Məhkəmə qərarları › İş №e-2(3-6)-4556/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4556/2026

29.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4556/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı Iddiaçı Rəhim oğlu cavabdeh Cavabdeh MMC-yə qarşı əmək mübahisəsi üzrəixtisar kompensasiyasının natamam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Şikayət belə əsaslandırılmışdır ki, ##.##.2026 tarixli qərardadla iddia ərizəsi iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış əlavə edilmədiyi əsas gətirilərək baxılmamış saxlanılmışdır. Bildirir ki, mediasiya sənədinin iddia ərizəsinə əlavə olunmaması onun hərəkətsizliyi və ya səhlənkarlığı ilə bağlı olmamışdır. Belə ki, ##.##.2025-ci il tarixində MT-001-25-000006 nömrəsi ilə mediasiya müraciəti edib. Daha sonra məhkəmə icraatı zamanı mediasiya müraciətinin nəticəsinə dair rəsmi məlumatın əldə edilməsi məqsədilə ##.##.2026 tarixində Bakı * saylı Mediasiya Təşkilatına yazılı müraciət edib. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən ona verilmiş rəsmi cavabda bildirilmişdir ki, həmin təşkilat uzun müddətdir fəaliyyətini dayandırmış və ofisi bağlı olmuşdur. Bu səbəbdən mediasiya prosesi ilə bağlı məlumatların əldə edilməsində obyektiv çətinlik yaranmışdır.

5. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

9. Ərizəni baxılmamış saxlayan rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış əlavə edilmədiyindən iddia ərizəsinə baxılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda rayon məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi verilərkən, ərazi aidiyyəti qaydalarına riayət edilməmişdir. Belə ki, iddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı və s. tələblərə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etsə də, “AZEMIS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdehin hüquqi ünvanı Yasamal rayonu ərazisinə təsadüf edir.

10. Məhkəmə rayon məhkəməsinin mübahisələndirilən qərardadını əsassız hesab edərək aşağıdakıları qeyd edir.

11. Əvvəla, iş materiallarından müəyyən olur ki, iddiaçı Mediasiya Təşkilatına ##.##.2025-ci ildə müraciət etmişdir (səh.4). Iddiaçının ##.##.2026-cı il tarixli müraciətinə Bakı * saylı Mediasiya Təşkilatının cavab məktubundan müəyyən olmuşdur ki, təşkilat uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır, buna görə də iddiaçı mediasiya sessiyasının nəticəsi barədə arayış təqdim edə bilməmişdir.

12. Bununla bağlı qeyd edilməlidir ki, qeyd edilən əsasla iddia ərizəsini baxılmamış saxlamaq məsələyə həddən ziyadə formal yanaşma kimi dəyərləndirilə bilər.

13. Rayon məhkəməsi qərardadında iddiaçının iddia ərizəsini ərazi aidiyyəti qaydalarını pozmaqla verdiyini qeyd etmişdir.

14. Məhkəmə qeyd edir ki, MPM-in 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

15. Hazırkı işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən ərizə verilərkən ərazi aidiyyəti qaydalarına riayət edilməmişdir. Göründüyü kimi, rayon məhkəməsi icraatına qəbul etdiyi iş üzrə sonradan səlahiyyətli məhkəmə olmadığını müəyyən etmişdir. Buna baxmayaraq, səlahiyyətli olmayan məhkəmənin iş üzrə digər hallara qiymət verməsi, yəni ““Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə” əsası ilə iddia ərizəsini baxılmamış saxlaması, əsaslı olmamış, bu halda rayon məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir.

16. Belə ki, rayon məhkəməsi özü iddia ərizəsini aidiyyəti üzrə başqa məhkəməyə göndərməli idi. Eləcə də, hazırkı iddia ərizəsindən müəyyən olur ki, iddiaçının tələbi “ixtisar kompensasiyasının natamam ödənilməsi” olmaqla, əmək mübahisələrinə aiddir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məlum olduğu kimi iddia ərizəsinin baxılmamış saxlanılması həmin iddia müddətini kəsmir. Belə olan halda iddiaçının iddia ərizəsi ilə aidiyyəti üzrə digər məhkəməyə müraciət etməsinə qədər iddia müddəti ötürülə bilər, bu isə şəxsin “məhkəməyə çatımlıq” hüququna xələl gətirə bilər.

17. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsinin qərardadı əsassız olduğundan iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün rayon məhkəməsinə geri qaytarılmalıdır.

18. “X4rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.

19. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

20. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (X3 San Marinoya qarşı iş).

21. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, bu cür (olduqca formal və səmərəsiz) yanaşma, həm birinci instansiya məhkəməsinin öz mövqeyini əsaslandırarkən istinad etdiyi “Mediasiya haqqında” Qanunun güddüyü məqsədlər, həm də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə aşkar ziddiyyət təşkil edir.

22. Beləliklə, Kollegiya yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Səbail Rayon Məhkəməsinə göndərilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Iddiaçı Iddiaçı Rəhim oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və hazırkı qərardadda əks olunmuş hüquqi mövqeyə uyğun sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar