Məhkəmə qərarları › İş №2(001)-1147/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1147/2021

28.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1147/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx xxx 2020-ci il tarixdə 42 nömrə ilə Bakı şəhəri, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın etibarsız barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında olan nikah xx xxx 2020-ci il tarixdə 42 nömrə ilə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Nikahlarının qeydə alındığı vaxtdan yəni, xx xxx 2020-ci il tarixdən sonra ona məlum olmuşdur ki, cavabdeh onunla nikaha daxil olmaq niyyəti olmamışdır. Cavabdeh onu aldatmış və ailə qurmaq adı ilə onunla nikaha daxil olmaq üçün müxtəlif yalanlar uydurmuşdur. Bu səbəbdən aralarında nikah bağlanmasına baxmayaraq onlar birgə ailə münasibətlərinə daxil olmamış və heç bir əlaqələri olmamışdır. Bu günə kimi heç bir əmlak əldə etməmiş və birgə təsərrüfat aparmamışlar. Sadəcə formal kağız üzərində nikahları rəsmiləşmişdir. Bir-biri ilə ailə qurmaq fikirləri yoxdur və bu hər ikisinin qəti qərarıdır. Ona görə də hər ikisi eyni fikirdədirlər ki, aralarında formal olaraq bağlanmış nikah etibarsız hesab edilsin. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh əvvəllər bir dəfə nikahda olmuş, həmin nikahdan uşağı da dünyaya gəlmiş və sonra boşanmışdır. Lakin bu barədə iddiaçıya məlumat verməmiş, onu aldatmışdır. Bundan başqa, cavabdeh iddiaçıya bildirmişdir ki, onun üç otaqlı mənzili var və nikah bağlandıqdan sonra həmin mənzildə yaşayacaqlar. Sonradan məlum olmuşdur ki, onun mənzili yoxdur. Göründüyü kimi, cavabdehin iddiaçı ilə həqiqətən də ailə qurmaq niyyəti olmamış, cavabdeh iddiaçını aldatmış və bu da qanunvericiliyə əsasən nikahın etibarsız sayılması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, əvvəllər nikahda olmuş, sonra isə nikahı pozulmuşdur. Onun həmin nikahdan uşağı yoxdur. Onun iddiaçı ilə ailə qurmaq niyyəti olmuş, lakin ölkədə olan pandemiya ilə əlaqədar toylarını keçirə bilməmişlər, sonradan aralarında söz-söhbətlər yaranmış və münasibətləri korlanmışdır. Onar ailə qurduqdan sonra heç vaxt birgə yaşamamışlar. O, sürücü işləyir və ona məxsus daşınmaz əmlakı yoxdur. Buna baxmayaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 364937 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxx 2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qurbanov”, arvada isə “Əsgərova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx xxx 2020-ci il tarixdə tarixdə nikahlarını müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirmişlər. Hazırda iddiaçı, cavabdeh onu aldatdığı üçün nikahın etibarsızlığını xahiş edir, cavabdeh isə iddiaçı ilə ailə qurmaq niyyəti ilə nikaha daxil olduğunu bildirirək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və özünün deyil, cavabdehin ailə qurmağa niyyətinin olmadığını bildirərək nikahın etibarsızlığını tələb etsə də, cavabdehin ailə qurmaq niyyətinin olmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında cavabdeh də bildirmişdir ki, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərcaycan Respublikası Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi göstərilmişdir, nikahın etibarsız sayılması üçün əsaslar deyil. Həmin əsaslar məhz Ailə Məcəlləsinin 25.1-ci maddəsində dəqiq olaraq göstərilmiş və hazırki iş üzrə həmin əsasların mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar