Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1166/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə qarşı 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş onunla əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020-ci il tarixli 86 nömrəli əmrinin ləğv edilməsinə, onun sürücü vəzifəsinə işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə qarşı 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş onunla əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020-ci il tarixli 86 nömrəli əmrinin ləğv edilməsinə, onun sürücü vəzifəsinə işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 14.05.2010-cu ildən 01.10.2015-ci ilə kimi 73 saylı Yol İstismar İdarəsində sürücü, 01.10.2015-ci ildən 02.10.2020-ci ilə kimi 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü işləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. İşlədiyi müəssisənin rəhbəri 30.09.2020-ci il tarixdə ona digər sürücülər kimi idarə etdiyi avtomobillə cəbhə bölgəsinə getməli olmasını demiş, o, anasının xəstə olduğundan anasına dərman alması, evdəkilərlə halallaşması üçün 2 gün vaxt verilməsini xahiş etmişdir. 02.10.2020-ci ildə MMC-nin rəisi Elşən Cəfərov ona zor işlədib hədə-qorxu gələrək ərizə yazıb işdən çıxmasını ondan tələb etmiş, ərizə verməyəcəyi halda onu vətən xaini elan edib həbs etdirəcəyi ilə hədələmişdir. O, 4 uşağının taleyini fikirləşib ərizə yazmış, ərizəni yazan kimi, yəni 02.10.2020-ci il tarixdə onunla dərhal əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. O, bu hədə-qorxunun təsirindən özünə gələn kimi dərhal Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin sədrinə müraciət etmiş, lakin işdən öz ərizəsi ilə çıxması barədə sənədi təqdim edən MMC onu işə qaytarmaqdan imtina etmişdir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə müraciət etmək üçün müddəti də bu səbəbdən ötürmüşdür. Ona qarşı qərəzli, hədə-qorxu gəlmək istəyi o dərəcədə şiddətli olmuşdur ki, direktor onun əmək kitabçasını belə ona verməkdən imtina etmiş nəhayət çox saylı müraciətindən 1 il 1 gün sonra, yəni 03.11.2021-ci il tarixdə o, əmək kitabçasını imza edib rəsmi olaraq götürmüşdür. Ona görə də buraxılmış müddəti bərpa etməklə 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş onunla əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020ci il tarixli 86 nömrəli əmrinin ləğv edilməsinə, onun sürücü vəzifəsinə işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib, İddiaçı izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, MMC-nin direktoru iddiaçını işdən çıxararkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69 və 70-ci maddələrinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, ƏM-nin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindənl ləğv edilməsinin qaydası dəqiq göstərilmişdir. Həmin maddənin 3-cü hissəsində birmənalı olaraq göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər. Bu maddədə göstərilən 7 əsasın heç biri iddiaçıda olmamışdır. Bu da onu təsdiq və sübut edir ki, işəgötürən iddiaçını ərizə yazmağa məcbur etmiş, iddiaçıya qarşı zor işlətmiş, iddiaçıya hədə-qorxu gəlmiş və iddiaçını iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etmişdir. Hansı ki, bu hal ƏM-nin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən qadağandır. MMC-nin direktoru ƏM-nin 68-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddədə əmək müqaviləsinə xitam verilməsinin 6 əsası göstərilmişdir. Bu əsasların da heç biri mövcud olmamışdır. İddiaçıya qarşı qərəzli, hədə-qorxu gəlmək istəyi o dərəcədə şiddətli olmuşdur ki, direktor iddiaçıya əmək kitabçasını belə verməkdən imtina etmiş nəhayət çox saylı müraciətindən 1 il 1 gün sonra, yəni 03.11.2021-ci il tarixdə iddiaçı əmək kitabçasını imza edib rəsmi olaraq götürmüşdür. ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işə götürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı Mediasiya Şurasına müraciət etsə də, 26.11.2021-ci ildə cavabdehin təqsirindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı işdən azad olunduqdan sonra 62 dəfə müxtəlif dövlət orqanlarına müraciət etmiş, həmin müraciətlərin göndərilməsi barədə müvafiq xəbərnamələr və verilmiş cavablar məhkəməyə təqdim edilmişdir. Bu müraciətlər onu göstərir ki, iddiaçı üzürlü səbəbdən məhkəməyə müraciət etmək üçün müddəti ötürmüşdür. Ona görə də iddiaçı tərəfindən ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsinə, 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020-ci il tarixli 86 nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının sürücü vəzifəsinə işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə iddiaçıya əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin İ bəndinə əsasən əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı iddiasının əsası kimi işdən çıxarılma barədə ərizəni müddət gözlənilmədən işdən azad olunmasını göstərmişdir. Bu halla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci hissəsinin tələbinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı özünün də qeyd etdiyi kimi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş və işəgötürən də qanunvericiliyin tələbinə əsasən onu həmin gün işdən azad etmişdir. İddiaçı əsassız iddia qaldırmaqla yanaşı bu növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçının müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair vəsatətində qeyd olunanlar müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də iddia ərizəsinin əsassız olması və iddia müddətinin ötürlməsi ilə verilməsi səbəbindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X4 başlayanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən avtonəqliyyat vasitəsinin cəbhə bölgəsinə göndərilməsi qərara alınmışdır. Lakin sürücülər öz avtomobillərini özləri idarə etmək istədikləri üçün bu barədə müvafiq icazələr alınaraq onların müraciətləri təmin edilmişdir. Həmin vaxt İddiaçı anasının xəstə olmasını bildirib cəbhəyə getmək istəmədiyini bildirmişdir. O, İddiaçı anasının xəstə olması barədə tibbi arayış gətirməsini, bu barədə rəisə məruzə edəcəyini demişdir. Daha sonra ona məlum olmuşdur ki, İddiaçı işdən öz xahişinə əsasən çıxması barədə ərizə yazmışdır. İddiaçı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə 02.10.2020-ci il tarixdən xitam verilməsini yazdığından 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin 02.10.2020-ci il tarixli 86 saylı əmrinə əsasən 02.10.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə onunla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 24.05.2021-ci il tarixədək İddiaçı heç bir yerə şikayət etməmişdir. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir neçə işçisi məhkəməyə müraciət etdikdən sonra İddiaçı şikayət ərizələri ilə müxtəlif dövlət orqanlarına, daha sonra məhkəməyə müraciət etmişdir. Elşən Cəfərov ona zor işlədib hədə-qorxu gələrək ərizə yazıb işdən çıxmasını tələb etməsi, ərizə verməyəcəyi halda onu vətən xaini elan edib həbs etdirəcəyi ilə hədələməsinə dair İddiaçı iddia ərizəsində qeyd etdikləri həqiqət deyildir. Belə ki, 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən cəbhəyə göndərilməsi üçün yalnız avtomobillərin göndərilməsi tələb olunduğundan MMC-nin direktoru belə sözlər deməmiş və deyə bilməzdi. İddiaçıya əmək kitabçası 05.10.2020-ci il tarixdə təqdim edilsə də, iddiaçı özünə məxsus əmək kitabçasını qəbul etməkdən imtina etmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçının müraciəti əsasında aparılan araşdırmalar nəticəsində onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmadığı müəyyən edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə öz xahişinə əsasən xitam verildikdən sonra onun yerinə başqa bir işçi qəbul edilmişdir. Daha sonra MMC-nin istifadəsində olan nəqliyyat vasitələri işğaldan azad olunan ərazilərdə yeni yaradalan idarələrə göndərildiyindən MMC-də ixtisar aparılmışdır. Bu səbəbdən MMC-də boş iş yeri yoxdur. İddiaçının iddia tələbləri iddia müddətinin ötürülməsi səbəbindən də təmin edilməməlidir. Belə ki, iddiaçının vəsatətində qeyd olunan hallar müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Ona görə də iddia ərizəsinin əsassız olması və iddia müddətinin ötürlməsi ilə verilməsi səbəbindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Elşən Cəfərova ünvanladığı 02.10.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı 02.10.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş edir. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin 02.10.2020-ci il tarixli 86 saylı əmrindən müəyyən olunur ki, sürücü İddiaçı ilə 02.10.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 02.10.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı ilə 14.05.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsası ilə 02.10.2020-ci il tarixdə xitam verilmiş, bu barədə məlumat 02.10.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçı məxsus ******* seriyalı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 14.05.2010-cu il tarixli 14 saylı əmrlə 73 saylı YİM-ə ehtiyat sürücü vəzifəsinə işə qəbul edilmiş, 02.10.2020-ci il tarixli 86 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 02.10.2020-ci il tarixdən öz xahişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sürücüsü vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri A.Səfixanlının İddiaçı ünvanladığı 02.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı İddiaçı ərizəsində əmək münasibətini dayandırmaq istədiyi günü göstədirdiyindən ərizəsi nəzərə alınaraq MMC-nin 02.10.2020-ci il tarixli 86 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilərək onunla əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının ödənilməsi, ərizəsində qeyd olunan xüsusatların öz təsdiqini tapmadığı İddiaçı bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İddiaçı ünvanladığı 22.04.2021-ci il tarixli M-3/09-2708 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən əsassız olaraq işdən azad olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı təkrar müraciəti üzrə aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusatların öz təsdiqini tapmadığı, onunla 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC arasında əmək münasibətlərini tənzimləyən sənədlərə baxış keçirilərkən işdən azad edilməsi barədə ərizəsi əsasında cəmiyyətin 02.10.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İddiaçı ünvanladığı 23.07.2021-ci il tarixli M-3/02-5270 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən əsassız olaraq işdən azad olunmasına dair Azərbaycan Respublikası Prezidentinə və Birinci vitse-prezidentinə ünvanladığı təkrar müraciətinə baxılaraq pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin İddiaçı 2021-ci ilin mart ayında ünvanladığı məktubdan müəyyən olunur ki, əmək kitabçasını 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin inzibati binasına yaxınlaşaraq təhvil ala bilməsi, razılığı olduğu halda əmək kitabçasını poçt vasitəsi ilə ünvanına göndərilməsinin təmin ediləcəyi İddiaçı təkrar bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşları A.B.Məmmədova, N.A.Əlizadə, B.Ə.Abbasov, S.A.Cəfərova və H.H.Həsənov tərəfindən tərtib edilmiş 05.10.2020-ci il tarixli aktdan müəyyən olunur ki, həmin müəssisədə sürücü işləmiş İddiaçı 05.10.2020-ci il tarixdə əmək kitabçasının ona verilməsinə dair müraciət etmiş, əmək kitabçası və əmək kitabçasının qeydiyyat jurnalı ona təqdim olunsa da, İddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş, səbəbini müəssisənin ərazisinə və sexlərinə buraxılmaması ilə izah etmişdir. X6 Xidməti Bakı şəhər İdarəsinin 21.01.2022-ci il tarixli **********1 saylı məktubundan müəyyən olunur ki, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubda və əlavə olunmuş sənədlərdə İddiaçı əmək müqaviləsinə onun yazılı ərizəsinə uyğun olaraq 02.10.2020-ci il tarixli 86 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və 378,38 manat məbləğində son haqq-hesabının həmin gün kart hesabına köçürüldüyü bildirilmiş, müəssisənin təqdim etdiyi sənədlərdən İddiaçı əmək kitabşasının ona təqdim edilsədə qəbul etməkdən imtina etdiyi və bu barədə müvafiq akt tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru E.Ağayevin 27.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Malik Ağayevin və digər şəxslərin ərizəsində göstərilən hallar təsdiqini tapmadığından, yəni araşdırılmış xüsusatlarda cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və aidiyyəti şəxslərə məlumat verilməsi qərara alınmışdır. Binəqədi rayon prokurorluğunun müstəntiqi R.Gülməmmədlinin 13.01.2022-ci il tarixli qərarından müəyyən olunur ki, C-11-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmişdir. MMC-nin rəhbərliyi tərəfindən 30.09.2020-ci il tarixdə onlar Nasosnıya göndərilmişlər. Həmin vaxt Dilqəm adlı sürücü cəbhəyə getməkdən imtina etmiş, Kamil idarəyə zəng edərək anası ilə bağlı 1-2 gün vaxt verilməsini istəmişdir. Sonra o, Kamilin işdən çıxarılmasını eşitmişdir. 02.10.2020-ci il tarixdə o, Nasosnıda olmuş, iş yerində olmamışdır. Ona görə də Kamilin necə ərizə yazmasını görməmişdir. Kamil ona Ehtiyatın təzyiqləri nəticəsində işdən çıxdığını demişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmişdir. 30.09.2020-ci il tarixdə Kamil anası xəstə olduğu üçün ona 1-2 gün vaxt verilməsini xahiş etmiş, həmin gün Məzahirin və Elşənin Kamilə nə demələrini o, eşitməmişdir. 02.10.2020-ci il tarixdə Kamil həmkarların sədri Məzahirin, mexanik Nəsiminin ona hədə qorxu gəlmələrini, buna görə də ərizə yazaraq işdən çıxmasını ona demişdir. Bundan sonra o, Elşənin yanına getmiş Kamili işə qaytarmasını xahiş etmiş, Elşən ona “onu vətən xaini olaraq işdən çıxarmadığı üçün Kamilin şükür etməsini” demişdir. Həmin vaxt o, Elşənə Kamilin 4 uşağının olmasını, yaşının çağırışa düşmədiyini buna görə də, Kamili vətən xaini olaraq işdən çıxarmağın mümkün olmadığını demişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmişdir. 29.09.2020-ci il tarixdə MMC-yə dəvət olunmuşdur. 30.09.2020-ci il tarixdə Gəncədən gələn bütün avtomobilləri qaytarıb, lazım olmadıqlarını demişlər. Həmin gün Kamil anası xəstə olduğu üçün ona 1 həftə vaxt verilməsini xahiş etmişdir. Həmkarların sədri X9 avtomobilin açarlarını qoyub getməsini demişdir. 02.10.2020-ci il tarixdə o, işdə olmuş Məzahir və MMC-nin müdiri Elşənin kim cəbhəyə getməsə vətən xaini kimi işdən çıxarılacağını sürücülərə demələrinin şahidi olmuşdur. Elşənin həmin sözləri Kamilə deməsini o, görməmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmiş, ixtisara düşməsi nəticəsində işdən azad edilmişdir. 29.09.2020-ci il tarixdə o, da bütün sürücülər kimi MMC-nin ofisinə dəvət olunmuşdur. 30.09.2020-ci il tarixdə MMC-nin müdiri dəvət olunan bütün sürücülərə cəbhəyə gedəcəklərini demişdir. Həmin vaxt İddiaçı qarajın nümayəndəsinə anasının xəstə olmasını, anasına dava-dərman alacağını, sonra gələcəyini demişdir. 02.10.2020-ci il tarixdə o, cəbhədə olduğundan Kamilin necə ərizə yazmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, 3№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmiş, ixtisara düşməsi nəticəsində işdən azad edilmişdir. 29.09.2020-ci il tarixdə o, da bütün sürücülər kimi MMC-nin ofisinə dəvət olunmuşdur. 30.09.2020-ci il tarixdə MMC-nin müdiri dəvət olunan bütün sürücülərə cəbhəyə gedəcəklərini, getmək istəməyənlərin avtomobilin açarlarının vermələrini demişdir. Həmin vaxt İddiaçı anasının xəstə olmasını, iki gün ona vaxt verilməsini, anasına dava-dərman alacağını, iki gündən sonra gələcəyini demişdir. 02.10.2020-ci il tarixdə o, MMC-nin ofisində olmamış, İddiaçı ərizə yazmasını, MMC-nin müdirinin qəbulunda olmasını görməmişdir. MMC-nin müdirinin İddiaçı vətən xaini adı ilə hədələməsi barədə məlumatı o, İddiaçı özündən eşitmişdir. Yanvar ayının 22-də o, direktorun qəbulunda olarkən İddiaçı işə qaytarılmasını xahiş etmiş, direktor ona vəkil Talehin yanında “Kamil sağ ol desin ki, onu tutdurmamışam” demişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin 02.10.2020-ci il tarixli 86 saylı əmri ilə MMC-də sürücü işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.10.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən öz xahişinə əsasən çıxması barədə ərizəsini 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorunun hədə-qorxusu nəticəsində məcbur olub yazmasını, onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinin pozulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə təqdim etdiyi 02.10.2020-ci il tarixli ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş, işəgötürən ƏM-nin 69-cu maddəsinin tələblərinə əsasən işçi ilə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv etmək hüququndan istifadə edərək iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermişdir. Belə ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilmədiyi kimi, bu münasibətlərdə məcburi saxlanıla da bilməz. (ƏM-nin 42-ci mad.) Məhkəmə iddiaçının vətən xaini kimi məsuliyyətə cəlb edilə biləcəyi hədəsi altında ərizə yazmasına dair dəlili ilə bağlı sübutları araşdırıb bu dəlilin də əsassız olması qənaətinə gəlir. Əvvəla işəgötürənin işçini vətən xaini elan etmək, bu barədə hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa iddiaçı və bu halı təsdiq edəcək sübut növü olaraq iddiaçının vəsatəti əsasında dindirilən, cavabdehlə bağlanmış əmək müqavilələrinə xitam verilmiş şahidlərdən bir hissəsi hərbi əməliyyatlara cəlb edilməyən iddiaçının 30.09.2020-ci il tarixdə işəgötürəndən ona 2 gün vaxt verilməsini xahiş etməsini, iddiaçının hədə-qorxu nəticəsində ərizə yazması barədə məlumatın iddiaçının özünün sözlərindən onlara məlum olmasını, şahidlərin digər hissəsi isə MMC-nin direktorunun iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə iddiaçıya deyil, onlara deməsini bildirmişlər. Göründüyü kimi işəgötürəndən iki gün vaxt istəyən iddiaçı 02.10.2020-ci il tarixdə öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verməsinə dair ərizə yazarkən öz iradə ifadəsinə uyğun qərar vermişdir. İddiaçı iddia etdiyi kimi ərizə yazmağa məcbur olmuş olsaydı ərizəni iki gündən sonra deyil, elə 30.09.2020-ci il tarixdə yaza bilərdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 02.10.2020-ci il tarixli 86 saylı əmri verərkən cavabdeh əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işdən azad olunmasını 02.10.2020-ci il tarixdə bildiyi halda, iddia ərizəsi ilə məhkəməyə yalnız 24.12.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə iddiaçının buraxımış müddətin bərpa edilməsinə dair ərizəsinə, cavabdehin isə iddia tələblərinə iddia müddətinin təbiq edilməsinə dair ərizəsinə münasibət bildirib qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi, yəni cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının pozulmaması öz təsdiqini tapdığından, yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən qanunverici pozulan hüququn müdafiəsi üçün müddət müəyyən etdiyindən ərizələr əsassızdır, ona görə də təmin edilmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə qarşı 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş onunla əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020-ci il tarixli 86 nömrəli əmrinin ləğv edilməsinə, onun sürücü vəzifəsinə işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1166/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1166/2022
23.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver