Məhkəmə qərarları › İş №2(3-1)-147/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-147/2026

15.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-147/2026 15.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün orta əməkhaqqının ödənilməsi tələbi (Açar sözlər: işə bərpa, məcburi işburaxma dövrü üçün orta əməkhaqqının ödənilməsi tələbi, fərdi əmək mübahisəsi, müddətli əmək müqaviləsinə xitam, xəbərdarlıq müddəti, iddia müddəti, elektron informasiya sistemi (ƏMAS), mediasiya prosesi) iddiaçı İddiaçı və cavabdeh Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün orta əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Naxçıvan Dövlət Universitetinin ## ######## 2025-ci il tarixli, *******000100 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsini, əvvəlki işinə (müəllim vəzifəsinə) bərpa olunması barədə qərar çıxarılmasını və işdən azad olunduğu tarixdən faktiki işə bərpa olunacağı günə qədər keçən məcburi işburaxma dövrü üçün orta əməkhaqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbində göstərmişdir ki, Naxçıvan Dövlət Universitetində ## ######## 2024 - ## ######## 2025-ci illər arasında müəllim kimi fəaliyyət göstərmiş, lakin ## ######## 2025-ci il tarixli əmrlə əmək müqaviləsinə qanunsuz və kobud prosessual pozuntularla xitam verilmişdir. Əmək müqaviləsinin xüsusi şərtinə görə xitamdan ən azı 1 ay öncə rəsmi xəbərdarlıq edilməli olduğu halda, cavabdeh bu öhdəliyi pozaraq heç bir öncədən bildiriş təqdim etməmişdir. Xitama əsas kimi göstərilən intizam tənbehi (töhmət) məhkəmə qaydasında mübahisələndirildiyindən, idarənin addımları qərəzli və əsassız xarakter daşıyır. Eyni zamanda, 2025-ci ilin sentyabr ayında verilmiş təhqir və böhtan iddiaları üzrə özünü müdafiə etmək məcburiyyəti və polisin hərəkətsizliyindən yaranan hüquqi qeyri-müəyyənlik iddianın vaxtında qaldırılmasına maneçilik törətmişdir. Müqavilənin xitamına zəmin yaradan töhmətin və dekan müavininin iddialarının qanunsuzluğu yalnız Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə qəti təsdiqini tapdığından, iddia müddətinin ötürülməsi tam üzrlü hesab edilməlidir. c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (iş vərəqə 81-94).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək münasibəti 1 illik olmuşdu. Qanunvericilik yuxarıda da qeyd edildiyi kimi həmin münasibətin davam etdirilməməsini arzulayan tərəfin müqavilənin bitməsinə azı 1 həftə qalmış digər tərəfə bildiriş verməli olduğunu müəyyən etmişdir. Cavabdeh tərəfdən müqavilə münasibətlərinin davam etməsində marağının olmaması, iddiaçıya ƏMAS sistemi üzərindən göndərilmiş elektron bildirişlə müəyyən edilmişdir. Hərçənd ki, həmin müddət 2 gün pozulmaqla göndərilsə də bu tərəfin iradə ifadəsini dəyişməmiş, müqavilənin əvvəlki qaydada uzadılmasına əsas verməmişdir. Belə olan halda, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmalı olduğu halda, bunu etməmişdir. Həmçinin, iddiaçının cinayət işi üzrə özünü müdafiə etməsi və özünü müdafiə etmək zərurətində qalması onun öz müstəqil iddia hüququnu həyata keçirməsinə maneə yaradan hal qismində dəyərləndirilə bilməz. Buna görə də məhkəmə hesab etmişdi ki, iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən buraxılmasına əsas olan hallar müəyyən olunmamışdır. Iddiaçı məhkəməyə müraciət etmək imkanına malik olmuş, həmin imkana malik olmasına baxmayaraq, hazırkı əmək mübahisəsini başlatmaq üçün vaxtında müraciət etməmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmasını, iddia tələblərinin tam həcmdə təmin edilərək, cavabdeh (Naxçıvan Dövlət Universiteti) tərəfindən əmək müqaviləsinə qanunsuz və xəbərdarlıq müddəti pozulmaqla xitam verilməsinə dair əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə dərhal bərpa olunması barədə qərar qəbul edilməsi, qanunsuz olaraq işdən kənarlaşdırıldığı dövr üçün məcburi işburaxma günlərinin orta əməkhaqqının cavabdeh universitetdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 98-102).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə cavabdehin Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozduğunu müəyyən etdiyi halda, həmin pozuntunun hüquqi nəticələrini tətbiq etməmişdir. Qətnamənin 56-cı bəndində məhkəmə müəyyən etmişdir ki, cavabdeh əmək müqaviləsinin müddətinin başa çatmasına azı bir həftə qalmış yazılı xəbərdarlıq etmək öhdəliyinə əməl etməmiş, beləliklə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq, qətnamənin 63-cü bəndində məhkəmə "xəbərdarlığın iki gün gecikməsi tərəfin iradəsini dəyişmir" qənaətinə gəlmiş və bu əsasla cavabdehin yol verdiyi qanun pozuntusunun hüquqi nəticələrini tətbiq etməmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsi imperativ xarakter daşıyır və məhkəmənin qanunda nəzərdə tutulmayan "əhəmiyyətsiz gecikmə" və ya "tərəfin iradəsi" meyarını tətbiq etməsi yolverilməzdir. Hüquqi nəticə tərəfin subyektiv niyyətindən deyil, qanunun imperativ tələblərindən irəli gəlir. Universitet qanuni müddəti qaçırdığı an, müqavilə artıq qanun gücü ilə avtomatik olaraq növbəti 1 ilə uzadılmışdı və universitetin birtərəfli xitam iradəsi hüquqi qüvvəsini itirmişdi. Məhkəmə maddi hüquq normasını cavabdehin xeyrinə tamamilə təhrif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu müddətli əmək müqavilələrinin hüquqi rejiminə dair hüquqi mövqeyində əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına ciddi əməl edilməsinin zəruriliyini vurğulamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin qanun pozuntusunu müəyyən etsə də, həmin pozuntunun hüquqi nəticələrini tətbiq etməmişdir.

7. Məhkəmə həmçinin iddia müddətinin ötürülməsinin səbəbləri tam və obyektiv araşdırılmamışdır. Qətnamənin 63-cü bəndində məhkəmə onun barəsində aparılmış cinayət təqibinin mülki iddia qaldırmağa mane olmadığı qənaətinə gəlmişdir. Lakin barəsində cinayət təqibi aparılmış, yalnız ## ###### 2026-cı il tarixində qanuni qüvvəyə minmiş bəraət qərarı qəbul edilmişdir. Həmin müddətdə müdafiə hüququnun həyata keçirilməsi obyektiv olaraq əsas prioritet olmuş və bu hal əmək hüquqlarının müdafiəsi məqsədilə vaxtında məhkəməyə müraciət etməyinə təsir göstərmişdir. Bəraət qərarı qüvvəyə mindikdən dərhal sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halların iddia müddətinin üzrlü səbəbdən ötürülməsi baxımından hüquqi əhəmiyyətini kifayət qədər qiymətləndirməmişdir. Iddia müddətinin başlanğıcı da düzgün müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddia müddəti işçinin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmədə göstərmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə uyğun olaraq son hesablaşma aparılmamışdır, son haqq-hesab, xitam müavinəti bu günədək ödənilməmişdir. Qətnamədə bu arqumentlərə hüquqi qiymət verilməmiş, yalnız ƏMAS sistemi vasitəsilə göndərilmiş bildirişə istinad olunmuşdur. Belə olan halda, iddia müddətinin hansı tarixdən hesablanmasının əsaslandırılmaması qətnamənin natamam əsaslandırıldığını göstərir. Qətnamənin özündə də istinad olunduğu kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən iddia müddəti tətbiq edilməzdən əvvəl iddiaçının hüququnun mövcudluğu və həmin hüququn pozulub-pozulmadığı müəyyən edilməlidir. Buna baxmayaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Mülki- Prosessual Məcəllənin tələbləri düzgün tətbiq edilməmişdir. Hazırkı işdə isə məhkəmə cavabdehin Əmək Məcəlləsinin 73-cü maddəsini pozduğunu müəyyən etsə də, bu pozuntunun hüquqi nəticəsini təmin etmək əvəzinə, hüquqi qorumanı tamamilə rədd etmişdir. Eyni zamanda, iddia ərizəsində göstərilən xitam əmrinin təqdim edilməməsi, son hesablaşmanın aparılmaması və digər hüquqi arqumentlərə münasibət bildirilməmişdir. Bu isə Mülki-Prosessual Məcəllənin məhkəmə qətnaməsinin tam, əsaslandırılmış və daxili ziddiyyətsiz olmasına dair tələblərinə uyğun deyildir.

8. Iddiaçı tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73, 172-ci və 296-cı maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 217ci və 218-ci maddələrinə istinad etmişdi.

c) Apellyasiya şikayətinin icraata qəbulu.

9. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “31” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

10. Cavabdeh tərəf ## ###### 2026-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ünvanladığı etirazda, iddiaçı İddiaçı müddətli əmək müqaviləsi başa çatdığından ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrlə ## ######## 2025-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini, onun apellyasiya şikayətində iddianın qanunvericilikdə nəzərdə tutulmayan meyarlar əsasında rədd edildiyini iddia etsə də, bu arqumentin əsassız olduğunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdə müqaviləyə xitam verildiyini, həmin maddədə həmçinin müddətin bitməsi ilə bağlı tərəflərin bir-birini yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatlandırması tələbi qoyulduğunu, bu tələbə uyğun olaraq, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə müvafiq xəbərdarlıq bildirişi göndərildiyini, qanunvericiliyin tələblərinə tam əməl olunduğunu, bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "a" bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin uzadılmasının işəgötürənin müstəsna hüququ olduğunu qeyd etməyin zəruriliyini, iddiaçının apellyasiya şikayətində son hesablaşmanın aparılmaması və haqq-hesabın ödənilməməsi ilə bağlı irəli sürdüyü iddiaların da həqiqətə uyğun olmadığını, belə ki, iddiaçının son haqq-hesabının ödənildiyini təsdiq edən sənədlərin Naxçıvan Şəhər Məhkəməsinə təqdim edildiyini və hazırda həmin sənədlərin iş materiallarına əlavə olunduğunu, yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı müddətli əmək müqaviləsinə qanunvericiliyin tələblərinə müvafiq qaydada xitam verildiyini, habelə son hesablaşmanın tam həcmdə aparıldığını və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməli olduğunu qeyd edərək, Naxçıvan Şəhər Məhkəməsinin 25 may tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilməməsini, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdi (iş vərəqə 139-140).

d) Sədrlik edən hakimin özü-özünə etirazı və işin yenidən bölüşdürülməsi.

11. Apellyasiya şikayətinə baxılması ilə bağlı ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında sədrlik edən hakim Allahverdiyev Mehman Dünyamalı oğlu iddiaçı İddiaçı onun qohumu (bibisi qızı) olduğunu bəyan etmişdir.

12. Hakim bu faktın Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.6-cı və 19.1.7-ci maddələrinə əsasən məhkəmənin obyektivliyinə və qərəzsizliyinə şübhə yarada biləcəyini əsas gətirərək, həmin Məcəllənin 21.1-ci maddəsinə uyğun olaraq özü-özünə etiraz etmişdir.

13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, ## ###### 2026-cı il tarixli qərardadı ilə bu etirazı təmin etmiş və hakim M. Allahverdiyevi işdən kənarlaşdırmışdır.

14. Qərardada əsasən, işə başqa hakimin iştirakı ilə baxılmasının təmin edilməsi məqsədilə mülki iş “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yenidən təsadüfi bölüşdürülməyə yönəldilmişdir.

III. Izahatlar və işin gedişatı.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, ## ######## 2025-ci il tarixdə əmək müqaviləsinə cavabdeh qurum tərəfindən xitam verilmiş, bununla bağlı bildiriş isə ona 15 sentyabr tarixdə göndərilmişdir. Bu məsələ ilə bağlı qanunvericilikdə ən az 7 gün öncədən tərəfə məlumat verilməsi ilə bağlı imperativ norma nəzərdə tutulmuşdur. Qanunvericilikdə, qeyd edilən müddət ərzində işçiyə məlumat verilmədiyi təqdirdə əmək müqaviləsinin davam etdirildiyi də öz əksini tapmışdır. Ona görə də o, qarşı tərəflə bağlanmış əmək müqaviləsinin hələ də qüvvədədir və iddia müddətinin buraxılması ilə bağlı qeyd edilənləri qəbul etmir. Əmək müqaviləsinə xitam verilməsinə 5 gün qalmış bildiriş göndərilsə belə, müqaviləyə xitam verilməsi ilə bağlı ona müavinət ödənilməmiş və ona aid olan sənədlər özünə təqdim edilməmişdir. Bir sözlə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir qanuni addım atılmamışdır. O, qarşı tərəf barəsində iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra ona əmək müqaviləsinin xitam edilməsi ilə bağlı bildiriş göndərilmişdir.

16. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, ona qarşı cinayət təqibi başlanan zaman Azərbaycan Respublikasında olmamış, məhkəmədə işə baxılması ilə bağlı geri qayıtmışdır. Stress keçirdiyi üçün iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir, cavabdeh tərəflə hüquqi mübarizə aparmaq istəməmiş, lakin məcbur qaldığı üçün artıq hüquqi addımlar atmışdır. Əmək müqaviləsinə xitam verilən zaman hüququnun pozulmasından xəbərdar olmamış, sonradan Xarici Işlər Nazirliyində işləmək üçün imtahan verən zaman Əmək Məcəlləsini oxumuş və əmək müqaviləsinə xitam verilməsindən 7 gün öncə ona bununla bağlı bildiriş verilməli olmasını, əks halda müqavilənin qüvvəfə olmasını, həmçinin işdən çıxan vaxt ona son-haqq hesab ödənilməsi olmasını və hüquqlarının pozulduğunu öyrənmişdir. Naxçıvan Dövlət Universitetinin əmək müqaviləsinə xitam verən zaman qanunsuzluğa yol verəcəyini düşünməmiş və ona görə də məhkəməyə iddia tələbi ilə gec müraciət etmişdir.

17. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, iddiaçı İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək, Naxçıvan Dövlət Universitetinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxma üçün orta aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdi. Iddiaçının tələbinin qanunsuz və tamamilə əsassız olduğunu, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün 1 ay öncədən ona xəbərdarlıq edilməli olduğunu düşünür. Iddiaçı ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi idi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tərəflərdən hər hansı birinin digər tərəfi müddətin bitməsinə görə yazılı formada xəbərdar etmədiyi təqdirdə həmin əmək müqaviləsinin göstərilən müddətdə uzadılır və ya həmin məcəllənin 45-ci maddəsinin 5-ci hissəsində qeyd edilmiş əsaslara uyğun olaraq müddətsiz hesab edilməsi nəzərdə tutulur. Bu hal baş vermədiyi üçün əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemi üzərindən bildiriş göndərilmiş və o xəbərdar edildikdən sonra əmək müqaviləsinə xitam verilmişdi. Qarşı tərəfin müqaviləsinin müddətinin uzadıldığını zənn etdiyini bildirsə də, lakin müqavilənin müddəti uzadılsa idi ona ƏMAS üzərindən yenidən bildiriş göndərilməli idi. Lakin belə bir hal mövcud deyil. Iddiaçının özünün də onunla bağlanmış əmək müqaviləsinin bir il müddətində bağlandığını və müddət bitdikdən sonra ona xitam veriləcəyini bilirdi. Nəticə etibarilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verildiyindən onun apellyasiya şikayətinin təmin edilməməli olduğunu qeyd etmişdir.

18. Cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş iddiaçıya 2 gün gec göndərilmişdir. Iddiaçı əmək məzuniyyətinə getmiş, ## ######## 2025-ci il tarixdə işə geri qayıtmamışdır və ona məzuniyyət pulu verildiyi üçün son haqq-hesab olunmamalı idi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müavinət verilə bilməzdi. Iddiaçıya məzuniyyət pulu tam olaraq vaxtında ödənilmişdir. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr ## ######## 2025-ci il tarixdə verilmiş, bununla bağlı bildiriş isə ona ## ######## 2025-ci il tarixdə göndərilmişdir. Ilk növbədə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona bildiriş verilməli, daha sonra isə bununla bağlı əmr verilməli idi. Iddiaçıya onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin 5 gün qalmış göndərilməsinin səbəbinin sentyabr ayının 12-nin həftə sonuna təsadüf etməsi olduğunu düşünür.Iddiaçı 2025-ci ilin iyul ayının əvvəllərində məzuniyyətə çıxmışdır. Qarşı tərəf iddia müddətinin bərpası ilə bağlı ərizə verməsəydi belə, onlar iddia müddətinin tətbiqi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcəkdilər.

IV. Işin halları:

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

20. - Naxçıvan Dövlət Universiteti ilə İddiaçı arasında ## ######## 2024-cü il tarixində bağlanmış və ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrü əhatə edən müddətli əmək müqaviləsindən iddiaçının Universitetin Beynəlxalq münasibətlər kafedrasında müəllim vəzifəsinə qəbul edildiyi, habelə sənədin "Əmək müqaviləsinə xitam verilməsi" adlı 9cu bölməsinə əsasən müqaviləyə Əmək Məcəlləsinin müvafiq (o cümlədən 73-cü) maddələrində nəzərdə tutulan əsaslar və qaydalara ciddi əməl olunmaqla xitam verilə biləcəyi, eləcə də işəgötürən tərəfindən müqavilə ləğv edilərkən işçinin qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməli olduğu (iş vərəqə 05-15);

21. - Naxçıvan Dövlət Universitetinin ## #### 2025-ci il tarixli, *** nömrəli əmrindən iddiaçı İddiaçı 56 təqvim günü müddətinə olmaqla, ## #### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək növbəti əmək məzuniyyətinə buraxılması (iş vərəqə 63-64);

22. - Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının ## #### 2025-ci il tarixli, *-*/*-*****/**** nömrəli məktubundan, İddiaçı ## #### 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə 1 (bir) il müddətinə ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər kafedrasında 0.5 ştat müəllim vəzifəsinə təyin olunması, əmək fəaliyyəti dövründə tədris prosesinə məsuliyyətsiz yanaşdığı, dərs cədvəlinə və əmək intizamına riayət etmədiyi, mütəmadi olaraq gecikmələrə və izahat verilmədən dərsləri buraxmasına yol verdiyinin müşahidə olunması, bununla yanaşı, iş yoldaşları və rəhbərliklə əməkdaşlıqda çətinliklər yaşaması, ona əmək intizamı və etik davranış qaydalarına uyğun olmayan davranışları barədə dəfələrlə xəbərdarlıq edilməsi, Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Abbas Əhmədov barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin "102" xidmətinə müraciət ünvanlaması, hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində tərəfindən deyilənlərin həqiqətə uyğun olmadığının müəyyən edilməsi və cinayət işinin başlanmasının rədd edilməsi, qeyd olunan hallar nəzərə alınmaqla ona ## ### 2025-ci il tarixində "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə töhmət verilməsi, həmçinin qeyd olunan səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul edilməsi və bu barədə ona müvafiq məlumat verilməsinin qeyd edilməsi (iş vərəqə 16);

23. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## ######## 2025-ci il tarixli, *-**-*-*/*-Q-****/**** nömrəli məktubundan, dərs bölgüsü və dərslərin tədris olunması ilə bağlı məsələlər Xidmətin səlahiyyətlərinə aid edilmədiyindən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən müraciətin baxılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilməsi, bununla yanaşı tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə baxış keçirilən zaman onunla cavabdeh arasında bağlanılmış ## ######## 2024-cü il tarixli müddətli əmək müqaviləsinin hal-hazırda aktiv olduğunun məlum olması, müraciətdə bildirdiyi əmək müqaviləsinə xitam verilməsinə dair psixoloji təzyiqlərə məruz qalmağı ilə bağlı məsələ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin predmeti olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin tövsiyə olunması (iş vərəqə 17);

24. - Naxçıvan Dövlət Universitetinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrindən, Beynəlxalq münasibətlər kafedrasının 0.5 ştat müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti başa çatdığından ## ######## 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsinin əmr edilməsi (iş vərəqə 44);

25. - Əmək və Məşğulluq Altsistemi (ƏMAS) çıxarışından (## ######## 2025-ci il tarixli İddiaçı ünvanlanmış məlumatlandırmadan), onunla Naxçıvan Dövlət Universiteti arasında ## ######## 2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi əsasında 20 sentyabr tarixindən xitam veriləcəyi və əmək qanunvericiliyinə uyğun olaraq xitam verilən günədək bütün hesablaşmaların aparılacağının qeyd edilməsi (iş vərəqə 42-43);

26. - Naxçıvan Dövlət Universitetinin iyun-sentyabr ayları üçün hesablama-ödəniş cədvəlindən çıxarışdan və *** nömrəli əmrə əsasən, İddiaçı hesablanan 56 günlük məzuniyyətdə 1368.60 manat məbləğində müəyyən olunması (iş vərəqə 68);

27. - İddiaçı adına olan əməkhaqqı kartı üzrə ##.##.2024-##.##.2025-ci il dövrünü əhatə edən kart hesabından çıxarışdan, ## #### 2025-ci il tarixdə hesaba "Məzuniyyət" təyinatı ilə 1014.82 manat məbləğində ödənişin mədaxil edildiyi və həmin tarixdən etibarən çıxarış dövrünün sonunadək (əmək müqaviləsinə xitam verilən tarix də daxil olmaqla) hesaba hər hansı son haqq-hesab və ya digər ödənişin mədaxil edilməməsinin qeyd edilməsi (iş vərəqə 69);

28. - X7 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2026-cı il tarixli, MŞN/**-Q-***** nömrəli arayışından, iddiaçı İddiaçı tərəfindən ilkin mediasiya sessiyası (IMS) üçün ## ###### 2026-cı il tarixində müraciət edildiyi, qarşı tərəfə ## ###### 2026-cı il tarixində müvafiq bildirişin göndərildiyi (##.##.2026-cı ildə çatdırıldığı), lakin ## ###### 2026-cı il tarixində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh tərəfin (Naxçıvan Dövlət Universitetinin rəhbərliyinin) iştirak etməməsinin qeyd edilməsi aydın olur (iş vərəqə 19).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

32. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayətindən aydın olur ki, həmin tərəf sözügedən qətnaməni tam mübahisələndirir.

33. İddiaçı verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Apellyasiya şikayətinin həlli ilə bağlı tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

34. - 35-ci maddəsinin İ və II hissələrinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

35. – 72-ci maddəsinin III hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir.

b) Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

36. - 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir;

37. - 3-cü maddəsinin 4-1-ci, 5-ci və 16-cı hissələrinə görə əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır;

38. - 8-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir;

39. - 44-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır;

40. - 45-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;

41. - 68-ci maddəsinin 1 və 2-ci hissələrinin mahiyyətindən görünür ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları - a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır;

42. - 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur;

43. - 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;

44. - 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

45. - 296-cı maddəsinin 6-cı və "Qeyd" hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. Işçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər;

46. - 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər;

47. - 301-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.

c) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

48. - 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır;

49. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

50. - 377.1-ci maddəsində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

51. - 379.1 və 379.1.6-cı maddələrinin mahiyyətinə görə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

52. - 382-ci maddəsinin tələbinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

ç) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

53. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

54. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

55. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

56. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

57. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

58. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

59. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

60. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

61. Kollegiya iş materiallarını, verilmiş apellyasiya şikayətini qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, o cümlədən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin normaları isə əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyini, mənafelərinin ədalətli qorunmasını və qanunun aliliyini təmin etmək məqsədi daşıyır.

62. Iddiaçı tərəf iddia müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa olunmasına, cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasına dair ərizələr verdiyindən kollegiya bu məqamda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "L.İ.Binnətovanın şikayəti üzrə" # ### 2008-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. Həmin Qərarda birmənalı olaraq vurğulanmışdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır.

63. Buna görə də, kollegiya hesab edir ki, qeyd olunan imperativ hüquqi mövqeyə əsasən, iddia müddətinin tətbiqi və ya bərpası məsələsindən öncə ilk növbədə iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması araşdırılmalı və tərəflər arasındakı münasibətlərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Bu məqsədlə tərəflər arasında yaranmış münasibətlərin təbiəti araşdırılmalıdır.

64. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı məhkəməyə müraciət edərək üç əsas tələb irəli sürmüşdür:

65. - Naxçıvan Dövlət Universitetinin ## ######## 2025-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv olunması;

66. - əvvəlki işinə (müəllim vəzifəsinə) bərpa edilməsi;

67. - məcburi işburaxma dövrü üçün orta əməkhaqqının ödənilməsi.

68. Bu tələblər mahiyyət etibarilə bir-birindən asılıdır və sonrakı iki tələb (işə bərpa və əməkhaqqının ödənilməsi) birbaşa olaraq birinci tələbdən (əmrin ləğvindən) törəyir. Tələblərin hüquqi təbiətinə görə, məhkəmə tərəfindən araşdırma məntiqi ardıcıllıqla həyata keçirilməlidir. Işəgötürənin işçini işdən azad etməsinin qanuniliyini müəyyən etmədən digər törəmə tələblərin araşdırılması hüquqi baxımdan qeyri-mümkündür. Bu səbəbdən, kollegiya ilk növbədə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyini və xitamın əsaslarını tədqiq etməlidir.

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Bununla yanaşı əmək qanunvericiliyi hər iki növ müqaviləyə xitam verilməsi üçün fərqli hüquqi mexanizmlər və qaydalar müəyyən etmişdir. Iş materiallarına əlavə edilmiş ## ######## 2024-cü il tarixli əmək müqaviləsindən birmənalı şəkildə görünür ki, tərəflər arasındakı əmək münasibətləri 1 (bir) il müddətinə, yəni ## ######## 2024-cü il tarixdən ## ######## 2025-ci il tarixədək olan dövr üçün rəsmiləşdirilmişdir.

70. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olduğundan, kollegiya bildirir ki, onun ləğvi qaydası Əmək Məcəlləsinin 73-cü maddəsi ilə imperativ şəkildə tənzimlənir. Həmin maddənin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Deməli, qanunverici müddətli əmək müqaviləsinə xitam verilməsinin etibarlılığı üçün işəgötürənin üzərinə konkret vaxt çərçivəsində, yəni əmək müqaviləsinin müddətin bitməsinə ən azı 1 həftə qalmış xəbərdarlıq etmək öhdəliyi qoymuşdur.

71. Cavabdehin bu öhdəliyi qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirməsinin yoxlanılması zamanı iş materiallarındakı sənədlərin xronoloji təhlilindən mühüm ziddiyyətlər ortaya çıxır. Belə ki, Naxçıvan Dövlət Universitetinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə *** nömrəli əmri ## ######## 2025-ci il tarixində qəbul edilmişdir. Lakin iddiaçıya xitamla bağlı elektron xəbərdarlıq (bildiriş) Əmək və Məşğulluq Altsistemi (ƏMAS) vasitəsilə yalnız ## ######## 2025-ci il tarixində göndərilmişdir. Bu ardıcıllıq göstərir ki, işəgötürən əvvəlcə işçinin azad edilməsi barədə rəsmi qərar (əmr) qəbul etmiş, müvafiq xəbərdarlığı isə bu qərardan 6 gün sonra həyata keçirmişdir. Qanunvericiliyin məntiqinə görə, xəbərdarlıq iradənin ifadəsi kimi xitamdan əvvəl edilməli və tərəfə vəziyyətlə bağlı hazırlıq görmək imkanı tanımalıdır. Əmrin əvvəlcədən rəsmiləşdirilib, bildirişin sonradan və üstəlik qanunla müəyyən edilmiş azı 1 həftəlik müddət pozulmaqla göndərilməsi hüquqi cəhətdən ağlabatan deyildir.

72. Işəgötürənin yol verdiyi bu qanun pozuntusuna əsaslanan iddiaçının xitam əmrinin kağız daşıyıcıda təqdim edilməməsi və son hesablaşmanın aparılmaması səbəbindən iddia müddətinin hələ başlamaması barədə dəlilini isə kollegiya əsassız hesab edir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, əmrin işçinin elektron informasiya sistemində (ƏMAS) yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə məlumatlandırıldığı gün hüququn pozulmasının aşkar edildiyi gün hesab olunur. Iş materialları ilə birmənalı şəkildə sübuta yetirilir ki, iddiaçı ## ######## 2025-ci il tarixində ƏMAS vasitəsilə məlumatlandırılmışdır. Məhz həmin elektron xəbərdarlıq hüquqi fakt kimi iddia müddətinin axımını başladır.

73. Yuxarıda qeyd edilən məlumatlandırma faktına əsaslanaraq, kollegiya vurğulayır ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin, xüsusən də 73.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilsə də, əmək qanunvericiliyi bu cür pozuntuların məhkəmə qaydasında mübahisələndirilməsi üçün dəqiq və məhdudlaşdırıcı müddət müəyyən etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, işə bərpa və digər bu kimi fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Iddiaçı İddiaçı ## ######## 2025-ci il tarixində elektron bildirişlə xəbərdar edildiyi və müqaviləsinə ## ######## 2025-ci ildə xitam verildiyi nəzərə alındıqda, qanunla müəyyən edilmiş 1 aylıq müraciət müddəti məhz həmin dövrdən hesablanmalıdır. Iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə yalnız ## ###### 2026-cı il tarixində müraciət etmişdir. Bu fakt iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini əhəmiyyətli dərəcədə ötürdüyünü birmənalı şəkildə təsdiq edir.

74. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində maddi hüquq normalarının təfsiri ilə bağlı (xəbərdarlıq müddətinin pozulmasının "tərəfin iradəsini dəyişməməsi" barədə) gəldiyi qənaət qüsurlu olsa da, məhkəmənin iddia müddətinin ötürülməsi faktını əsas götürərək iddianın rədd edilməsi barədə gəldiyi yekun nəticə mahiyyətcə doğrudur. Buna görə də, birinci instansiya məhkəməsinin yol verdiyi xırda əsaslandırma qüsurları yekun məhkəmə aktının ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Kollegiya iddiaçının iddia müddətinin buraxılmasına dair gətirdiyi dəlilləri, xüsusən də barəsində aparılan cinayət təqibini və ## ###### 2026-cı il tarixli bəraət qərarını təhlil edərək qeyd edir ki, bu hallar iddia müddətinin bərpası üçün kifayət edən üzrlü səbəb qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddia müddətinin bərpası şəxsiyyətlə bağlı ağır xəstəlik, köməksiz vəziyyət kimi müstəsna hallarda mümkündür. Iddiaçının barəsində cinayət işinin olması və ya onun özünü müdafiə etməsi mülki qanunvericilikdə nəzərdə tutulan "müstəsna hal" yaratmır. Iddiaçının azadlığı məhdudlaşdırılmadığından, onun məhkəməyə, elektron sistemlərə (ƏMAS) və ya mediasiya təşkilatına müraciət etmək üçün fiziki və hüquqi imkanı tam mövcud olmuşdur. Bu baxımdan, iddiaçının qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəbdən ötürdüyü qənaətinə gəlmək mümkün deyildir.

76. Bundan əlavə, kollegiya vurğulayır ki, iddiaçının xeyrinə güzəştli yanaşma tətbiq edilərək iddia müddətinin məhz bəraət qərarının qüvvəyə mindiyi ## ###### 2026-cı il tarixindən başladığı və mediasiya müddətinə qədərki dövrün üzrlü sayıldığı fərz edilsə belə, nəticə dəyişmir. Belə ki, ## ###### 2026-cı ildən iddiaçının mediasiyaya müraciət etdiyi ## ###### 2026-cı il tarixinədək artıq 22 təqvim günü keçmişdir. Mediasiya prosesi iddia müddətinin axımını dayandırsa da, bu proses ## ###### 2026-cı ildə tərəfin iştirak etməməsi barədə arayışın verilməsi ilə yekunlaşmışdır. Qanunvericiliyə əsasən, həmin tarixdən etibarən 1 aylıq (30 günlük) fərdi əmək mübahisəsi müddətindən geriyə qalan təxminən 8 gün yenidən axmağa başlamış və fevral ayının 14-də tam başa çatmışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə ## ###### 2026-cı il tarixində müraciət etmişdir. Göründüyü kimi, ən son ehtimalla belə iddia müddəti pozulmuşdur. Bu halda iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlillərin (son haqq-hesabın tam ödənilməməsi və s.) araşdırılması işin yekun nəticəsinə hüquqi təsir göstərmir.

77. Kollegiya iddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi şifahi izahatına – iddia müddətinin ötürülməsini əmək qanunvericiliyinin tələblərini (o cümlədən son haqq-hesabın verilməsi, 7 günlük xəbərdarlıq müddəti və müqavilənin avtomatik uzadılması qaydalarını) əvvəlcədən bilməməsi və bu hüquqlarını sonradan Xarici Işlər Nazirliyinə imtahana hazırlaşarkən öyrənməsi ilə əsaslandırmasına gəldikdə isə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin III hissəsinin imperativ tələbinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Hüquqi dövlətdə qanunların rəsmi dərc edilərək qüvvəyə minməsi hər kəsin onu bilməsi və ya bilməli olması prezumpsiyasını yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Iddiaçı əmək müqaviləsinə xitam verilməsi faktını (hüquq pozuntusunu doğuran hadisəni) ## ######## 2025-ci il tarixdə ƏMAS sistemi vasitəsilə bilsə də, buna qarşı hüquqi müdafiə vasitələrini sonradan öyrənməsi iddia müddətinin axımını dayandırmır və ya yenidən başlatmır. Şəxsin qanunvericiliyi sonradan mütaliə edərək öz hüquqlarını fərqinə varması hüququn pozulduğu anı deyil, sadəcə şəxsin hüquqi fərqindəlik anını dəyişdirir ki, bu da qanunvericilik baxımından iddia müddətinin hesablanması üçün meyar deyildir.

78. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsində iddia müddətinin bərpası üçün müstəsna hallar kimi yalnız şəxsiyyətlə bağlı olan obyektiv maneələr (ağır xəstəlik, köməksiz vəziyyət və s.) nəzərdə tutulmuşdur. Subyektiv xarakter daşıyan hüquqi məlumatsızlıq və ya qanunvericiliyi bilməmək məhkəmə tərəfindən buraxılmış iddia müddətinin bərpa edilməsi üçün üzrlü hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçının məhkəmə iclasında səmimi etiraf edərək dəyişdiyi bu mövqeyi onun iddia müddətini üzrsüz səbəbdən ötürməsi faktını bir daha təsdiq edir.

79. Yuxarıda göstərilən faktiki və hüquqi halların təhlili sübut edir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən maddi hüquq normaları (xüsusən xəbərdarlıq müddəti) pozulsa da, iddiaçı məhkəmə müdafiəsi üçün qanunla müəyyən edilmiş iddia müddətini birmənalı və bərpaedilməz şəkildə ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin iddianın müddətin ötürülməsinə görə rədd edilməsi barədə yekun nəticəsi qanuni və əsaslı olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

80. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarabilər.

81. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin:

82. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

83. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

84. - 119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

85. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində isə göstərilir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

86. Hazırkı iş üzrə iddiaçının qaldırdığı tələb əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edilmişdir. Iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar yaranan məhkəmə xərclərinin (dövlət rüsumunun) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmasına və ya tərəflər arasında bölüşdürülməsinə əsas yoxdur.

87. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

88. - Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli;

89. - Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar