Məhkəmə qərarları › İş №2(001)-1146/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1146/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1146/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabadeh Cavabdeh qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabadeh Cavabdeh qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə 26 nömrə ilə akt qeydləri kitabında qeyd olunuş rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2020-ci ildə 26 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Cavabdeh iddiaçı ilə nikaha daxil olmaq niyyətində olmamış və ailə qurmaq adı ilə müxtəlif yalanlar uydurmuşdur. Nikah bağlamalarına baxmayaraq ailə münasibətlərinə daxil olmamış, birgə təsərrüfat aparmamışlar. Sadəcə formal kağız üzərində nikahları rəsmiləşdirimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə çıxışı təqdim edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Lakin məhkəməyə xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 26 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində müəyyən edilmiş şərtlər pozulduqda, eləcə də tərəflərdə birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır” Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən “etibarsız hesab edilmiş nikah onun bağlanıldığı gündən etibarsız sayılır.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər.Bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn, yaşayış sahəsinə hüquq əldə etmə, ərin(arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.).Nikah ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanıldıqda məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin ailə qurmaq niyyəti olmamış, iddiaçını aldaraq rəsmi nikaha daxil olmuşdur. Lakin, onlar rəsmi olaraq nikaha daxil olsalar da ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfatı idarə etməmişlər. Beləliklə, məhkəmə cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixdə 26 nömrə ilə akt qeydləri kitabında qeyd olunuş rəsmi nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəti Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanılmış 26 saylı nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar