iddiaçının valideyni - atası bu məsələ ilə bağlı Prezident Administrasiyasına müraciət etmiş, onlar isə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Daha sonra iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Şirkətə müvafiq mediasiya təklif məktubu göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə X6 Əzizov iddiaçı ilə görüşmüş və məsələnin araşdırılmasının onun səlahiyyətində olduğu bildirilmişdir. Görüş zamanı o məsələnin “fövqəladə hal” olduğunu qeyd etmiş, lakin qərar verməyin onun səlahiyyətində olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə ona İnci Əsgərova tərəfindən e-mail göndərilərək ayın 30-da guya işdə olmamağı ilə bağlı, guya komandanın qoşulduğu online görüşlərdə bir müddətdir iştirak etmədiyi bildirilmişdir. İddiaçı bununla bağlı təfsilatlı yazılı izahatını yazaraq təqdim etmişdir. İşəgötürənin tabeçiliyində olan vəzifəli şəxsi Elmin Ramazanov onu alçatmış, gözdən salınmağa yönəlmiş hərəkətlərə yol verilmişdir. İddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı və ondan üzr istənilməlidir.

3. Birinci instansiya məhkəməsi tərəfindən X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 3671/2025 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına, onu gözdən salmağa, işgüzar nüfuzunu zədələməyə yönəlmiş, həmçinin ona qarşı təhqiredici hərəkət, psixoloji təzyiq, ayrı-seçkilik hallarının baş verdiyi müəyyən edilməmiş, iddiaçı tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd etməklə işin hallarına səthi yanaşmış, obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi isə öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir (Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir).

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. -23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; -23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır; -23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; -23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin; -23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: “Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər”.

16. «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 saylı qərarına əsasən: 2.2.1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. 2.2.5. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. 2.2.7. ... şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı 3 ay 1 gün müddətinə, aylıq əmək haqqı 400 manat olmaqla Məlumatların İdarəedilməsi departamentində data elmi üzrə təcrübəçi vəzifəsinə qəbul edilmişdir. Hazırda iddaçı işəgötürənə qarşı iddia qaldırmış, ona vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsini və ondan üzr istənilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehin (işəgötürənin) vəzifəli şəxsi X2 iddiaçını alçaltmış və onu gözdən salmağa yönəlmiş hərəkətlərə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın hər bir dəlili üzrə araşdırma aparılmış və onlara qiymət verilmişdir.

21. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər dedikdə, fiziki şəxsin ruhi sarsıntı, iztirab, həyəcan, sarsıntı, məyusluq, uzunmüddətli qeyri-müəyyənlik, fiziki və ya psixoloji ağrı və əzab, ədalətsizlik vəziyyəti başa düşülməlidir. Əmək münasibətləri çərçivəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə isə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

22. Lakin nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də ki, məhkəmə kollegiyasının iclasında iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına, onu gözdən salmağa, işgüzar nüfuzunu zədələməyə yönəlmiş, həmçinin ona qarşı təhqiredici hərəkət, psixoloji təzyiq, ayrı-seçkilik hallarının baş verdiyi müəyyən edilməmiş, iddiaçı tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir.

23. Məhkəmə kollegiyası iddaçının apellyasiya şikayətində göstərdiyi – birinci instansiya məhkəməsi tərəfindən iddianı rədd etməklə işin hallarına səthi yanaşması, obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, əksinə, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində göstərdiyi hər bir dəlil üzrə ətraflı araşdırma aparmış, onlara qiymət vermiş və iddianın əsassız olduğu qənaətinə gələrək iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçının iddia tələbində göstərdiyi dəlillər onun mənəvi zərərə məruz qalmasını sübut etmir.

24. İddiaçını iddia tələbində qeyd etdiyi - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 onunla xoşagəlməz davranışları nəticəsində mənəvi zərərə məruz qalması, həmin şəxsin qeyd olunan məqsədlərinin olması, nə də müvafiq əməl və hərəkətlərin edilməsi sübut edilmir. Buna görə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə razılaşmır və hesab edir ki, bu dəlillər qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3671/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar