Məhkəmə qərarları › İş №2(106)-966/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-966/2025

25.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-966/2025 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: “xxxx” MMC Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında # ######## 2020-ci tarixdə əmək müqaviləsi bağlanaraq Cavabdeh MMC-də ekspeditor vəzifəsinə işə götürülmüş və # ###### 2021-ci il tarixdə Tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. MM*** saylı ## ###### 2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmiş və cavabdeh işdən azad edilmişdir. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı cavabdeh cəmiyyətə ümumilikdə 19731.43 manat məbləğində maddi zərər vurmuşdur. Bu barədə müəssisənin audit komissiyası tərəfindən # ###### 2022-ci il tarixli * saylı akt tərtib olunmuşdur. Lakin həmin akt tərtib edilən zaman cəmiyyətə dəymiş maddi zərərin məbləği texniki səhvə görə 18617.94 manat kimi qeyd edilmişdir. Dəfələrlə şifahi və yazılı formada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq Cavabdeh cəmiyyətə dəymiş maddi zərəri ödəməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəmənin müvafiq sorğusuna əsasən ərizə ilə məhkəməyə müraciət edilərək bildirilmişdir ki, cəmiyyətdə sifarişlər və mallar kağız-qaimələr üzərindən anbardan təhvil-təslim olunmur. Bu əməliyyatlar terminal vasitəsilə həyata keçirilir. Həmin terminallar “logix” proqramı vasitəsilə işlənmiş və həmin proqram təminatı vasitəsilə terminaldakı sifarişlər müvafiq qaydada müəssisənin anbarına ötürülmüş, anbardan həmin sifarişlər aidiyyəti qaydada götürülmüş, həmçinin geri qaytarmalar da həmin sistem üzərindən eyni qaydada yenidən anbara geri qaytarılmışdır. Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış # ######## 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh “xxxx” MMC-də ekspeditor vəzifəsinə işə təyin (qəbul) edilmiş və tərəflər arasında # ###### 2021-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Bundan başqa, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış # ######## 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin mübahisəsiz faktiki halları kimi qiymətləndirilməlidir. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı məhz Cavabdeh təqsirli hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından “xxxx” MMC-yə maddi zərərin dəyib-dəyməməsi, yəni işçinin işəgötürənə ziyan vurub-vurmaması kimi hal mülki işin mübahisəli faktiki halı kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası fərdi əmək mübahisəsi, yəni işçinin işəgötürənə vurduğu ziyandır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında, yəni işəgötürənlə işçi arasında formalaşmış hüquq münasibətlərinin əsasını əmək müqaviləsi, eləcə də işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti təşkil edir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, “xxxx” MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. # ###### 2022-ci il tarixdən etibarən ## ###### 2022-ci il tarixədək (bu dövrü əhatə edən...) Cavabdeh ilə bağlı “xxxx” MMC-nin məhsulların təhviltəslim aktının, satış fakturalarının, firma tərəfindən hər ay sonu aparılmış uçot sənədlərinin və Cavabdeh tərəfindən gündəlik götürülmüş və tərəfindən imzalanmış fakturaların” məhkəmə tərəfindən tələb edilməsinin əsas məqsədi cavabdehin mülki hüquq məsuliyyətinin əsasının və həddinin müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinə əsasən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtləndirilir. Lakin “xxxx” MMC məhkəməyə “malların anbardan kağızqaimələr üzərindən deyil, terminal vasitəsilə təhvil-təslim olunması, yəni bu əməliyyatların terminal vasitəsilə həyata keçirilməsi və həmin terminalların “logix” proqramı vasitəsilə sistemə işlənməsi barədə...” məlumatı təqdim etməklə, sübuetmə vəzifəsini yerinə yetirmiş hesab etmişdir. Məhkəmə “xxxx” MMC-nin * saylı 2# ###### 2022-ci il tarixli üzləşmə hesablaşma aktının və ekspert rəyinin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, akt və ekspert rəyi mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən işçinin işəgötürənə vurduğu ziyana görə Cavabdeh təqsirli olub-olmamasını müəyyən etmir, yalnız müvafiq olaraq texniki və xüsusi bilik tələb edən məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, “malların anbardan terminallar vasitəsilə təhvil-təslim olunması, yəni bu əməliyyatların terminal vasitəsilə həyata keçirilməsi və həmin terminalların “logix” proqramı vasitəsilə sistemə işlənməsi”, yəni elektron hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Bu kimi əməliyyatların elektron qaydada proqram vasitəsilə icra olunması təsərrüfat subyektinin özünün həyata keçirdiyi maliyyə-təsərrüfat fəaliyyətini yoxlamağa, eləcə də cəmiyyətin illik, maliyyə və vergi hesabatlarının düzgünlüyünü təmin etməyə xidmət edir. Hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhz işçi Cavabdeh təqsiri, hüquqa zidd əməli ucbatından işəgötürən “xxxx” MMC-yə maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, üzləşmə- hesablaşma aktı və ekspert rəyi iş üzrə hüquqi əhəmiyyət kəsb edən işçinin işəgötürənə vurduğu ziyana görə cavabdehin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. “xxxx” MMCnin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, “xxxx” MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə məhz Cavabdeh təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından cəmiyyətə maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, “xxxx” MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 2.1-ci, 2.3-cü, 3.16-cı, 287-ci və 288-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin # ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək olan dövr üzrə Cavabdeh ilə bağlı təqdim edilmiş terminal əməliyyatları, “Logix” proqramı vasitəsilə qeydə alınmış məlumatlar və digər elektron uçot sənədlərini sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından yetərli hesab etməməsi ilə razı deyildir. Bu mövqe həm faktiki hallara, həm də müasir hüquqi yanaşmalara uyğun gəlmir. Belə ki, “xxxx” MMC-də sifarişlərin verilməsi və malların təhvil-təslimi ekspeditorlara verilmiş terminallar və “Logix” proqram təminatı vasitəsilə aparılmışdır. Belə ki, hər bir ekspeditora ayrı-ayrılıqda təhkim olunmuş terminal vasitəsilə ekspeditor tərəfindən müvafiq sifarişlər təsdiq olunaraq “Logix” proqramında yaradılmış, həmin proqram təminatı vasitəsilə terminaldakı sifarişlər müvafiq qaydada müəssisənin anbarına ötürülmüş, anbardan həmin sifarişlər aidiyyəti qaydada götürülmüş və sifarişlər aidiyyəti qaydada ekspeditora təhvil verildikdən sonra onun adına yaradılmış elektron anbarda əks olunmuşdur. Tərəflər arasında üzləşmələr məhz bu elektron sistem üzərindən aparılmışdır. Bu səbəbdən də, Cəbrayıl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, təqdim olunmuş terminal əməliyyatları və “Logix” proqramında qeydə alınmış məlumatlar “xxxx” MMC-nin daxili normativ qaydalarına uyğun olaraq tətbiq olunan elektron mühasibat uçotu sisteminin tərkib hissəsidir və bu sistem kağız daşıyıcılarda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir və ya onların əvəzi kimi paralel fəaliyyət göstərməkdədir. Həmin elektron uçot sistemi vasitəsilə mal-materialların hərəkəti, sifarişlərin formalaşdırılması, təhvil-təslim əməliyyatları və inventar uçotu rəsmiləşdirilməkdədir. Şirkətin daxili prosedur qaydalarına əsasən mal-materialların hərəkəti, onların təhvil-təslimi və müvafiq əməliyyatların qeydə alınması bu sistem üzərindən həyata keçirilir. Məhkəmənin yalnız ənənəvi təhvil-təslim aktlarının və kağız fakturaların təqdim olunmamasına əsasən sübutetmə vəzifəsinin yerinə yetirilmədiyi qənaətinə gəlməsi köhnəlmiş yanaşmanı əks etdirir və texnologiyanın müasir tələblərinə uyğun deyil. Elektron daşıyıcılardakı məlumatlar da sübut qismində çıxış edə bilər və bu, həm beynəlxalq hüquq praktikasında, həm də yerli məhkəmə təcrübəsində qəbul olunmuş prinsipdir. Bu çərçivədə cavabdehin xidməti vəzifələrini yerinə yetirərkən istifadə etdiyi terminal cihazları və “Logix” proqram təminatı vasitəsilə sistemdə qeydə alınmış məlumatlar – yəni məhsulların götürülməsi, vaxt, məkan və istifadəçi kodları ilə birlikdə – onun konkret əməliyyatları şəxsən yerinə yetirdiyini, yaxud bilavasitə bu əməliyyatlara rəhbərlik etdiyini sübuta yetirən əsaslı sübutlar qismində çıxış edir. İddiaçı tərəf təqdim etdiyi texniki sənədlər, çıxarışlar və sistem qeydləri ilə cavabdehin malları təhvil almasını, bu əməliyyatların uçot sistemində qeyd olunmasını və onun tərəfindən xidməti terminaldan istifadə edilməsini əyani şəkildə sübut etmişdir. Bu məlumatlar, istər texniki baxımdan, istərsə də hüquqi əsaslandırma baxımından, ənənəvi kağız fakturaların funksiyasını tam şəkildə yerinə yetirir. Təqdim edilmiş sübutlara – o cümlədən, ekspert rəyi, keçirilmiş auditin nəticələrinə dair akt, terminal və Logix proqramı vasitəsilə qeydə alınmış uçot məlumatları, maliyyə çıxarışları və elektron sistem qeydlərinə lazımi prosessual qiymət verilməməsi qətnamənin əsaslılığını şübhə altına alır. Tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. ##.##.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən və Cavabdeh000500 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh “xxxx” MMC-də “ekspeditor” vəzifəsinə işə təyin edilmişdir. Cavabdeh000501 saylı ##.##.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh “xxxx” MMC-də sürücü “ekspeditor” vəzifəsinə işə təyin edilmişdir. “xxxx” MMC və Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. “xxxx” MMC və Cavabdeh arasında bağlanmış ##.##.2021-cü il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, “işçi” - Cavabdeh “işəgötürən” - “xxxx” MMC-də “ekspeditor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən” - “xxxx” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Cavabdeh0005X0 saylı ##.##.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”-“xxxx” MMCdə “ekspeditor” vəzifəsində işləyən “işçi”- Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2022-ci il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. *** saylı ##.##.2022-ci il tarixli əmrin surətindən görünür ki, “xxxx” MMC tərəfindən ekspeditorların apardığı satış və iadə əməliyyatlarının əhatəli üzləşməsini təmin etmək məqsədilə komissiya yaradılmışdır. ** saylı ##.##.2022-ci il tarixli “xxxx” MMC-nin “üzləşmə və hesablaşma aktı”nın surətindən dan görünür ki, “maddi məsul şəxs”- Cavabdeh tərəfindən 0# ###### 2022-ci il tarixdən etibarən ##.##.2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şəbəkə marketlər və “AL” marketlər şəbəkəsi ilə həyata keçirilmiş satış, iadə fəaliyyəti zamanı “işəgötürən”-“xxxx” MMC-yə ümumilikdə 18617.94 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair */**** №-li ## ###### 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 0# ###### 2022-ci il tarixli akt, ekspeditor Cavabdeh mağazalarda 0# ###### 2022-## ###### 2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli, həmin tarixlərdə market mağazalarına satış və satışdan geri üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisə cədvəlləri ## ##### 2022-ci il tarixli və ## ###### 2022-ci il tarixli yararsız malların hesabatına dair qaimələr, “xxxx” MMC və “xxxx” MMC arasında olan 0# ###### 2022-## ###### 2022-ci il tarixlərə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CDdisk və sair iş materialları tədqiq edilərək, “xxxx” MMC-də Cavabdeh 19732.14 manat məbləğdə çatışmazlığı aşkar edilmişdir. Qeyd: ekspertiza tədqiqatı zamanı “xxxx” MMC tərəfindən eskpertə təqdim edilmiş cəmiyyətin maliyyə dövriyyəsini əks etdirən “CD” diskdəki məlumatlardan istifadə edilmişdir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) manat məbləği təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** saylı ekspert rəyindən görünür ki, tədqiqat zamanı “xxxx” MMCyə aid “Logix” proqram təminatında ekspeditor “Cavabdeh” məxsus ##.##.2022- ##.##.2022-ci il zaman intervalında “pay” adı ilə yazılmış satışlara dair bütün məlumatlar seçilib, bir ədəd “DVD-R” ripli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. “xxxx” MMC-yə aid “Logix” proqram təminatında ekspeditor “Cavabdeh” məxsus ##.##.2022- ##.##.2022-ci il zaman intervalına aid “xxxx” MMC olan dövriyyə cədvəli, yəni satış və iadələrə aid bütün məlumatlar seçilib, bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Məlumat üçün bildirilir ki, "Logix" proqram təminatlarında yalnız admin səlahiyyətli şəxslər tərəfindən hər hansı dəyişiklər edilə bilir və həmin sonuncu dəyişiklər "Düzəliş edən" və "Düzəliş tarixləri” adlı sütunlarda öz əksini tapmışdır. "Logix" proqram təminatından əldə edilmiş bütün mağazalar üzrə "Satış" və "PAY" üzrə məlumatların olduğu cədvəlin "Düzəliş edən" və "Düzəliş tarixləri" adlı sütunlarında sonuncu dəfə düzəliş edən istifadəçinin adı və düzəlişin edildiyi tarix/zaman öz əksini tapmışdır. Tədqiq edilən "Logix" proqram təminatında ekspeditor "Cavabdeh" məxsus ****** saylı ##.##.2022-ci il tarixli və 000120 sayı ##.##.2022-ci il tarixli malların anbar sayımı zamanı yaranan fərq səbəbilə silinməsinə dair qaimələr seçilib, bir ədəd "DVD-R" tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan "Logix" proqram təminatında ekspeditor "Cavabdeh məxsus "xxxx” mağazalarına ##.##.2022-##.##.2022-ci il zaman intervalında satış və satışdan geriyə dair bütün məlumatlar seçilib, bir ədəd "DVD-R" tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin "Tədqiqat prosesinin təsvir hissəsinin 2-ci bəndində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, fərq məbləğinin hesablanması və maliyyə göstəricilərinin qiymətləndirilməsi məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat işi aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, ekspert qarşısında qoyulmuş sual üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** saylı ekspert rəyinə əsasən “xxxx” MMC-yə aid “Logix” proqram təminatında ekspeditor “Cavabdeh” məxsus 01.01.202- ##.##.2022-ci il zaman intervalında “pay” adı lə yazılmış satışlara dair, həmin zaman kəsiyinə dair “xxxx” MMC olan dövriyyə cədvəli, yəni satış və iadələrə aid, Mirzəlkiyev Pərvizə məxsus “xxxx” mağazalarına, eyni zaman intervalında satış və satışdan geriyə dair, habelə işdə olan mübahisəsiz bütün məlumatlar nəzərə alınmaqla - “pay” adı ilə yazılmış satışların dəyəri 3.227,55 manat, “xxxx” MMC məxsus satış üzrə 3054,62 manat, iadə üzrə 41.91 manat, “xxxx” mağazalarında satış üzrə 6378,95 manat, satışdan geri üzrə 1365,35 manat fərq yarandığı müəyyən edilir. Beləliklə Cavabdeh “xxxx” MMC-yə ödənilməli olan məbləğ yuxarıda qeyd olunan fərq məbləğləri və ##.##.2022-ci il tarixli Akt № *-ə əsasən maşın-anbar sayımı zamanı 6851,14 manat məbləğdə əksik mallar nəzərə alınmaqla cəmi 20.919,52 manat məbləğdə təşkil edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ƏM-in 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. ƏM-in 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-in 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. ƏM-in 199-cu maddəsinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. ƏM-in 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. ƏM-in 205-ci maddəsinin 2-ci bəndinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. ƏM-in 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə tərkibi ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Tərkib hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, maddi məsuliyyətin yaranması üçün yalnız ziyanın mövcudluğunun müəyyən edilməsi kifayət etmir. Bununla yanaşı, ziyanın konkret olaraq hansı şəxs tərəfindən, hansı qanunazidd hərəkət və ya hərəkətsizlik nəticəsində vurulduğu, həmin hərəkət və ya hərəkətsizliklə yaranmış zərər arasında səbəbli əlaqənin, habelə şəxsin təqsirinin mövcudluğu müəyyən edilməlidir. İş materialları ilə iddiaçının məruz qaldığı ziyanın mövcudluğu ekspert rəyi ilə müəyyən edilsə də, həmin ziyanın məhz Cavabdeh tərəfindən vurulmasını təsdiq edən mötəbər və yetərli sübutlar müəyyən edilmir. Belə ki, ziyanın cavabdehin konkret hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində yarandığını təsdiq edən maliyyə sənədləri və digər sübutlar iş materiallarında mövcud deyildir. Bu hal isə ziyanın məhz cavabdehin davranışı nəticəsində yarandığı barədə qəti nəticəyə gəlməyə imkan vermir. Bununla yanaşı, məhkəmə tərkibi həmçinin iddiaçının istinad etdiyi üzləşmə və hesablaşma aktı, habelə maliyyə sənədlərinə münasibətdə qeyd edir ki, həmin sənədlər yalnız çatışmazlığın mövcudluğunu təsdiq edir, lakin çatışmazlığın yaranma səbəbini, onun kim tərəfindən törədildiyini və cavabdehin bu nəticənin yaranmasında təqsirli iştirakını müəyyən etmir. Beləliklə, ziyanın mövcudluğu müəyyən edilsə də, onun məhz cavabdehin qanunazidd və təqsirli davranışı nəticəsində yarandığı sübuta yetirilmədiyindən, cavabdehin maddi məsuliyyətə cəlb edilməsi üçün zəruri hüquqi əsasların mövcudluğu müəyyən edilmir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Habelə “Qavazov Bolqarıstana” qarşı # #### 2008-ci il tarixli qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 150 (yüz əlli) manat məbləğdə pul vəsaitinin “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 150 (yüz əlli) manat məbləğdə pul vəsaitinin “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar