Məhkəmə qərarları › İş №2(001)-1168/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1168/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1168/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 30 yanvar 2013-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Birgə nikahlarından 13 avqust 2012-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra 2018-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək yaşamışlar. Cehiz əşyaları da yaşadıqları həmin evdədir. Övladı 13 avqust 2012-ci il təvəllüdlü X1 rayonu, Poylu Ə/D, Poylu qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Övladı həmin əraziyə yaxın bir məktəbdə oxuyur. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan Cavabdeh onu dəfələrlə döyərək təhqir etmişdir. Cavabdehin ona göstərmiş olduğu təzyiq və şiddətlərə dözə bilməmiş, bu səbəbdən “nikahın pozulması, uşağın onun yanında saxlanılması və aliment” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 13 iyun 2023-cü il tarixli, 2(001)-2987/2023 saylı qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onu və övladını həmin evdən zorla çıxararaq çölə atmışdır. Hazırda valideynlərinin kirayədə yaşadıqları mənzildə yaşayırlar və həmin ünvandan övladının məktəbə gedib-gəlməsi çətin olacaqdır, bu isə onun təhsilindən yayınmasına gətirib çıxaracaqdır. Bundan əlavə olaraq ona və uşağına məxsus bütün əşyalar köçmək istədikləri evdə yerləşir, cavabdeh isə onlara geyim əşyalarını götürməyə belə icazə vermir. Mübahisə predmeti olan ev özbaşına tikilidir və hüquq müəyyənedici sənədləri mövcud deyildir. Valideynləri ilə yaşadıqları evdə övladı ilə birlikdə yaşamaqları üçün şərait yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırki şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladının da həmin şərtlər daxilində evdə yaşamaq hüquqları vardır. Həmin mübahisəli evdən öz iradəsinə əsasən çıxmamışdır. Mübahisəli tikili cavabdehlə birlikdə birgə nikah dövründə əldə edildiyindən, həmin tikilidə cavabdehlə birlikdə yaşadıqlarından və təsərrüfatı birlikdə idarə etdiklərindən, həmin mübahisəli evə onun və övladının yeganə yaşayış yeri olduğundan o, hesab edir ki, onun iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun və övladı 13 avqust 2012-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı bildirmişdir ki, cavabdehlə 2013-cü ildən rəsmi nikah münasibətlərində olmuşlar, 2018-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini – yarımçıq tikilini əldə etmişlər. 2023-cü ilin aprel-may ayınadək həmin mənzildə yaşamışdır, lakin aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz olmuşdur. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, həmin fərdi yaşayış evinin özbaşına tikili olmasını və cavabdehin övladı ilə birlikdə həmin fərdi yaşayış evinə köçmələrinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2987/2023 saylı 13 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İsayeva (Həsənova) Səidə Yunis qızı arasında 30 yanvar 2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində akt qeydləri kitabında 138 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladları 13 avqust 2012-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması və 13 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 205176 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 13 avqust 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1 ünvanında qeydiyyatsız yaşayır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mübahisənin predmetini özbaşına tikili təşkil edir. Özbaşına tikililərə istifadə hüququnu tənzimləyən maddi hüquq normaları nə mülki qanunvericilikdə, nə də mənzil qanunvericiliyində mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisəli evdə (mənzildə) 2018-ci ildən yaşadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlə 30 yanvar 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin 13 avqust 2012-ci il təvəllüdlü X4 adlı övladları vardır. Tərəflər 2018-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini – yarımçıq tikilini əldə etmişlər. İddiaçı 2023-cü ilin aprel-may ayınadək həmin mənzildə yaşamışdır, lakin aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddiaçının övladı ilə birlikdə həmin fərdi yaşayış evinə köçmələrinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İstər iddiaçı, istərsə də cavabdeh və onların övladları mübahisəli evdə əvvəllər normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onların həmin evdə yaşamaq hüquqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulması və cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsi ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının və övladının mənzil hüquqları pozulduğundan, onların başqa yaşayış sahəsinə malik olduqları iş materialları ilə təsdiq edilmədiyindən iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı övladı 13 avqust 2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı övladı 13 avqust 2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar