Məhkəmə qərarları › İş №2(001)-1066/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1066/2024

15.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1066/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 08 avqust 2010-cu il tarixdən etibarən qeyri-rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 09 may 2011-ci il təvəllüdlü X6 və 22 fevral 2013-cü il təvəllüdlü X7 doğulmuşlar. Cavabdehlə 2022-ci ilin avqust ayına qədər ailə kimi yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Son illər aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz hala gəlmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə həm ona, həm də övladlarına qarşı davamlı olaraq fiziki və psixoloji təzyiqlər göstərmişdir. Bu səbəblərə görə o, hüquq mühafizə orqanlarına müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən cavabdeh 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Apellyasiyaya şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi əsasında 09 may 2011-ci il təvəllüdlü X3 və 22 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun xeyrinə alimentin tutulması qət edilmişdir. Hal-hazırda o, övladları ilə birgə yaşayır və 15 manata şirniyyatçı kimi işləyir. Maddi gəlirinin az olması səbəbilə özünün və övladlarının maddi tələbatlarını tam ödəyə bilmir. Buna görə də, o, övladları ilə birlikdə evinə köçürülmələri üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, övladları 09 may 2011-ci il təvəllüdlü X6 və 22 fevral 2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdehlə 2010-cu ildən qeyri-rəsmi nikah münasibətlərində olmuşlar və o, ünvan 1 ünvanına gəlin köçmüşdür. Lakin sözügedən mənzilə 17 oktyabr 2022-ci il tarixdə köçmüş və 2022-ci ilin avqust ayının sonunadək həmin mənzildə yaşamışdır, lakin aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz hala gəldiyindən mənzildən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı həmçinin bildirmişdir ki, köçmək istədiyi mənzili birgə nikahda 45000 manata almışlar, lakin dövlət qeydiyyatına aldırmamışdırlar. Həmin mənzilin alınması üçün nənəsindən qalmış evin satılmasından əldə edilmiş vəsaiti həmin mənzilə xərcləmişdir. Həmin mənzillə bağlı bütün istehlak müqavilələri onunla bağlanmışdır, ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmünə əsasən cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3149/2023 saylı 06 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 26 aprel 2023-cü il tarixdən hesablanmaqla tərəflərin birgə nikahlarından olan övladları 09 may 2011-ci il təvəllüdlü X3 və 22 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-326/2023 saylı 23 may 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 414143 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 09 may 2011-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində qeydiyyatsız, iki övladı ilə yaşamışdır. Qonşuların təsdiq etdiyi akta əsasən 2021-ci ildən 2022-ci ilin avqust ayına kimi həmin ünvanda yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 220868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 fevral 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 220867 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 may 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən mənzillə bağlı abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Binəqədi rayon sukanal idarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən mənzillə bağlı abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” adlı sənəddən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanı ilə bağlı abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən 11 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 10 fevral 2024-cü il tarixli məktubdan görünür ki, X10 (əvəzinə İddiaçı) ilə X5 arasında 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbə ərazisindən fərdi-yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsindən 200 kv.m, torpaq sahəsi və üzərində olan tikiliyə dair ilkin alqı-satqı müqaviləsi bağlanmış və ümumi dəyəri 45000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mübahisənin predmetini özbaşına tikili təşkil edir. Yuxarıda qeyd edilmiş normalardan görünür ki, özbaşına tikililərə istifadə hüququnu tənzimləyən maddi hüquq normaları nə mülki qanunvericilikdə, nə də mənzil qanunvericiliyində mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisəli evdə (mənzildə) 2020-ci ildən yaşadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki işdə olan sübutlarla və tərəfin izahatı ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlə 2010-cu ildən qeyri-rəsmi nikah münasibətlərində olmuş və o, ünvan 1 ünvanına gəlin köçmüşdür. Tərəflərin iki övladı - 09 may 2011-ci il təvəllüdlü X6 və 22 fevral 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Mübahisəli mənzil 17 oktyabr 2021-ci il tarixdə əldə edilmiş və iddiaçı ailə üzvləri ilə həmin mənzilə köçmüş və 2022-ci ilin avqust ayının sonunadək həmin mənzildə yaşamışdır. İddiaçı həmin mənzilin onun nənəsinə məxsus olmuş mənzilin alqı-satqısından əldə ediliş vəsaitin hesabına alınmasını bildirmiş və bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etmişdir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, həmin mənzillə bağlı bütün istehlak müqavilələri iddiaçı ilə bağlanmışdır, ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İstər iddiaçı, istərsə də cavabdeh və onların övladları mübahisəli evdə əvvəllər normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onların həmin evdə yaşamaq hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulması və cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsi ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının və övladlarının mənzil hüquqları pozulduğundan, onların başqa yaşayış sahəsinə malik olduqları iş materialları ilə təsdiq edilmədiyindən iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı övladları 09 may 2011-ci il təvəllüdlü X6 və 22 fevral 2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən mənzilə köçürülməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı övladları 09 may 2011-ci il təvəllüdlü X6 və 22 fevral 2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən mənzilə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar