Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-117/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında müqavilənin bağlanmasını təsdiq edən sənəd qismində təqdim edilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin ona məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, vurulmuş mənəvi zərərin əvəzi kimi 7000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın, beləliklə cəmi 7100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X9 çoxmərtəbəli yaşayış binalarının tikintisi və binalarda yerləşən mənzillərin satışı ilə məşğul olmuşdur. İnşa etdiyi binalardan biri də təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1də inşa olunmuş və sakinlərin istifadəsində olan 11 mərtəbəli yaşayış binasıdır. Rövşən Rüstəmov 2011-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlak vərəsəlik yolu ilə iddiaçıya və qardaşı X1. O cümlədən, Rövşən Rüstəmovun "xxxx" MMC-nin nizamnamə kapitalında olan payını qanun üzrə vərəsəlik qaydasında iddiaçı və qardaşı qəbul etmişlər, bununla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Sözügedən binada yaşayan sakinlərin müqavilələri yoxlanılarkən cavabdeh faktiki olaraq istifadə etdiyi 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair iddiaçının atası ilə bağladığı müqavilənin surətini iddiaçının anası X7 təqdim etmişdir. Müqavilədə mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətləri müəyyən olunduğundan bununla bağlı iddiaçının anası hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin cavabdeh hüquq-mühafizə orqanlarına gəlməməklə, müqavilənin əslini təqdim etmədiyindən, müqavilə üzrə ekspertiza aparılması mümkün olmamış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının yaxınlarda aldığı məlumata görə cavabdeh 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair hər hansı əsl müqaviləyə malik deyildir və o texniki vasitələrlə saxtalaşdırılmış müqavilə əsasında həmin mənzildən qanunsuz istifadə edir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, mənzil onun tərəfindən qanuni əsaslarla əldə edilmişdir. Həmçinin, iddiaçı hazırki iddia ilə bağlı iddia müddətini ötürmüşdür. Sonda istər iddia tələbinin əsassız olmasına görə, istərsə də, iddia müddəti buraxıldığına görə iddianın rədd edilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, sözügedən müqavilənin əslini cavabdeh yalnız bu məhkəmənin gedişatı zamanı təqdim etmişdir. Bu vaxtadək iddiaçı tərəf müqaviləyə sonradan müdaxilə olunmasının müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etsə də, araşdırma zamanı cavabdeh özü nə iştirak etməmiş, nə də müqavilənin əslini təqdim etmədiyindən, iddia edilən saxtalaşdırmanı sübut etmək mümkün olmamışdır. Hazırda cavabdeh tərəfindən təqdim edilmiş müqavilə üzrə ekspertiza keçirilmiş, müəyyən edilmişdir ki, müqavilənin sonunda Rövşən Rüstəmovun adın qarşısındakı imza onun tərəfindən icra edilməmişdir. Həmçinin, müqavilənin sonunda “ödəmə” qrafasında 1-ci hissədəki imza Rövşən Rüstəmovun imzası deyildir, 2-ci hissədə ümumiyyətlə imza yoxdur və bu iki hissə müqaviləyə sonradan əlavə edilmişdir. 3-cü, 5-ci, 8-ci və 10-cu hissədəki imzalar Rövşən Rüstəmovun imzasıdır, qalan hissələrdə imza yoxdur və ya yararsızdır. Müqavilədə imza edilib möhürlə təsdiqlənməli 11 yer nəzərdə tutulmuşdur. Bunlardan 1-cisi müqavilənin bağlanmasını təsdiq edən, qalan 10 yer ödənişləri təsdiq edən yerlərdir. Müqavilənin sonunda 10 ödəmə qeydi var ki, bu qrafada yalnız 4 yerdəki imzanın Rövşən Rüstəmova məxsus olması müəyyən edilir. Qalan 7 yerdə ya imza yoxdur, ya saxtadır, ya da Rövşən Rüstəmovun öz imzası deyil, 2 yerdə isə yararsız olduğundan kimin imzası olduğu müəyyən edilmir. İş üzrə 2 dəfə ekspertiza keçirilmiş, ekspertizanın ilk rəyində müqavilənin sonundakı ödəmələr hissəsində 1-ci və 2-ci ödəmə qeydlərinin sonradan həmin hissəyə əlavə edilərək çap edildiyi göstərilmişdir. Bununla belə, 1-ci qeydin qarşısında Rövşən Rüstəmova məxsus möhürün olması qeyd edilmişdir. İkinci rəydə isə həmin iki ödəmə qeydlərinin qarşısında imzaların olmaması göstərilmişdir. Bundan başqa, birinci ekspert rəyində “ödəmə” qrafasında 6 ədəd yararsız möhür əksinin üst-üstə vurulduğu göstərilir. Halbuki 10 ədəd ödəmə qeydi mövcuddur. Möhürlərin kimə məxsus olmasınını müəyyən edilməməsi bir yana, möhürlərin sayı da heç 10 ədəd qeydin sayına uyğun gəlmir. Müqavilənin bağlanması qrafasından tutmuş, ödəmə qrafasına kimi saxtakarlıq əlamətləri mövcud olduğu halda müqavilə etibarlı sayıla bilməz. Digər tərəfdən, cavabdehin məlum müqavilənin əslini daha öncədən təqdim etməməsi nəticəsində iddiaçı əsəb-stress keçirmiş, beləliklə ona mənəvi zərər vurulmuşdur. İddiaçı bu zərərin əvəzi kimi cavabdehdən 7000 manat pulun onun xeyrinə tutulmasını tələb edir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etmədiyini, indiyədək polisə çağırılmadığını bildirmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirib, iddia müddəti və kəsici müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: - 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, 08 iyun 2011-ci il tarixdə vəfat etmiş X5 vərəsələri oğlu-X3 və qızı-İddiaçıdır və onların hər biri miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 paydan 1/4 irs almalıdır. - “Mülkiyyət hüququ haqqında şəhadətnamə”dən görünür ki, ünvan 1 ünvanında yerləşən yarımçıq tikili "xxxx" MMC-nin mülkiyyəti kimi 14 iyun 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Məhkəməyə təqdim edilmiş, "xxxx"nin rəhbəri kimi fiziki şəxs X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilədən görünür ki, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi nəzərdə tutulmuş, mənzilin cəmi dəyəri 102200 manat təşkil etmişdir. Müqavilənin sonunda Rövşən Rüstəmovun adının önündə imza və ona məxsus möhür izi mövcuddur. Həmçinin, müqavilənin sonunda “ödəniş” hissəsi mövcuddur, həmin hissədə : - xx.xx.2007 10000 AZN, - xx.xx.2007 13700 AZN, - xx.xx.2007 5000 AZN, - xx.xx.2008 2000 AZN, - xx.xx.2008 7000 AZN, - xx.xx.2008 5000 AZN, - xx.xx.2008 4500 AZN, - xx.xx.2008 10000 AZN, - xx.xx.2009 5000 AZN, - 21.11.2010 40000 AZN qeydləri mövcuddur. Mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli müvafiq rəyində göstərilmişdir ki: - 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5000 AZN”, “xx.xx.2008 7000 AZN”, “xx.xx.2008 10000 AZN” və “21.11.10 40000 AZN” əlyazmaları qarşısındakı imzalar X9 tərəfindən icra olunmuşdur. - Həmin müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10000 AZN” yazıları qarşısında əks olunmuş imza – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5000” və “xx.xx.2008 4500” əlyazmaları qarşısındakı imzalar tədqiqat üçün yararsız olduğundan həmin imzaların X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. - Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdurlar. - Həmin müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10000 AZN” yazısının qarşısında olan “AZƏRBAYCAN RESPUBLİKASİ X9” **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. - Həmin müqavilənin arxa tərəfində olan 1-ci sətirdəki “Ödəmə xx.xx.2007 10000 AZN” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13700 AZN” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdirlər. - Həmin müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri bir-birinin üzərlərindən vurulduğu üçün onlara aid olan ümumi və xüsusi əlamətlərini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 saylı rəyində göstərilmişdir ki: - 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasında imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10000 AZN” yazıları qarşısında əks olunmuş imza eyni şəxs tərəfindən icra olunmuşdur. - Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007-ci il 13700 AZN” yazıları qarşısında, “xx.xx.2008 2000 AZN” və “xx.xx.2009 5000” yazıları qarşısında imzalar yoxdur. - Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri və imzaların yerləşdiyi hissələrdə montaj əlamətləri müəyyən edilmədi. - Həmin müqavilənin arxa tərəfində olan möhür əkslərinn və imzaların sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığında ekspertlər qarşısında qoyulmuş “Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Hazırkı mübahisə üzrə tələb aşağıdakı hissələrdən ibarətdir: 1) ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında müqavilənin bağlanmasını təsdiq edən sənəd qismində təqdim edilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; 2) cavabdehin ona məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi; 3) vurulmuş mənəvi zərərin əvəzi kimi 7000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın, beləliklə cəmi 7100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yarımçıq tikili "xxxx" MMC-nin mülkiyyətindədir, cəmiyyətin nizamnamə kapitalından 18 pay mərhum X8 məxsus olmuş, 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən vərəsələri oğlu-X2 və qızı-İddiaçı hər biri miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 paydan 1/4 irs almışdır. Tələbin 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə aşağıdakıları nəzərə almağı vacib hesab edir: İlk növbədə qeyd olunmalıdır ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil (bağlanmayıb) əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məlum olduğu kimi mülki hüquqda əqdlərin ümumi etibarlılıq şərtləri ilə yanaşı bəzi əqdlər üçün xüsusi etibarlılıq şərtləri də müəyyən edilmişdir ki, bunlardan əqd üçün qanunla müəyyən edilmiş məcburi forma şərti və sərəncamverici əqdlər baxımından şəxsin sərəncam səlahiyyətli olmasıdır. İş materiallarında olan 19 noyabr 2007-ci il tarixli müqavilədən görünür ki, müqavilə "xxxx"nin rəhbəri fiziki şəxs X9 (İcraçı) və Cavabdeh (Payçı) arasında Binəqədi rayonu, 9cu mkr., H.Babaşov küçəsi 11-də yüksəkmərtəbəli yaşayış binasından mənzilə pay hüququnun əldə edilməsi barədə bağlanmış. Müqavilənin predmetini Binəqədi rayonu, 9cu mkr., H.Babaşov küçəsi 11-də yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi, mənzil üzrə ödənilməli qiymətin cəmi dəyəri 102200 manat olması nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında müqavilə "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən mülkiyyətində olan Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də yerləşən tikilidəki (doqquz mərtəbəli yaşayış binası) 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzillə bağlı olmuşdur ki, həmin mənzillə bağlı R. Rüstəmov tərəfindən hüquqi şəxsin adından deyil öz adından hər hansı əqd bağalamaq səlahiyyətinin olması müəyyən edilmir. Məhkəmə onu da vurğulayır ki, 19 noyabr 2007-ci il tarixli müqavilədə fiziki şəxs Rüstəmov Rövşən "xxxx"nin rəhbəri olması qeyd olunmuşdur. Müqavilənin predmetini isə "xxxx" MMC-nin mülkiyyətində olan binadakı mənzil təşkil edir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddələrinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir, o halda müqvilədə Rüstəmov Rövşən fiziki şəxs kimi deyil "xxxx" MMC-nin ali orqanı və nizamnaməsi ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində cəmiyyətin adından və onun mənafeyi baxımından çıxış etməli idi. Müqavilədən də göründüyü kimi imza "xxxx" MMC-nin qanuni təmsilçisi adından deyil fiziki şəxs adından icra olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfdən müqavilənin həm giriş, həm də predmet hissəsində “mənzilə pay hüququnun əldə edilməsi” və “mənzilin payçının istifadəsinə verilməsi” ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı halda məhdud məsuliyyətli cəmiyyətin 19 noyabr 2007-ci il tarixli müqavilədə nəzərdə tutulmuş formada “pay haqqının əldə edilməsi” də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddəllərində müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Eyni zamanda hüquqi şəxsin mülkiyyətində olan əmlakın onun üzvlərinin paylarına bölünməsi, pay haqlarının verilməsi qaydası və s. məsələlər təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti deyil kooperativ olan hüquqi şəxslərə aiddir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-111-ci maddələri). Həmçinin məhkəmə onu da vurğulayır ki, 19 noyabr 2007-ci il tarixli müqavilə üzrə cavabdehin sahiblik və istifadə hüququnun əmələ gəlməsi üçün sözügedən mənzilə dair əqdin notariat qaydasında təsdiq edilməsi də qanunvericiliyin tələblərindəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, 19 noyabr 2007-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlanmışdır. Bundan başqa, mübahisəli mənzil üzrə ödənişlərin də natamam və qüsurlu olması yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli və 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli rəylərlə təsdiq olunur. Məhkəmənin qənaətinə görə 19 noyabr 2007-ci il tarixli müqavilə etibarsız olduğundan Cavabdeh iddia tələbində göstərilən mənzildən istifadə etməsi əsassızdır və o, mənzildə olan əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia müddətinin və kəsici müddətin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşur ki, “İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyini, habelə iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə malik olduqdan sonra bildirilməsini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilimiş müddətlər (iddia və və kəsici) ötürülməmişdir. Tələbin mənəvi zərər hissəsinə dair qeyd olunmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 7000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilə etibarsız hesab edilməli, cavabdeh ona məxsus əşyalarla birlikdə sözügedən mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə, məhkəmə xərclərinə aid edilən ekspertizaların keçirilməsinə sərf edilmiş ümumilikdə 276 manat məbləğində pul vəsaitinin 138 manat hissəsi iddiaçıdan, 138 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzildən çıxarılsın, mənzil İddiaçı təhvil verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh (Nıdzat Akberov) tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci kimi 138 manat məbləğində pul vəsaiti Cavabdeh (Nıdzat Akberov), 138 manat məbləğində pul vəsaiti isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev