Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1195/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq 1657 manat məbləğində qanunsuz tutulmuş və ödənilməmiş məbləğin tutulması, gecikdirilmiş ödənişə görə qanuni faizlərin qətnamə icra edilən günə qədər hesablanması, 2000 manat məbləğində mənəvi zərərin tutulması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyəti qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Hazırki işdə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əliyar Əliyev, 108-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu olduğundan Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək şərti imperativ olaraq müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçı Cavabdeh qismində qoyaraq əmək haqqından 1657 manat məbləğində tutulmanın qanunsuz olduğunu bildirirərək həmin məbləğin və 2000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını istəyir. Göründüyü kimi hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Belə olan halda tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə mediasiya sessiyasında iştirakı tələb olunur. Lakin hazırki işdə iddiaçı cavabdeh qismində Cavabdeh qoysa da həmin hüquqi şəxs ilə aralarında yaranmış mübahisənin qarşıqlı həlli üçün mediasiyaya müraciət edilməsini təsdiq edən sənədi, həmçinin mediasiya sessiyasında iştirak edilib-edilməməsi ilə bağlı arayışı və ya protokolu əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(5-155)-1195/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-1195/2026
06.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver