Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1169/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və digərilərinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin sistemə əlavə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin sistemə əlavə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2020-ci il tarixli, xxxxxxx000700 nömrəli əmək müqaviləsinə və Cavabdeh2 MMC arasında bağlanmış 14 mart 2020-ci il tarixli, xxxxxxx000800 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun AR ƏƏSMN yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xəbəri, razılığı olmadan, onunla yazılı qaydada əmək müqaviləsi bağlamadan MMC”lərin direktoru X3 iddiaçını xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-də kompyuterçi vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-də montajçı-texnik vəzifəsinə təyin edilmişdir. Qeyd olunan əmək müqavilələrinə xitam verilməsi ilə bağlı MMC-lərə və digər aidiyyəti qurumlara müraciətlər olunsa da, heç bir müsbət nəticə əldə edilmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuş və qətnamə icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, X2 həbs olunduğu müəyyən edilmişdir. Daha sonra bununla bağlı Penitensiar Xidmətə müraciət edilmiş və alınmış məktubdan müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Fərid Hüseynov 6 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Ona müəssisənin rəhbərliyi tərəfindən icra sənədi ilə bağlı məlumat verilsə də, o, MMC-lərin nə olduğunu, özünün də aldadıldığını, vətəndaşlarla heç bir müqavilənin bağlamadığını bildirmişdir. Bu səbəbdən də icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin təkrar icrası ilə əlaqədar AR ƏƏSMN-nə müraciət olunsa da, məhkəmə qətnaməsinin icra olunması onlara həvalə edilmədiyindən icrası mümkün olmamışdır. Əmək müqavilələrinin başqa qaydada ləğv edilməsi mümkün olmadığından iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatının dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən, Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə AR ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı ilə 13 mart 2020ci il və 14 mart 2020-ci il tarixli əmək müqavilələrinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. - AR ƏƏSMN yanında X4 Xidməti tərəfindən Nümayəndə verilən cavab məktubundan görünür ki, əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi məhkəmə qərarı əsasında AR ƏƏSMN yanında X4 Xidmətinə həvalə edildiyi halda icra oluna biləcəyi qeyd edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddiaçı X1 cavabdeh AR ƏƏSMN yanında X4 Xidmətinə qarşı “elektron qaydada qeydiyyata alınmış əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilmişdir, lakin əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi AR ƏƏSMN yanında X4 Xidmətinə həvalə edilmədiyindən məhkəmə aktının icrası mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 74cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilmədiyindən və bu hal iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1169/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1169/2024
18.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver