Məhkəmə qərarları › İş №2(001)-1076/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1076/2021

09.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1076/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı fərdi əmək mübahisələrin həlli tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC tərəfindən barəsində verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 403/K nömrəli əmrin ləğv edilməsini, onun həmin MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş, cavabdeh heç bir əsas olmadan onu işdən çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixli, 430/K nömrəli əmrdə göstərilir ki, “İddiaçı Cəmiyyətin X3 üzrə nümayəndə vəzifəsində çalışan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 72-ci maddənin “ç” bəndinə əsasən, xx xxxxxxxx 2020-ci il tarixindən xitam verilsin. İstifadə etməiyi 2 gün əsas məzuniyyəti pul əvəzi ödənilsin. Əsas xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişi”. Göründüyü kimi, əmr qanunsuz və əsassızdır. Belə ki, əmrdə onun hansı əsasla işdən çıxarılmağı göstərilməmişdir. Əmrdən belə başa düşülür ki, xx.xx.2020-ci il tarixli xəbərdarlı onun işdən çıxarılması üçün əsasdır. Halbuki, əmək qanunvericiliyində işdən çıxarılmağın əsası kimi “xəbərdarlıq” nəzərdə tutulmamışdır. Əmrdə istinad edilən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. Habelə, əmrdə istinad edilən 70-ci maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Halbuki, işçi işəgötürənin təşəbbüsü ilə işdən çıxarılarkən hansı səbəbdən işdən çıxarılması dəqiq göstərilməlidir. Beləliklə, əmrdə əsaslandırma olmadığı təqdirdə onun işdən çıxarılması mümkün deyildir. İşə getməməsinə səbəb isə koronavirus xəstəliyinə tutulması olmuşdur. Belə ki, işdə özünü pis hiss etdiyindən kadrlar şöbəsindən ona evə getməsi, bir müddət sonra özülərinin onu çağıracaqları deyilmiş, o qısa müddət evdə olsa da sonradan səhhəti pisləşdiyindən xəstəxanaya müraciət etmiş, xəstəxana şəraitində müalicə olunmuşdur. Bu müddət ərzində işdən onunla heç kim maraqlanmamışdır. Buna görə də, həmin əmr ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı cavabdeh tərəfindən hesablanaraq ona ödənilməlidir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı kardlar şöbəsinin əməkdaşları tərəfindən onun evə göndərilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı onlara məlumat vermədən işə gəlməmiş, buna görə ona xəbərdarlıq bildirişi göndərilmiş, işə gəlməmə səbəbi barədə məlumat verməsi tələb olunsa da, iddiaçı buna cavab verməmişdir. Pandemiya dövründə şirkət ixtisarlaşdırma prosesi həyata keçirməmiş, əksinə gücləndirilmiş iş rejiminə keçmişdir. Yəni, faktiki olaraq işçi işə gəlmədiyindən və bu barədə vaxtında məlumat vermədiyindən işdən çıxarılmışdır. İşdən çıxarma əmri və əmək kitabçasının götürülməsi ilə bağlı məktub da iddiaçıya çatmamışdır. Sonda R.H.Allahverdiyev məhkəədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 387/K saylı əmrindən çıxarışdan və xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı MMC-nin Satış Departamentinə xx.xx.2019-cu il tarixdən Satış üzrə nümayəndə vəzifəsində işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən ona 400 manat əmək haqqı təyin edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı “ünvan 1i ünvanı üzrə göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişində göstərilmişdir ki, “əmək müqaviləsi əsasında X3 üzrə nümayəndə vəzifəsində çalışdığınız Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixindən etibarən işə gəlməməyiniz müəyyən edilmişdir. Dəfələrlə telefonla əlaqə saxlayaraq üzrsüz səbəbdən işdən yayındığınız bildirilsə də, işə davaimyyətsizliyiniz davam etmişdir. Sizə xəbərdarlıq edilirik ki, məktub sizə çatdığı andan etibarən 2 iş günü ərzində bizə işə gəlmədiyiniz günlərlə bağlı müvafiq sənəd təqdim edəsiniz, əks təqdirdə, üzrsüz səbəbdən işdə olmamağınızla bağlı bütün iş günü işə gəlmədiyinizə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqavilənizə xitam veriləcəkdir.” - “AlexExpress” poçt xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 97 nömrəli aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlandırılmış məktub şəxsin həmin üvnanda yaşamaması səbəbindən ona çatıdırılmamışdır. - Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 430/K saylı əmrindən çıxarışda MMC-nin X3 üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxxxxx 2020-ci il tarixindən xitam verilməsi, istifadə etmədiyi 2 gün əsas məzuniyyəti pul əvəzinin ödənilməsi, buna əsas kimi isə xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlandırılmış xx.xx.2020-ci il tarixli məktubda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmiş, ondan MMCyə gəlib əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 9-cu maddəsinin 2-ci bəndində göstərilmişdir ki, işəgötürlən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. - SN seriyalı, 00006 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı “koronavirus” diaqnozu ilə xəstəxana rejimində müalicə aldığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdən azad edilmişdir, iltizamnamədən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan evə buraxılmış və xx xxxxxx 2020-ci il tarixədək evdən çıxmamağı öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; - 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 71.2 və 71.3-cü maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: . müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; . işçinin adı, atasının adı və soyadı; . əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; . əmək müqaviləsinin ləğv edilməsinin əsası; . həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; . əmək müqaviləsi ləğv edilən gün, ay və il; . əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin nümayəndəsi izahatında işdən çıxarılma əmrinin surətinin iddiaçıya çatmadığını bildirmiş, iddiaçı tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki halda iddia müddəti ötürülməmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfinən MMC-nin X3 üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2020-ci il tarixli, 430/K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrdə müqaviləyə xitam verilməsinə əsas kimi xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilmişdir. Hansı ki, həmin xəbərdarlıq bildirişi İddiaçı çatmamışdır. Həmçinin, müəyyən olunur ki, İddiaçı ona göndərilmiş, lakin çatmamış bildirişin tərtib olunduğu xx xxxx 2020-ci il tarixindən 4 gün sonra yəni xx xxxx 2020-ci il tarixdə “koronavirus” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan evə, 14 günlük ev şəraitində karantinə göndərilmiş, xx xxxxxx 2020-ci il tarixədək evdən çıxmamağı xəstəxana qarşısında öhsədinə götürərək bu barədə iltizama imza etmişdir. Məhkəmə hesab edir ki, işçiyə lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, eyni zamanda, yuxarıda göstərilən əsaslar İddiaçı səbəbsiz yerə işburaxması halını inkar edir. Buna görə də, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 430/K saylı əmr ləğv edilməli, İddiaçı Cəmiyyətin X3 üzrə nümayəndə vəzifəsinə işə bərpa olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda cavabdehin qanunsuz olaraq iddiaçılarla olan əmək münasibətlərinə xitam verməsi halı müəyyən edildiyindən iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir və bu müddət onun işdən azad edildiyi tarixdən qətnamə qanuni qüvvəyə minənədək olan dövr üçün müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin əmri ləğv edilməli və iddiaçıya 2020-ci ilin sentyabr ayından hazırki qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh MMC tərəfindən ödənilməlidir. İddia ərizəsi üzrə ödənilmiş dövlər rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 430/K saylı əmri ləğv edilsin, İddiaçı Cavabdeh MMC-nin X3 üzrə nümayəndə vəzifəsinə işə bərpa edilsin. xx xxxxxxxx 2020-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə minənədək olan dövr ərzində məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar