Məhkəmə qərarları › İş №2(001)-1139/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1139/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1139/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, tələbin mahiyyəti İddiaçı Cavabdeh oğlu ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin, 143 nömrəli mənzilinə köçürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin mənasına görə müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydada müəyyən edilib. Qanun bu halda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibrətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Sadalanan işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli daşınmaz əmlak Bakı şəhərinin Xətai rayonunda yerləşdiyindən, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar