Məhkəmə qərarları › İş №2(103)-5552/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5552/2025

04.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5552/2025 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı mülki iş (Açar sözlər: «hüquqdan sui-istifadə edərək nikahın etibarsız sayılmasını tələb etmək yolverilməzdir») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsn Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X12 ilə İddiaçı Usmanovna arasında ## #### 1984-cü il tarixdə Özbəkistan Respublikasında nikah bağlanmış və ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

2. İddiaçı şəhid ailəsi üzvü hesab edilir. 3.Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, **/**/S/******-** nömrəli arayışda a əsasən İddiaçı ilə X12 arasında bağlanmış nikaha xitam verilmiş (R. Kupriyev ## ##### 2024-cü ildə ölmüşdür), İddiaçı ilə X7 arasında ## ###### 1994-cü ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah ## ####### 2006-cı il tarixli qətnamə ilə pozulmuşdur. İddiaçı subaydır və onun nikah bağlanmasına mane olan hallar mövcud deyildir.

4. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş ## #### 2023-cü il tarixli, *-**- *-*-** nömrəli arayışda göstərilib ki, hal-hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan İddiaçı Usmanovna qızı ##.##.1992-ci il tarixdə baş vermiş Xocalı faciəsinə kimi Xocalı şəhərində yaşamış və faciə zamanı ordan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı övladı X8 şəhid olmuşdur. Xocalı faciəsi zamanı Xocalı rayon Dövlət Arxivinə məxsus olan bütün sənədlər Xocalıda qaldığı üçün həyat yoldaşının itkin düşməyi və qızının həlak olmağı haqqında heç bir sənəd yoxdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ## ####### 1963-cü il təvəllüdlü X12 ölmüş elan edilməsi, hazırkı qətnamənin qüvvəyə mindiyi gün Kupriyev Roman Əliyeviçin ölüm günü sayılması qət edilib.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 11 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinin nəticə hissəsində “X12 ölüm günü qətnamənin qüvvəyə mindiyi gün sayılsın” sözləri, “##.##.1992-ci il tarixi Kupriyev Roman Əliyeviçin ölüm günü sayılsın” sözləri ilə əvəz edilib.

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “xxxx” X3 * nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ## ### 2024-cü il tarixli arayışda göstərilib ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 məhəllə, ev 6, mənzil 880 yaşayan ## ### 1963-cü il təvəllüdlü İddiaçı 2021-ci ildən psixiatr müşahidəsindədir. Diaqnoz: “Uzun gedişli depressiv epizod, psixotik daxil olmalarla, anamnezində suisidal cəhdlərlə”.

8. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli *-**-*/*-****/** nömrəli arayışda göstərilib ki, X1 və İddiaçı Usmanovanın nikahı haqqında ## ###### 1994-cü il tarixdə ** №-li akt qeydi tərtib olunmuş, nikah Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və ##.##.2006-cı ildə *** №-li akt qeydi ilə Bakı şəhəri Cavabdeh dövlət qeydiyyatına alınmışdır.

9. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2024-cü il tarixli 3-16- 5/8-15-A-15- **** nömrəli məktubda göstərilib ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız hesab edilir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən X2 ilə nikahın Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ** saylı aktla qeydiyyata alındığı və həmin nikahın Cavabdeh tərəfindən *** saylı aktla ## ####### 2006-cı il tarixdə pozulduğu aşkar edilmişdir. X2 ilə olan nikahın etibarsız sayılması ilə bağlı ərizənin Qeydiyyat şöbəsi tərəfindən icrası mümkün deyildir. Göstərilənlər nəzərə alınaraq, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş *-**-**/*- *****/**** saylı, ## ###### 2025-ci il tarixli arayışda göstərilib ki, İddiaçı arxiv məlumatına görə xxxxnda müalicədə olmayıb.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 arasında Nizami rayon Qeydiyyat Şöbəsində ##.##.1994-cü il tarixdə bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

12. İddiada göstərilib ki, 1989-cu il tarixdə Özbəkistan Respublikasında özbək ekstremis qüvvələrin törətdiyi faciə nəticəsində ailə üzvləri həyat yoldaşı X12 bərabər Azərbaycan Respublikasına gəlmiş və Xocalı şəhərində məskunlaşmışlar. 1985-ci il tarixində qızı X24 anadan olmuşdur. 1992-ci il tarixinədək Xocalı şəhərində yaşamışlar. ##.##.1992-ci il tarixində mənfur erməni qəsbkarlarının Xocalı şəhərinə hücumu nəticəsində oğlu X8 və qızı X24 həlak olmuşlar. Həyat yoldaşı X12 itkin düşmüşdür. İddiaçı uzun müddət stress keçirmiş və psixoloji problemi olmuşdur. İddiaçı demək olar ki, özünün hərəkətlərini bilməmişdir. Hazırda bu xəstəlikdən pensiya alır. Uzun müddət keçdikdən sonra iddiaçı həyat yoldaşının tapılmadığı ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmiş və məhkəməyə Xocalı Şəhər İcra Hakimiyyətinin verdiyi arayışı təqdim etmişdir. ##.##.2024-cü il tarixində *(***)-***/**** saylı qətnaməsinə əsasən həyat yoldaşı ölmüş elan edilmişdir. Məhkəmə qətnaməsi ilə həyat yoldaşı ölmüş hesab edildiyi üçün Cavabdeh həyat yoldaşı X12 ölüm haqqında şəhadətnaməsini (ölmüş elan edildiyi üçün nikah haqqında şəhadətnamə qüvvədən düşmüşdür) almaq üçün müraciət etmişdir. Cavabdeh iddiaçıya verilən arayışda məlum olmuşdur ki, guya o, ##.##.1994- cü ildə X2 adlı şəxslə nikaha daxil olmuş və bu Nizami rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Sonradan yəni ##.##.2006-cı il tarixində nikah qətnamə əsasında pozulmuşdur. Sual olunur iddiaçı X12 rəsmi nikahda olduğu halda necə yenidən rəsmi nikaha daxil ola bilər? Həmin dövrdə yəni 1994-cü ildə iki övladını, həyat yoldaşını itirmiş bir ananın ərə getmək yadına düşər? İddiaçı həmin vaxt psixoloji travma almış ana idi. Burdan belə bir nəticəyə gəlmək olur ki, kimlərinsə hansı çirkin əməlini həyata keçirmək üçün iddiaçının düşdüyü vəziyyətdən istifadə etmişlər. İddiaçı X2 adlı şəxsi nə görmüş, nə də tanımır. Tanımadığı şəxslə iddiaçının nikahının olması ağlasığmaz haldır. İddiaçı bu qanunsuz əməlləri görəndən sonra məhkəmədə bu halın aradan qaldırılması üçün yəni X2 ilə qanunu pozaraq bağlanmış sonradan pozulmuş nikahın əsassız hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilərək İddiaçı ilə X2 arasında Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ## ###### 1994-cü il tarixdə bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə X1 arasında nikah ## ###### 1994-cü il tarixdə ** nömrəli akt qeydi ilə rəsmi qeydə alınsa da, İddiaçı daha əvvəl X12 ilə ## #### 1984-cü il tarixdə ** saylı aktla rəsmi nikahını Özbəkistan Respublikasında rəsmiləşdirmişdir, X12 Xocalı faciəsi zamanı itkin düşmüş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının digər ailə üzvləri də - X8 və qızı X20 da Xocalı faciəsi zamanı həlak olmuşlar. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı 1992-ci ildə Bakı şəhərində məskunlaşmış, X12 ölümündən sonra bir daha ailə həyatı qurmamışdır. İddiaçıya həkim tərəfindən “Uzun gedişli depressiv epizod, psixotik daxil olmalarla, anamnezində suisidal cəhdlərlə” diaqnozu qoyulmuş və 2021-ci il tarixdən psixiatr müşahidəsindədir. Bununla yanaşı müəyyən edilmişdir ki, X1 və İddiaçı Usmanovanın nikahı haqqında ## ###### 1994-cü il tarixdə ** №-li akt qeydi tərtib olunmuş, nikah Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və ##.##.2006-cı ildə *** №-li akt qeydi ilə Bakı şəhəri Cavabdeh dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, X1 və İddiaçı Usmanovanın nikahının qeydiyyata alındığı tarixdə - ## ###### 1994-cü ildə İddiaçı Usmanovanın rəsmi nikahda olduğu şəxsin X12 ölümü qeydiyyata alınmadığından, həmçinin onların nikahına xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmadığından həmin nikahın qeydiyyatını qadağan edən hal mövcud olduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ilə X2 arasında bağlanmış nikah etibarsız hesab edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edərək, şikayətində göstərir ki, Xətai Rayon Məhkəməsinin ## ####### 2005-ci il tarixli *-****/**** nömrəli qətnaməsi ilə İddiaçı oğlu X13 1991-ci ilin fevral ayında vəfat etməsinə dair hüquqi fakt müəyyən edilmişdir. Sözügedən qətnamə əsasında S.Kupriyevə Xocalı şəhər İcra Nümayəndəliyinin ##.##.2005-ci il tarixli **** nömrəli arayışı ilə şəhid statusu verilmiş, İddiaçı isə ##.##.2007-ci il tarixdən şəhid ailəsi üzvü kimi Prezident təqaüdü təyin edilmişdir. Beləliklə, Mərkəzi Filial tərəfindən İddiaçı hər ay şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli digər qətnaməsiylə X12 ölmüş hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı övladı Fatimə Kupriyevanın ##.##.1992-ci il tarixində ermənilərin Xocalı şəhərinə hücum edən zaman itkin düşməsi qeyd edilmiş və F.Kupriyeva ölmüş hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı qızı F.Kupriyevanın ##.##.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. Hal-hazırkı iş üzrə İddiaçı izahatlarındakı qeyri-müəyyənlik, şahidlərin izahatları arasındakı ziddiyyətlər və məhkəmənin qanunvericiliyin tətbiqi məsələsində səhvə yol verməsi iş üzrə əsassız qətnamənin qəbul edilməsilə nəticələnmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 26.1.5-ci maddəsinə əsasən nikahın etibarsız sayılmasını tələb etmək hüququna pozulmamış əvvəlki nikah üzrə ər (arvad) malikdir. Həmin Məcəllənin 27.4-cü maddəsinə əsasən, ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. Göründüyü kimi, qanunvericilik nikahın etibarsız hesab edilməsi üçün ancaq 2 halı qeyd etmişdir. Qanunvericiliyin tələblərindən aydın olur ki, pozulmamış nikah olduğu halda nikahın etibarsızlığı pozulmamış əvvəlki nikah üzrə ər tələb edə bilər. Hal-hazırkı mülki iş üzrə isə bu hüquqa R.Kupriyev malik olmuşdur. Ailə qanunvericiliyinin müvafiq normalarından göründüyü kimi, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur. İddiaçı A.Rzayev ilə nikaha daxil olarkən, özünün də qeyd etdiyi kimi, əri R.Kupriyevin itkin düşdüyünü və hələ də ölmüş elan edilmədiyini bilirdi. Bu səbəbdən İddiaçı hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Fondun İdarə Heyətinin ##.##.2020-ci il tarixli *********** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə müəyyən olunmuş qaydada sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digər növə keçirilməsi Mərkəzi Filialın əsas fəaliyyət istiqamətinə aiddir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin arvadına (ərinə) də təyin edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 8.1.2.3-cü bəndinə əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “X25” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişin ödənilməsi dayandırılır. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı(hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Göründüyü kimi, şəhidin dul arvadı yeni nikaha daxil olduqda ona sosial ödənişin verilməsi dayandırılır. Nikaha xitam verilməsi isə sosial ödənişin bərpa edilməsi üçün əsas deyildir. Halhazırda İddiaçı nikahın etibarsız hesab edilməsini tələb etməklə, nikah qeydinin pozulmasına və şəhidin dul arvadı hesab edilərək şəhid ailəsi üçün prezident təqaüdünün təyin olunmasına nail olmaq istəyir. Lakin nikahın etibarsız sayılması yaxud pozulması İddiaçı yenidən şəhidin dul arvadı “statusuna” qaytarmır. Belə ki, hal-hazırda İddiaçı əri R.Kupriyevə və qızı F.Kupriyevaya görə də şəhid ailəsi üzvü kimi prezident təqaüdünün təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, sözügedən qətnamə Mərkəzi Filialın maraqlarına toxunur. Qanunvericilik isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də yekun məhkəmə qərarını mübahisələndirmək hüququnu tanımışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli qətnaməsinin təsviri hissəsində İddiaçı əri Roman Kupriyevin 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində ekstremislər tərəfindən öldürüldüyü qeyd edilmişdir. Həmçinin, mesxetitürklərinin “Vətən” cəmiyyəti tərəfindən verilmiş ##.##.2007-ci il tarixli ** nömrəli arayışda R.Kupriyevin 1989-cu ilin iyun ayında Özbəkistan Respublikasının Fərqanə vilayətinin Cuma rayonunda Fərqanə hadisələri zamanı həlak olması faktı öz əksini tapmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli digər qətnaməsinin “ müəyyən etdi” hissəsində İddiaçı əri R.Kupriyevin ##.##.1992-ci il tarixində ermənilərin Xocalı şəhərinə hücum edən zaman itkin düşməsi qeyd olunmuş və onun ölmüş hesab edilməsi barədə qətnamə (sözügedən qətnamənin qüvvəyə mindiyi tarixdən) qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən R.Kupriyev ##.##.2024-cü il tarixindən ölmüş hesab edilmiş və Xocalı Rayonİcra Hakimiyyəti tərəfindən onun mülki şəhid hesab edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli sərəncam verilmişdir. Göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli qətnaməsinin təsviri hissəsində İddiaçı əri R.Kupriyevin 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində ekstremislər tərəfindən öldürüldüyü, eyni zamanda ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin “müəyyən etdi” hissəsində isə İddiaçı əri R.Kupriyevin ##.##.1992-ci il tarixində ermənilərin Xocalı şəhərinə hücum edən zaman itkin düşməsi qeyd edilmişdir. Qeyd edilən məsələ ilə bağlı eyni məhkəmənin eyni şəxs barəsində məhkəmə qətnamələrindəki məlumatlarda ziddiyyətli məqamların olduğu müəyyən edilmişdir. Yəni ki, əslində hal-hazırkı iş üzrə məhkəmənin əsaslandığı Xətai Rayon Məhkəməsinin “şəxsin ölmüş elan edilməsi barədə” ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi də mübahisələndirilmiş və apellyasiya şikayəti verilmişdir. İddiaçı əri R.Kupriyevin 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində ekstremislər tərəfindən öldürüldüyü sənədlər əsasında öz təsdiqini tapdığı halda da, İddiaçı hal-hazırkı iş üzrə nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və hal-hazırda mübahisələndirilən Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**** nömrəli qətnaməsi əsassız olaraq qəbul edilmişdir. Məlumdur ki, iddiaçının hal-hazırkı iddia tələbi bir məqsədə - əri R.Kupriyevə görə şahid ailəsi üzvü kimi təqaüd almağa xidmət edir. İddiaçı iddia etdiyi kimi, R.Kupriyev Xocalı hadisələri zamanı vəfat etmiş olsaydı belə, onun şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan xəbərdar olduğu halda, 30 ildən çox vaxt keçdikdən niyə indi məhkəməyə müraciət etməsi halı belə sual yaradır. Çünki iddiaçı oğluna görə şəhid ailə üzvü kimi təqaüd alırdı və ona veriləcək güzəştlərdən artıq xəbərdar idi. Bu 30 il müddət ərzində iddiaçının hansı səbəbə məhkəməyə müraciət etməməsi, müvafiq təşkilatlarda (Qızıl Xaç Cəmiyyətində) əri barədə axtarış sorğusunun açılması üçün müraciətinin olmaması yaranmış şübhələri daha da gücləndirir. Qeyd edək ki, İddiaçı məhkəməyə verdiyi izahatlarda da qeyri-müəyyənlik özünü göstərir. Belə ki, o, öz ərizəsində 1985-ci il tarixdə qızı Fatimə Kupriyevanın doğulduğunu qeyd etsə də, Bakı şəhəri Xətai rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, ərizəsində qızının ##.##.1988-ci il tarixdə doğulduğunu qeyd etmişdir. Halhazırkı iş üzrə ərizəsində ##.##.1992-ci il tarixdə oğlunun və qızının həlak olduğunu bildirsə də, Xətai Rayon Məhkəməsinin icraatında olmuş *-****/**** nömrəli iş üzrə izahatında oğlu X13 1991ci ilin fevral ayında vəfat etdiyini qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsində qeyd olunur ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Lakin nəzərə alsaq ki, məhkəmə iddia tələbinin təmin edilməsi əsası kimi həm də şahid izahatlarına əsaslanır, sözügedən iş üzrə verilən şahid izahatlarında uyğunsuzluq və ziddiyyətlər mövcuddur. Bu isə, iş üzrə qəbul edilmiş yekun qətnamənin əsaslılığını birbaşa şübhə altına alır. Hal-hazırkı iş üzrə izahat verən şahid Mehrəliyev Əvəz İsa oğlu izahatında İddiaçı 1988-ci ildən tanıdığını qeyd etsə də, Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-2(011)-4922/2024 və *(***)-***/**** nömrəli işlər üzrə məhkəmə iclaslarında verdiyi izahatlarda İddiaçı 1989-cu il tarixdə Özbəkistandan gələn mesxeti türklərindən olduğunu bildirmişdir. Hal-hazırkı iş üzrə izahat verən şahid Mehrəliyev Musa İsa oğlu izahatında İddiaçı 1992-ci ildən tanıdığını qeyd etsə də, Xətai Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli iş üzrə məhkəmə iclasında verdiyi izahatda İddiaçı ilə 1988-cu il tarixdən qonşu olduqlarını bildirmişdir. Sadalanan faktiki hallara birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş və bu da işin hallarına uyğun olmayan məhkəmə qətnaməsinin qəbuluna gətirib çıxarmışdır. Bir daha aydın olur ki, təqdim edilən sübutlarla birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığı öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbulu üçün əsas olan halların aydınlaşdırılmaması və sübutlarla öz təsdiqini tapmaması maddi və prosessual hüquq normalarına zidd olan qətnamənin qəbulu ilə nəticələnmişdir. Həmçinin, birinci instansiya məhkəməsi çəkişmə prosesinin tərəflərin bərabərliyinə əsaslanan prinsipinə zidd olaraq, maraqlarına toxunduğu halda Mərkəzi Filialı məhkəmə icraatına cəlb etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

17. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı sonuncu məhkəmə iclasında, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi isə ümumiyyətlə məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının ## #### 2000-ci ilədək qüvvədə olan Nikah və Ailə Məcəlləsi:

Maddə 17. İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Maddə 48. Nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə, ailə qurmaq niyyəti olmadan nikah bağlandığı (saxta nikah) etibarsız sayılır. Maddə 51. Bu Məcəllənin 17-ci maddəsində göstərilmiş hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini, ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə, qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı var.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; Maddə 25.1. Bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan normanı tətbiq etməmiş, tətbiq etdiyi normanı səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir. 30.Əvvəla, iddiaçının hazırkı iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyıb. Çünki iddiaçı mərhum birinci əri Roman Kupriyevin 1989-cu ildə Özbəkistan Respublikasında öldürüldüyünü bilə-bilə, onun ##.##.1992ci ildə Xocalı soyqırımı zamanı itkin düşdüyünü iddia edib. Bu fakt, yəni Roman Kupriyevin 1989cu ildə Özbəkistan Respublikasında öldürülməsi işdə olan mötəbər sübutlarla, o cümlədən Mesxetitürklərinin “Vətən” cəmiyyəti tərəfindən verilmiş ##.##.2007-ci il tarixli ** nömrəli R.Kupriyevin 1989-cu ilin iyun ayında Özbəkistan Respublikasının Fərqanə vilayətinin Cuma rayonunda Fərqanə hadisələri zamanı həlak olmasına dair arayışı, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnamələri ilə, eləcə də sonuncu qətnamənin dəyişdirilmədən qüvvədə saxlayan Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə də təsdiq olunub.

31. Belə ki, ərizəçi İddiaçı ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ## ####### 1963-cü il təvəllüdlü X12 ölmüş elan edilməsi, qətnamənin qüvvəyə mindiyi gün Kupriyev Roman Əliyeviçin ölüm günü sayılması qət edilməsinə, bundan sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 11 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinin nəticə hissəsində “X12 ölüm günü qətnamənin qüvvəyə mindiyi gün sayılsın” sözlərinin, “##.##.1992-ci il tarixi Kupriyev Roman Əliyeviçin ölüm günü sayılsın” sözləri ilə əvəz edilməsinə baxmayaraq bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə ləğv edilərək ərizə rədd edilib, bu qətnamə də kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

32. Demək ki, iddiaçı İddiaçı X2 ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində ##.##.1994-cü il tarixdə nikah bağlamasına ## #### 2000-ci ilədək qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinin dispozisiya şərtləri maneə olmurdu. Başqa sözlə, iddiaçıya nə qeyd olunan, nə də ## #### 2000-ci ildən qüvvəyə minən Ailə Məcəlləsinin hansısa norması Azad Rzayevlə ikinci dəfə nikah bağlamasını qadağan etmirdi. İddiaçının Azad Rzayevlə rəsmi nikah bağlayıb 12 ildən artıq bir müddətdə nikahda qaldıqdan və 2006-cı ildə boşandıqdan sonra hazırkı iddia ilə ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir əsası ilə məhkəməyə müraciət etməsi isə anlaşılan olmamaqla yanaşı, hər bir halda xoş niyyətlə də olmamışdır.

33. Apellyasiya baxışı zamanı iddiaçı Azad Rzayevlə həqiqi nikah münasibətlərində olmadığını, xxxxnda stasionar müalicədə olarkən hansısa tibb işçisinin onu aldadaraq Azad Rzayevlə nikah bağlamasına dair sənədlərə qol çəkdirdiyini bəyan etsə də bu hal da şikayət verən şəxsin nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3n verdiyi *-**-**/*-*****/**** saylı, ## ###### 2025-ci il tarixli arayışda İddiaçı arxiv məlumatına görə xxxxnda müalicədə olmadığı təsdiqlənib. Üstəlik apellyasiya şikayəti verən şəxsin təqdim etdiyi iddiaçının erməni işğalı ilə əlaqədar aparılan cinayət işi üzrə ## ###### 2006-cı il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolundakı ifadəsində həyat yoldaşı X1 hal-hazırda müharibə əlili olduğunu, heç yerdə işləmədiyini göstərmişdir. Göründüyü kimi, iddiaçının bəyan etdiyi qeyd olunan hallar da göstərilən sənədlərlə tam təkzib olunur.

34. Göstərilənlərlə yanaşı, ## #### 2000-ci ilədək qüvvədə olan Nikah və Ailə Məcəlləsinin, nə də ## #### 2000-ci ildən qüvvəyə minən Ailə Məcəlləsinin nikahın etibarsızlığını və bunu tələb etmək hüququna malik olan şəxsləri nəzərdə tutan normalarının məzmunundan belə məna hasil olur ki, əslində ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında bağlanmış nikahın etibarsızlığını həmin nikahın bağlanması ilə hüquqları pozulmuş ər yaxud arvadın tələb etməyə ixtiyarı vardır. Başqa sözlə, sağ olmuş olsa idi, bunu iddiaçının mərhum birinci əri Roman Kupriyev istəsə idi tələb edərdi. Çünki bu cür etibarsız nikahla onun hüquqları pozulmuş olardı. Ancaq iddiaçı həm ikinci dəfə ərə getmək istəyib, bununla əlaqədar Azad Rzayevlə nikah bağlayıb və 12 ildən artıq onunla rəsmi nikah həyatı yaşayıb, sonradan isə hansısa məlum olmayan, əslində isə məlum olduğu bəlli olan səbəblərə görə birinci əri ilə nikahda olduğu üçün, ikinci əri ilə nikahın bağlanmasına yol verilmədiyini öyrənib bu iddianı irəli sürmək qərarına gəlib. Bir daha qeyd olunur ki, bu cür iddianın irəli sürülməsi əslində hüquqdan pis niyyətlə başqasına, konkret olaraq dövlət büdcəsinə zərər vurmaq məqsədi daşıyıb.

35. Beləliklə məhkəmə tərkibi hesab edir ki: qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınınapellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar