Məhkəmə qərarları › İş №2(001)-1091/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1091/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1091/2021 03.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X8, Cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə” tələbinə dair ilkin, Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “evdən çıxarma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı övladı ilə birlikdə 2018-ci ildən yaşadığı, cehiz əmlaklarının olduğu, alınmasına, təmirinə birgə pul qoyduqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9-da yerləşən evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan 2013-cü il təvəllüdlü Zəhra və 2015-ci il təvəllüdlü Ramal adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı Xaçmaz rayonu, Niyazabad kəndindəki evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə aparmışdır. 4 ay cavabdehlə birlikdə gəlin köçdüyü evdə yaşadıqdan sonra, iddiaçının işi ilə əlaqədar Bakı şəhərinə köçmüş və iddiaçının anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 4-də yerləşən evin bir otağında yaşamağa başlamışlar. Onlar 6 il həmin mənzildə yaşadıqdan sonra, keçmiş qaynatası-Cavabdeh2 onlara təklif etmişdir ki, özlərinə ev almaq üçün əllərində olan pulu yığsınlar, qalan pulu isə o, düzəldəcək. Bir neçə gün sonra Cavabdeh2 onlara bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da 20.000 manata ev tapıb. Onlar evə baxdıqdan sonra onu almağa razılaşmış və beləcə, həmin mənzilin pulundan 7000 manatı iddiaçı və Cavabdeh1, qalan pulu isə cavabdeh Sərdərov Əmirxan ödəmişdir. Ev təmirsiz olduğundan Cavabdeh1 iddiaçıya toyda və yaxınları tərəfindən hədiyyə olunan qızıl-zinət əşyalarını satıb, evi təmir etdirməyi təklif etmiş, daha sonra ona daha yaxşı qızıl-zinət əşyaları alacağını bildirmişdir. Onlar həmin qızılları 6300 manat satmış, əlavə olaraq iddiaçının anası 3000 manat, qaynatası- Cavabdeh2 isə 2000 manat maddi köməklik göstərərək, evi tam təmir etmişlər. Ev təmir olunduqdan sonra iddiaçı Xaçmaz rayonunda yerləşən evdən cehiz əşyalarını gətirmək istəsə də, keçmiş qaynatası və qaynanası təzə evə təzə əmlak aparmasını təklif etmişlər. İddiaçı bunu anasına bildirdikdə, anası ailəsində söz-söhbət yaratmamağı, əşyaları kreditlə götürüb pulunu ödəməkdə köməklik göstərəcəyini bildirmişdir. Beləliklə, iddiaçı təzə evə Xaçmaz rayonunda olan evdən yalnız elektrik əşyalarını (televizor, soyuducu və s.) gətirmişdir. İddiaçının anası ilkin olaraq təzə evə 1000 manat dəyərində mətbəx mebeli hədiyyə etmiş, daha sonra iddiaçı anası ilə birlikdə yataq, qonaq otağı üçün əmlaklar-mebellər alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən evlərinə gətirmişlər. Alınan əşyaların pulunun əksər hissəsini iddiaçının anası və qardaşı, qalan hissəsini isə (təxminən 600 manat) iddiaçı ödəmişdir. Tərəflər yeni alınmış evdə bir müddət mehriban yaşasalar da, sonradan Cavabdeh1 tamamilə dəyişmiş, qazandığı puldan evə gətirməməyə, bütün günü əyləncə yerlərində əylənərək, özü üçün yaşamağa başlamış, ailənin bütün yükü iddiçının üzərində qalmışdır. Cavabdeh heç bir səbəb olmadan ailədə söz-söhbət salmağa başlamış, iddiaçını, uşaqlarını döyməyə, təhqir etməyə başlamış, ailə münasibətləri tamamilə dağılmışdır. xx.xx.2020-ci ildə Cavabdeh1 anasının təhriki ilə iddiaçını döyərək, həmin gün onu iki övladı ilə birlikdə evdən qovmuş, çıxardılarkən heç bir əşya götürməyə icazə verməmişlər. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı məcbur qaldığından övladları ilə birlikdə Binəqədi qəsəbəsində kirayə ev tutaraq orada yaşayır. İddiaçı hesab edir ki, o, övladları ilə birlikdə 2018-ci ildən yaşadığı, alınmasına, təmirinə birgə pul qoyduqları, cehiz əmlakının olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən evə köçürülməlidir. Həmçinin iddiaçı qeyd etmişdir ki, köçürülməsini istədiyi evin hüquqi sənədi yoxdur, özbaşına tikilidir. Həmin ev barəsində yalnız keçmiş qaynatası- Cavabdeh2 Nadir oğlu 2018-ci ildə SSS-tikililərin eskiz lahiyəsi MMC-dən əmlakın qiymətləndirilməsi barədə rəy alınmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “evdən çıxarma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, İddiaçı və onların azyaşlı övladları ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9 ünvanında yerləşən fərdi yaşayış evindən özlərinə məxsus olan əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul ediməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsini və üzərindəki 3 otaqlı fərdi yaşayış evini o, xx.xx.2018-ci il tarixdə 20.000 manat almışdır. Bütün kommunal ödənişlər isə həyat yoldaşı Sərdarova Zöhrə Feyzi qızının adına rəsmiləşdirilib. Oğlu Cavabdeh1 qaynanasının həyətində tikdirdiyi yaşayış evində qaynanası tərəfində yola verilmədiklərini görüb, müvəqqəti yaşamaları üçün mübahisəli mənzili oğluna vermişdir. Həmin evdə də onlar yola getməmiş və nəticədə nikahları pozulmuşdur. Hal-hazırda İddiaçı Cavabdeh2 tərəfindən Elnarənin anasının həyətində tikdiyi evdə azyaşlı uşaqları ilə birlikdə qalır. Buna baxmayaraq mənzilə köçürmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X14 ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili X11 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsasız olduğundan təmin edilmələlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu İcra Hakmiyyəti Başçısnın Binəqədi qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1151 nömrəli arayışdan görünür ki, Cavabdeh1 öz ailə üzvləri, yoldaşı İddiaçı və iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən fərdi yaşayış qeydiyyatsız yaşayırlar. - Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Şüvəlan Bələdiyyəsində vergi agenti vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - “SSS-X13” MMC-nin xx.xx.2018-ci il tarixli, 972 nömrəli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəydən və 972 nömrəli Hesabatdan görünür ki, Cavabdeh2 müraciəti əsasında, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evi 20.000 (iyimir min) manat məbləğində qiymətləndirilmişdir. - aktdan və əlyazmadan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə X1 20.000 manata almışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5932/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 80 manat olmaqla, 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin alqısatqı müqaviləsi Sərdarova Zöhrə Feyzi qızı ilə bağlanmışdır. - abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı Sərdarova Zöhrə Feyzi qızının adındadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. İddiaçının izahatından məlum olur ki, iddiaçı cavabdehlərlə münasibətlərinin gərginləşməsi səbəbindən evdən istifadə etməkdə maneələrlə qarşılaşır. İddiaçıya məxsus əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçı həmin evdə yaşamış və cavabdehlə birgə təsərrüfat aparmışdır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edəbilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Eyni qanunun 20-ci maddəsinə görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə, işin faktiki hallarından görünür ki, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evə ailə qurduqdan sonra köçmüş, orada yaşamışdır. Müəyyən edilmişdir ki, ev özbaşına tikilidir və iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında rəsmi nikah pozulsa da, iddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı onun övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olduğundan, ilkin iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X9 yaşayış yerləri analarının yaşayış yeri ilə müəyyən edilir (məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqlar İddiaçı himayəsində saxlanılmışdır). Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, İddiaçı yaşayış sahəsindən çıxarılması barədə cavabdehlərin qarşılıqlı iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Sadalanan qanunvericilik aktı normaları baxımından iddianı araşdıran məhkəmə hesab edir ki, iddiaçıların “gözlənilən mülkiyyət hüququ vardır”. Ona görə də onlar cavabdehdən onlara məxsus fərdi yaşayış evindən çıxmasını tələb edə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında nümayiş etdirdiyi mövqeyə görə “ real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixdə qəbul etdiyi Qərarda xüsusi ilə dəqiq izah etdi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənilməsi ilə onun Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənilməsi arasında fərq vardır”. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir” (“X3rşı” və «Yunanıstan neftayırma zavodu “Strən” və X2rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Lakin məhkəmə hesab edir ki, hazırki halda cavabdehlərin qanunla müəyyən edilən qaydada müvafiq kompensasiya ödəmədən iddiaçının evdən çıxarılmasına dair qarşılıqlı iddia tələbləri əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı cavabdehlərlə birgə yaşayış sahəsindən bərabər istifadə etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, məhkəmə kompensasiya verilməklə istifadə hüququna xitam verdikdə isə tərəfləri ətraflı dinləməli, evin kimin mülkiyyətində olması, evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması, evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasirya ödənilən şəxsin evin tikintisində, təmirində və bərpasında rolu, yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası, kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi, kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər-hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif olunan və təklif edən şəxsin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri barədə nəticə çıxarmağa çalışmalıdır. Qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən fərdi yaşayış evini onun tərəfindən xx.xx.2018-ci il tarixdə 20.000 manata almasına dair dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 həmin pul məbləğininin tələb edilməsi barədə müvafiq iddianı irəli sürmək hüququna sahibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar